Ermənistan İqtisadiyyat Nazirliyi: “Məktəb və yol olmadan zavod tikmək mümkün deyil”- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan "Po-naşemu" hərəkatının koordinatoru Narek Karapetyanın "dövlət məktəb və yol deyil, zavod tikməlidir" fikrinə cavab verib. O bu iddianı "tamamilə cəhalət" adlandırıb. Papoyan bildirib ki, heç bir ölkə təhsil və infrastruktur yaratmadan zavod tikintisində uğur qazana bilməyib: "Dövlətin məktəb və yollar deyil, zavod tikməli olduğu barədə fikir tam cahillikdir. Dünyada heç bir ölkə məktəb və yol kimi baza infrastrukturunu yaratmadan zavod inşa edə bilməyib. Hətta belə 1-2 nadir hal olsaydı belə, həmin zavodlar ya tez bağlanardı, ya da savadsız işçiləri istismar edən milyarderlərin əlində qalardı". Qeyd edib ki, inkişaf etmiş ölkələrin əksəriyyəti əvvəlcə məktəblər, yollar və digər infrastruktur qurur, daha sonra bu mühitdə zavodlar yaranır. Papoyanın sözlərinə görə, Ermənistan da eyni yolu izləyir: "Biz məktəblər, bağçalar, yollar, su anbarları və digər infrastrukturu tikirik. Dövlətin yaratdığı bu şərait sayəsində daha sonra zavodlar açılır".
O həmçinin vurğulayıb ki, təhsilli insanı nə istismar etmək, nə də ucuz əməyə məcbur etmək mümkündür: "Savadsız, sosial baxımdan zəif insanı manipulyasiya etmək və hətta səs almaq belə mümkündür, amma məktəb görmüş vətəndaşın istismarına imkan yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31