İsveçrə Aİ ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək- ÖZƏL

İsveçrə hökuməti Avropa İttifaqı ilə hərbi əməkdaşlığı daha strateji səviyyəyə qaldırmaq qərarına gəlib. Bu addım Avropada təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda atılır və ölkənin silahlı qüvvələrinin vaxtında təchiz olunması və müdafiə qabiliyyətinin gücləndirilməsini hədəfləyir.
29 oktyabrda Berndə keçirilən iclasda İsveçrə Federal Şurası Avropa Müdafiə Agentliyi ilə yenilənmiş əməkdaşlıq sazişini təsdiqləyib. Olaylar.az xəbər verir ki, hökumət bildirib ki, məqsəd Aİ ilə müdafiə sahəsində əlaqələri daha strateji səviyyəyə çıxarmaqdır. Saziş, Avropa Müdafiə Agentliyi ilə birgə layihələrdə, o cümlədən silah tədarükü, tədqiqat və inkişaf, texniki baxım, məlumat mübadiləsi və təlim sahələrində iştirak imkanlarını genişləndirəcək.
İlk dəfə 2012-ci ildə imzalanan sənəd İsveçrəyə Avropa Müdafiə Agentliyinin bir sıra layihələrində iştirak hüququ vermişdi, lakin sonrakı illərdə əməkdaşlıq sahələri tam əhatə olunmayıb. Yenilənmiş saziş bu boşluqları aradan qaldıracaq, həmçinin sənaye əməkdaşlığı və proqramlarda iştirak prosedurlarını dəqiqləşdirəcək.
İsveçrə həmçinin NATO ilə əlaqələrini möhkəmlətməkdə davam edir, hərbi təlimlərdə iştirak edir və ordusunun əməliyyat uyğunluğunu artırır. Nəzərə almaq lazımdır ki, İsveçrə həm Aİ-yə, həm də NATO-ya üzv olmamasına baxmayaraq, neytral statusunu qoruyaraq, Rusiyaya qarşı Aİ sanksiyalarını dəstəkləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31