Xamelion cildinə girmiş Ermənistan Avropada çətir axtarışında- ŞƏRH

Avropa Ermənistanın hərbiləşdirilməsinə dəstək verir

Aylar keçir, illər ötür, Ermənistan-Azərbaycan münaqişəsinin həlli məqsədilə formatlar yaradılır, yeniləri ilə əvəz olunur, lakin problemin həlli "dayaq nöqtəsi"ndən tərpənmir ki, tərpənmir. Mövcud status-kvo kimlərəsə sərf edir, kimlərsə regionda əmin-amanlığın təmin olunması üçün öz töhfəsini verməyə tələsir. 44  günlük  müharibə  ilə  30  il  işğal  altında  olan  torpaqlaını  azad  edən  Azərbaycan tərəfinin xoşməramlı, səmimi sülh təkliflərinin üzərindən qara xətt çəkən, illərdir ki, "ipə-sapa yatmayan" Ermənistan artıq dünyanın güc mərkəzlərinin əlində ucuz bir alətə çevrilib. Ermənistan vasitəsilə regionda pay qoparmaq arzusuna düşən Avropanın "başbilənləri" min cür hoqqadan çıxırlar ki, özlərini səmimi vasitəçi kimi qələmə versinlər. Çox təəssüf ki, onların imperialist xarakteri ədaləti və beynəlxalq hüququ  üstələyir. Maraqlı məqam ondan ibarətdir ki, imperialist xislətini boğa bilməyən, dünyada irqi, dini, milli ayrıseçkiliyi  tuğyan etdirməklə yaddaşlara hopan Avropa dövlətlərinə okeanın o tayından də dəstək gəlir. Guya ABŞ və Avropa dövlətləri, onların milli və dövlət maraqlarının təmsilçisi olan beynəlxalq təşkilatlar bir araya gələrək  Ermənistanla Azərbaycan arasında ədalətli, davamlı sülh müqaviləsinin bağlanmasına nail olacaqlar. Ancaq reallıq ondan ibarətdir ki, tısbağa, kəsəyən, ahu və qarğa cildinə girmiş bu təsissatlar öz dövlət maraqlarından kənara çıxa bilmirlər. Lakin elə görüntü yaradırlar ki, guya münaqişəni birdəfəlik və kökündən həll etmək üçün dəridən-qabıqdan çıxırlar. Əslində isə Cənubi Qafqaz xəzinəsindən daha çox pay əldə etmək niyyətində olan bu dövlətlər format, görüş və məkan məsələsində tərəfləri özlərinə  tərəf  çəkməyə çalışırlar. Elə aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü buna əyani misaldır. Qətiyyətlə demək olar ki, bu dövlət nümayəndələrinin məqsədi sözügedən təmsilin ictimai məzmununda deyildiyi kimi "tora düşmüş ahunu" azad etmək yox, öz məkrli niyyətlərini reallaşdırmaqdır. Təsəvvür edin ki, hələ XIX əsr Azərbaycan realist poeziyasının görkəmli yaradıcılarından olan Qasım bəy Zakir öz dövründə belə ikiüzlü varlıqları "sədaqətli dostlar" haqqında təmsilində ifşa etmişdi. İndi də eyni proses, eyni münasibət davam edir. Məlumata görə, 5 aprel 2024-cü il tarixində Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanması planlaşdırılır. Həmçinin Aİ-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsi nəzərdə tutulur. Bu,  isə regionda üçtərəfli hərbi ittifaqın qurulduğu təəssüratını yaradır.
Aydındır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşündə ədalətli nəticənin əldə olunacağını gözləmək sadəlövlük olardı. Çünki, sözdə bir, əməldə başqa cür görünən Avropa siyasətçilərinin məqsədi sülh sazişindən belə divident əldə etməkdir. Dəfələrlə şahidi olmuşuq ki, bağlı qapılar arxasında Ermənistan rəhbəri ilə əldə olunan sövdələşmə masa ətrafında Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunub. Daim  Azərbaycanın güzəştə getməsinin tərəfdarı olan bu format Ermənistanın təhlükəsizliyinin qarantı kimi çıxış edib. Halbuki Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bütün beynəlxalq tribunalardan bəyan edib ki, Azərbaycanın Ermənistana qarşı torpaq iddiası və bu ölkəyə hücum planı yoxdur. Buna baxmayaraq, bu üçlük formatı "bir güllə ilə iki dövşan vurmaq" niyyətini ortaya qoyub. Məlum məsələdir ki, Avropa və ABŞ-nin  sülh prosesinə belə tez-tez müdaxilə etməsində məqsəd  Rusiya və Türkiyəni prosesdən uzaqlaşdırmağa hesablanıb. Artıq  Ermənistanın Avropa İttifaqına üzv olacağı vədilə Rusiyaya qarşı çevrilməsi göz önündədir.  Nəzərə almaq lazımdır ki, Vaşinqton baş tutacaq görüşün "Bakı və İrəvan arasında sülh danışıqlarına aid" olduğunu, rəsmi İrəvan isə "üçüncü tərəfə qarşı olmadığını" desə də, uzun illərdən bəri Brüsseldə Ermənistanın "təhlükəsizliyinin gücləndirilməsi" adı altında hərbi paktın əldə edilməsinin planlaşdırıldığı haqda məlumatlar dolaşmaqdadır. Məhz bu səbəbdən Azərbaycan tərəfi gözlənilən görüşün nəticələrindən narahat olmaya bilməz. Elə bu səbəbdən Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Bu dəfə də Azərbaycan Xarici İşlər Nazirliyinin "Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir" açıqlaması təsadüfi verilməyib. Görünür rəsmi Bakı sözügedən görüş, müzakitə olunacaq məsələlər, Ermənistanla əldə olunacaq razılaşmalar barədə kifayət qədər məlumata malikdir. Nəzərə almaq lazımdır ki, hazırda Ermənistan xamelion cildinə girərək istənilən dəvlət və təşkilatdan özünə çətir kimi istifadə etməyə hazırdır. Dövlət olaraq özünü hərraca qoyan Ermənistan  Avropanın istənilən təklifinə gedə bilər ki, təki kimlərinsə vassalına çevrilsin. Paşinyanın isə məqsədi daha təhlükəlidir, nəyin bahasına olursa olsun, hakimiyyət kreslosuna sahib olsun. Odur ki, Azərbaycan dövlət və milli maraqlar naminə istənilən təzyiq və təhdidləri dəf etməyə hazır olmalıdır.

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31