Antarktida ilə bağlı HƏYƏCAN TƏBİLİ: Təhlükəli proses BAŞLAYIB
14:21 Dünyaİspaniyanın Antarktida üzrə elmi ekspedisiyası okean dibindən çıxan misilsiz miqdarda metan qazı emissiyalarını qeydə alıb.
Olaylar.az xəbər verir ki, tədqiqatçılar karbon qazından 30 dəfə daha güclü istixana təsirinə malik metanın Antarktida yarımadası boyunca güclü şəkildə sızdığını müəyyən ediblər.
Məlumata görə, 12 yanvar tarixində "Sarmiento de Gamboa" elmi gəmisinin apardığı müşahidələr zamanı 700 metr uzunluğunda və 70 metr enində metan axınları qeydə alınıb.
Alimlərin fikrincə, bu qaz təxminən 20 min il əvvəl orqanik maddələrin parçalanması nəticəsində yaranıb və indi dəniz dibindəki metan hidratlarının parçalanması nəticəsində azad olunur.
Mütəxəssislər bildirirlər ki, bu proses qitənin buz örtüyünün əriməsi və postbuzlaşma dövründə yuxarı qalxması ilə əlaqədardır.
Açılan fakt elmi dairələrdə ciddi narahatlıq yaradıb. Hesablamalara görə, regiondakı metan hidratlarında təxminən 24 giqaton karbon toplanıb, bu isə bəşəriyyətin iki illik emissiyasına bərabərdir.
İndiyədək bu miqyasda metan sızmaları yalnız Arktika bölgəsində müşahidə edilirdi.
Alimlər xəbərdarlıq edirlər ki, metan hidratlarının parçalanması dəniz çöküntülərini qeyri-sabitləşdirə, nəticədə sualtı sürüşmələrə və hətta sunamilərə səbəb ola bilər. (Musavat.com)