Sarkisyan: Qərbin susqunluğu Ermənistan hakimiyyətinə dəstək deməkdir – ÖZƏL
12:22 DünyaErmənistanın üçüncü prezidenti Serj Sarkisyan Qərb və beynəlxalq təşkilatların ölkəsində baş verən hadisələrə münasibətdə göstərdiyi susqunluğu hakimiyyətə dəstək kimi qiymətləndirib.
Olaylar.az xəbər verir ki, o, bu barədə Antikorrupsiya Məhkəməsində keçirilən iclasdan əvvəl jurnalistlərə açıqlama verib.
Sarkisyanın sözlərinə görə, Ermənistanın məhkəmə sistemi tamamilə siyasiləşib və bütün qərarlar bir şəxsin iradəsindən asılıdır. O bildirib ki, Masis icmasının rəhbəri David Ambarcumyanın işi buna bariz nümunədir - məhkəmə prosesində onun guya törətdiyi cinayətlərlə bağlı ciddi sübutlar təqdim edilməsə də, 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib və hökm amnistiyaya düşməməsi üçün hesablanıb.
Sarkisyan əlavə edib ki, Qərb rəsmilərinin "demokratiya" anlayışı Ermənistanda baş verənlərlə üst-üstə düşmür.
Qeyd edək ki, Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası baş nazir Nikol Paşinyana etimadsızlıq göstərmək niyyətindədir. Partiya bu çərçivədə David Ambarcumyanı baş nazir postuna namizəd kimi irəli sürüb. Ambarcumyana qarşı 2018-ci ildə etirazçılara qarşı silah işlətmək və iğtişaşlar təşkil etmək ittihamları irəli sürülüb.