Prezident Trampla görüşdə Çin sualtı qayıqlarını təhlükə kimi göstərməyib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Cae Myonun ABŞ lideri Donald Trampla görüşü ölkədə tərcümə və məzmunla bağlı müzakirələrə səbəb olub. Prezident Administrasiyası açıqlama verərək bildirib ki, Li Cae Myon görüş zamanı Çin sualtı qayıqlarını təhlükə kimi göstərməyib.
Məsələ prezidentin 29 oktyabr tarixli bəyanatı ilə gündəmə gəlib. Li Cae Myon ölkəsinin atom enerjisi ilə işləyən sualtı qayıqlara ehtiyacı olduğunu vurğulayaraq bildirib ki, dizel-elektriklə işləyən qayıqların imkanları məhduddur. Onun "Şimali Koreya və ya Çin tərəfindən gələn sualtı qayıqları izləmək imkanları məhduddur" sözləri yerli mətbuatda Pekinin hədəf alındığı kimi şərh edilib.
Lakin görüşdə ingiliscəyə edilən sinxron tərcümədə Çin və Şimali Koreyanın adı çəkilməyib. Tərcüməçi yalnız "digər ölkələrin sualtı qayıqlarının fəaliyyətini effektiv izləmək və qarşısını almaq mümkün deyil" ifadəsini işlədib. Bu isə Cənubi Koreya mediasının fikrincə, Trampda söhbətin Rusiya da daxil olmaqla başqa ölkələrdən getdiyi təəssüratını yarada bilərdi. Prezident Administrasiyası yaranan qalmaqala aydınlıq gətirərək bildirib ki, Li Cae Myonun fikirlərində konkret dövlətlər nəzərdə tutulmayıb. "Şimali Koreya və Çin istiqamətindən gələn sualtı qayıqlar" ifadəsinin coğrafi istiqamət mənasında işləndiyi vurğulanıb.
Tramp isə açıqlamasında Cənubi Koreyaya atom enerjisi ilə işləyən sualtı qayıqların inşasına icazə verdiyini təsdiqləyib və onların Filadelfiyada yerləşən, bir neçə il əvvəl Cənubi Koreyanın Hanwha Ocean şirkəti tərəfindən alınmış gəmiqayırma zavodunda tikiləcəyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31