Ukrayna gündə səkkiz saata qədər enerji istehlakına məhdudiyyətlər tətbiq edib- ÖZƏL

Ukraynanın bütün bölgələrində enerji istehlakına gün ərzində səkkiz saata qədər məhdudiyyətlər tətbiq olunub. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin milli enerji şirkəti "Ukrenerqo" öz Telegram kanalında məlumat yayıb. Qurum bildirib ki, məhdudiyyətlər enerji infrastrukturunun zədələnməsi səbəbindən tətbiq edilir.
Məlumata görə, artıq səhər saatlarında Ukraynanın əksər vilayətlərində və paytaxt Kiyevdə fövqəladə elektrik kəsintiləri həyata keçirilib. Qrafik üzrə saatlıq elektrik kəsintiləri 08:00-19:00 aralığında qüvvədə olacaq. Eyni zamanda, həmin müddət üçün sənaye müəssisələrinə də güc məhdudiyyətləri tətbiq ediləcək. Ukraynada genişmiqyaslı, bir neçə saat davam edən işıqsızlıq halları oktyabrın 10-dan etibarən müşahidə olunur. Rəsmi orqanlar enerji şəbəkələrində və kommunal sistemlərdə ciddi zədələnmələrin baş verdiyini bildirirlər. Energetika naziri Svetlana Qrinçuk mövcud vəziyyəti "çox çətin" adlandırıb. Sonrakı günlərdə də müxtəlif bölgələrdən enerji infrastrukturuna yeni ziyanlar barədə məlumatlar verilib və bir çox ərazilərdə həm qəza, həm də planlı kəsinti qrafikləri tətbiq olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31