Sümük xərçənginin də çarəsi tapıldı
19:39 DünyaAğrıkəsicilərin xərçənglə mübarizədə yeni potensialı aşkarlanıb.
Olaylar bildirir ki, ABŞ-nin Con Hopkins Tibb Məktəbinin alimləri bəzi ağrıkəsici dərmanların təkcə ağrını azaltmadığını, həm də xərçəng hüceyrələrinin böyüməsini ləngidə bildiyini müəyyən ediblər.
PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc olunan araşdırmaya görə, bupivakain və rimegepant adlı iki dərman sümüklərin ən aqressiv xərçəng növlərindən biri olan osteosarkomanın inkişafını zəiflədə bilər.
Təcrübələr göstərib ki, bu dərmanlar sinir hüceyrələri ilə şiş arasında siqnal ötürülməsini bloklayır və NGF və TrkA adlı zülalların fəaliyyətini pozur. Həmin zülallar normalda şişdə qan damarlarının və sinir uclarının böyüməsini stimullaşdırır. Siqnalların qarşısı alındıqda, həm ağrı azalır, həm də xərçəng hüceyrələrinin yayılması zəifləyir.
Alimlərin sözlərinə görə, bu nəticələr mövcud ağrıkəsicilərin xərçəngə qarşı müalicə vasitəsi kimi yenidən istifadəsi üçün yeni imkanlar açır. Gələcəkdə bu istiqamətdə aparılacaq araşdırmalar osteosarkoma və digər bənzər şişlər üçün ağrıkəsici və şişə qarşı təsiri birləşdirən yeni müalicə üsullarının yaranmasına səbəb ola bilər.