Trampın Si Cinpinlə danışıqları Baydendən daha effektiv ola bilər- ÖZƏL
10:01 DünyaABŞ prezidenti Donald Trampın Çin sədri Si Cinpinlə keçirdiyi görüşün nəticələri əvvəlki administrasiyadan daha uğurlu ola bilər. Olaylar.az xəbər verir ki, bu barədə amerikalı politoloq, Fox News kanalının beynəlxalq siyasət üzrə şərhçisi Liza Daftari açıqlama verib. Daftarinin sözlərinə görə, Si Cinpin "çox sərt və prinsipial danışıqlar tərəfdaşıdır" və Tramp da eyni xüsusiyyətlərə malik olduğundan, tərəflərin dialoqundan ABŞ üçün müsbət nəticələr gözləmək olar:
"Prezident Tramp güclü rəqib ilə qarşılaşıb. Biz elə bir nəticə əldə edə bilərik ki, bu, Amerika xalqının xeyrinə olacaq. Bayden dövründə belə imkanlar yox idi", - deyə o bildirib. Ekspert xüsusilə fentanil qaçaqmalçılığı ilə mübarizədə irəliləyiş olacağını gözləyir. Qeyd edək ki, ABŞ administrasiyası martın 4-də Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarını 20%-ə yüksəldib. Vaşinqton bu addımı Pekinin fentanil qaçaqmalçılığına qarşı kifayət qədər tədbir görməməsi ilə izah edib. Çin isə dəfələrlə narkotiklərlə mübarizədə ən sərt və ardıcıl siyasət yürüdən ölkələrdən biri olduğunu vurğulayıb.
Si Cinpin və Donald Trampın görüşü Cənubi Koreyanın Pusan şəhərində baş tutub və təxminən 1 saat 40 dəqiqə davam edib. Danışıqların əvvəlində Çin lideri ABŞ-la münasibətlərin ardıcıl və sabit inkişafının vacibliyini qeyd edib. O, həmçinin iki ölkənin nümayəndə heyətlərinin əsas ticarət-iqtisadi ziddiyyətlərin həlli üzrə baza razılaşmasına gəldiyini deyib. Tramp isə görüşü "əla" adlandırıb.
Qeyd edək ki, liderlərin son görüşü 2019-cu ildə Yaponiyanın Osaka şəhərində G20 sammiti çərçivəsində baş tutmuşdu.