Vens: “Allahı ictimaiyyətdən silmək düzgün deyil”- ÖZƏL
10:59 DünyaABŞ vitse-prezidenti Cey Di Vens Amerika cəmiyyətində Allahın və kilsənin mövcudluğunun qorunmasının vacibliyini vurğulayıb və ölkədə tam sekulyarizasiya tendensiyasına qarşı çıxıb. Olaylar.az xəbər verir ki, Missisipi Universitetində sentyabr ayında həlak olmuş amerikalı mühafizəkar fəal Çarli Kirk tərəfindən yaradılmış Turning Point USA təşkilatının tədbirində çıxış edən Vens bildirib ki, ABŞ-ın "founding fathers" - ölkənin baniləri - dini tamamilə ictimai məkandan çıxarmaq niyyətində olmayıblar. "Bir mühüm prinsip var ki, onu unutmamalıyıq,müasir Amerikada olduğu kimi, Allahı ictimai məkanlardan tamamilə kənarlaşdırmaq lazım deyil. Bunu ölkənin baniləri istəmirdi. Bu, Amerika üçün yaxşı deyil. Kim sizə bunun Konstitusiyanın tələbidir deyirsə, yalan danışır," - deyə Vens çıxışında bildirib.
O qeyd edib ki, ABŞ Konstitusiyasının Birinci Düzəlişi kilsə ilə dövlətin tam ayrılması barədə deyil, Konqresin hər hansı dini dəstəkləməsinin qadağan olunmasından bəhs edir. Vitse-prezidentin sözlərinə görə, Ali Məhkəmə bu düzəlişi illərdir elə şəkildə şərh edir ki, dövlət qurumları "dini neytrallıq" adı altında kilsəni ictimai həyatdan uzaqlaşdırırlar. Vens bunu "ciddi səhv" adlandırıb. Cey Di Vens həmçinin ABŞ-ın xristian prinsipləri üzərində qurulduğunu və bu dəyərin qorunmasının vacib olduğunu qeyd edib: "Bu ölkənin xristian kökləri olduğuna səmimi şəkildə inanıram və hesab edirəm ki, bu, Amerika üçün bir nemətdir."