Belçika hərbi obyektləri dron təhdidinə qarşı müdafiədə çətinlik çəkir- ÖZƏL
11:51 DünyaBelçika Silahlı Qüvvələri ölkənin hərbi obyektlərini pilotsuz uçuş aparatlarından (BPU) tam qorumaq üçün kifayət qədər resurslara malik olmadığını açıqlayıb. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Baş Qərargah rəisi, aviasiya generalı Frederik Vansina Le Soir qəzetinə verdiyi müsahibədə bildirib. Vansina qeyd edib ki, yaxınlarda Belçikanın hava məkanına qanunsuz daxil olan dronlarla bağlı araşdırmalar aparılır, lakin uçuş aparatlarının mənşəyini müəyyən etmək çətindir, çünki operatorlar onları uzaq məsafədən idarə edirlər. Generalın sözlərinə görə, BPU-lar yalnız ictimai nizamı pozmaqla kifayətlənməyib, eyni zamanda hərbi bazalardakı məlumatları kəşf edib düşmənə ötürmək potensialına malikdir.
Belçika Təhlükəsizlik və Daxili İşlər naziri Bernar Kventin isə Avropa İttifaqı ərazisində dronların qeydiyyat sisteminin yaradılmasını təklif edib. Bu sistem vasitəsilə dronların uçuşları real vaxt rejimində izlənə biləcək, təyyarələrin marşrut izləmə sisteminə bənzər bir funksionallıq təmin olunacaq.
Le Soir qəzetinin məlumatına görə, Belçika hava məkanına növbəti dron pozuntuları şənbə gecəsindən bazar gününə və çərşənbə axşamından çərşənbə gününə keçən gecələr baş verib. Müdafiə naziri Teo Frankena görə, həftəsonu Marsh-an-Famen hərbi bazasının üzərindən "dörd-beş dron" uçub. Baş Qərargah rəisi Vansina əlavə edib ki, bu BPU-lar 1-ci sinif (150 kq-dək) və ya 2-ci sinif (150-600 kq) kateqoriyasına aid ola bilər.