ABŞ Rusiyaya qarşı yeni sərt sanksiyalar tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sərt sanksiyalar tətbiq edəcək.

Musavat.com xəbər verir ki, bunu Bloomberg-ə ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker deyib. Onun sözlərinə görə, bu sanksiyalar Vladimir Putini Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar aparmağa məcbur edəcək: "Biz bu sanksiyaları tətbiq etdik. Biz onlara riayət etməyi planlaşdırırıq".

Qeyd edək ki, ötən həftə ABŞ Maliyyə Nazirliyi Rusiyanın neft nəhəngləri Rosneft və Lukoyl-a qarşı sanksiyalar tətbiq edib. Bu, Trampın vəzifəyə başlamasından bəri Rusiyaya qarşı ilk böyük maliyyə sanksiyaları paketi idi: "Bəlkə də bu, Putini danışıqlar masasına oturmağa və bu müharibəyə son qoymağa, ya da heç olmasa atəşkəs bağlamağa məcbur edəcək ki, biz yekun həll yolu barədə razılığa gələ bilək".

ABŞ-ın NATO-dakı səfirinin sözlərinə görə, bu, yalnız başlanğıcdır: "Prezident Tramp bütün kartları əlində saxlayır və bu, onun oynadığı kartlardan yalnız biridir. Bir çox başqa kartlar da var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31