"Melissa" qasırğasından sonra Yamayka fəlakət zonası elan edildi
10:34 DünyaYamaykanın Baş naziri Endrü Holness "Melissa" qasırğasından sonra ölkəsini fəlakət zonası elan edib.
Olaylar.az xəbər verir ki, Holness bunu oktyabrın 28-də "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.
Baş nazirin postunda deyilir: "Yamayka fəlakət zonası elan edilib".
O qeyd edib ki, təbii fəlakətin səbəb olduğu fövqəladə vəziyyətlə əlaqədar qiymət artımlarının qarşısının alınması haqqında fərmanının müddəti uzadıb.
Habelə bildirilib ki, qasırğa səbəbindən Yamaykada yüz minlərlə insan işıqsız qalıb.
"Melissa" səbəbindən ölənlərin sayı yeddi nəfərə çatıb: üç nəfər Yamaykada, üç nəfər Haitidə və bir nəfər Dominikan Respublikasında həlak olub. Rəsmilərin sözlərinə görə, təxminən 15 min yamaykalı fövqəladə sığınacaqlara yerləşdirilib.
Yamaykanın cənub-qərbinə əhəmiyyətli dərəcədə ziyan dəydiyi bildirilir: məktəblər, evlər və xəstəxanalar qasırğadan zərər çəkib, habelə Müqəddəs Yelizaveta kilsəsi su altında qalıb.
Hazırda "Melissa" Kubaya doğru hərəkət edir. Qasırğanın ölkənin cənub-şərqində gecə saatlarında quru əraziyə keçəcəyi gözlənilir. Kubaya təxminən 50-76 santimetrə qədər yağıntı düşəcəyi və bunun təhlükəli daşqınlara və torpaq sürüşmələrinə gətirib çıxaracağı ehtimal edilir.
Milli Qasırğa Müşahidə Mərkəzinin məlumatına görə, "Melissa" qasırğası Kubanın Quantanamo adasından təxminən 260 km cənub-qərbdə yerləşir. Küləyin maksimum sürəti 205 kilometr-saat təşkil edir. (Oxu.Az)