Türkiyə seçkiləri, nəticələr və gözləntilər

Türkiyə Respublikası müasir tarixinin həlledici məqamını yaşayır. Tarixi baxımdan Osmanlı dövlətinin süqutunun başlanğıcını qoyan II Abdülhamit xanın hakimiyyətdən uzaqlaşdırılması ilə əlaqəlindirilən hazırkı hadisələrin mahiyyətcə kökündə dayanan amillərin eyniliyi Türkiyənin beynəlxalq əhəmiyyətinin göstəricisidir. Türkiyə növbəti Prezident və millət vəkili seçkilərinin agiotajını yaşayır.

Qardaş ölkədə baş tutan seçkilərin ilk turu və mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinsi turu barədə fikirlərini bölüşən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, seçkilərə partiyalar dörd ittifaq şəklində qatıldı. Bunlardan briincisi,.AK partiya və MHP-nin başında dayandığı, BBP (Böyük Birlik Partiyası), Yenidən Rifah Partiyasının "Cümhur İttifaqı". HÜDAPAR (Hür Dava Partiyası) isə AK partiya siyahılarından millət vəkilliyinə namizəd göstərməklə seçkilərə kənardan dəstək verəcəyini bildirdi. Prezident seçkilərindəki namizədləri R.T.Ərdoğan oldu: "İkincisi, CHP, İYİ partiya, Səadət partiyası (SAADET), Demokrat Partiyası (DP), Demokratiya və Atılım Partiyası (DEVA), Gələcək Partiyası "Millət İttifaqı" adı altında seçkiyə qatıldı. "Yaşıl Sol Partiya" adı ilə HDP isə onlara dəstək verəcəyini açıqladı. Prezidentliyə namizədləri Kamal Kılıcdaroğlu oldu.  Zəfər Partiyası, Ədalət Partiyası və Ölkəm Partiyası və Türkiyə İttifaqı Partiyası ilə "Ata İttifaqı" adı altında seçkiyə qatıldı. Prezidentliyə namizədləri Sinan Oğan oldu. Məmləkət Partiyası isə Muhəərəm İncə rəhbərliyində seçkilərə qatıldı. Amma seçkilərə bir neçə gün qalmış namizədliyi geri götürdü. Seçkilərdə 87 faiz ilə millət vəkilliyinə 54 milyon 442 min, Prezident seçkisinə isə 54 milyon 795 min keçərli səslə Türkiyə vətəndaşları iştirak etdilər.  Millət vəkili seçkilərini "Cümhur İttifaqı" 49 faizlə və 322 millət vəkili yeri əldə etməklə ilk yerdə bitirdi. "Millət İttifaqı" 35 faizlə, "Ata İttifaqı" isə 10,5 faizlə başa vurdular.  Prezident seçkilərini 2 milyon 520 min səs fərqi ilə öndə başa vuran "Cümhur İttifaqı"nın namizədi R.T.Ərdoğan 49,5 faiz, 27 milyon 133 min səs topladı. K.Kılıcdaroğlu 44,9 faiz, Sinan Oğan 5,2 faiz səslə başa vurdular. Amma 50+1 baryerini keçə bilməyən namizədlərin ilk ikisi II turda bir daha yarışacaqlar."

Azər Qasımov deyir ki  ilk baxışda statistik göstərici və ittifaqların olduğu demokratik bir seçki kampaniyası gözlər önündə canlansa da, rəqəmlərin və ittifaqların soyuq görüntüsü seçki prosesinin qaynar məntiqini kənara qoymur: "Türkiyə Respublikasının siyasi arenası 21 illik R.T.Ərdoğan idarəçiliyinin ölkədə formalaşdırdığı gerçəkləri qəbul edənlərlə etməyənlər arasında həyatı əhəmiyyət kəsb edən mübarizəyə çevrildi. R.T.Ərdoğanın liderliyində Türkiyənin ölkə daxilində, ətraf regionlarda və geosiyasi arenada yaratdığı reallıqlar onun dostlarının sayını artırsa da, düşmənlərini də artırdı. Məhz bu amil hazırkı seçkinin əsas məğzini təşkil etdi. Bir-birilərini ölümünə qəbul etməyən iki qütb üçün seçkilər tərəflərin həyatda qalmaq mübarizəsinə çevrildi, çünki məğlub olan tərəflər üçün siyasi arenadan getmək təhlükəsi böyük ehtimal olacaq. Mübarizə o qədər həyatı əhəmiyyət kəsb etdi ki, əsla bir yerdə olması mümkün olmayan partiyalar birlikdə ittifaqlar qurdular. Partiyaların şəxsi mənafeləri dövlət maraqlarını üstələdi. CHP "FETO", HDP ilə, AK Partiya HÜDAPAR ilə ittifaqa girdilər. HÜDAPAR HİZBULLAH-ın siyasi qanadı hesab olunsa da, onlar bunu inkar edirlər.  50 il əli Türk insanının qanına bulaşmış PKK-nın siyasi qolu HDP ilə, Türkiyə daxilində yaxın keçmişdə paralel dövlət olan "FETO" ilə ittifaqa gedən CHP-nin bu addımı seçki nəticəsindən də göründüyü kimi xalq tərəfindən cəzalandırıldı. Seçki öncəsi 60-70 faiz səslə qalib gələcəklərini iddia edən, seçki günü biz qalib gəlirik deyən CHP-nin İstanbul və Ankara Bələdiyyə başçıları Əkrəm İmamoğlu və Mənsur Yavaşın çıxışlarına  baxmayaraq deyilənlər olmadı. 7094 seçki qutusunda etiraz edən CHP və HDP son nəticədə bu etirazlarının seçki nəticələrini dəyişdirəcək səviyyədə olmadıqlarını, millət vəkili sayında dəyişiklik etmədiyini rəsmi olaraq etiraf etmək məcburiyyətində qaldılar".

Politoloq deyib ki, seçki sonrası CHP-ni, daha çox isə K.Kılıçdaroğlunu böyük sınaqların gözlədiyi, CHP seçicisinin həm millət vəkili seçkilərindəki, həm də böyük ehtimalla ll tür Prezident seçkilərindəki məğlubiyyətin nəticələrinin cavabdehi Kılıcçdaroğluna soracağı şübhəsizdir. Davudoğlu və Babacanın partiyalarının seçkilərdə elə də rol oynamadığı halda məclisdə otuzdan çox  vəkillə CHP hesabına yer alması CHP seçicisinin Kılıçdaroğluna əsas suallarından biri olacaq.  HÜDAPAR da məclisdə AK Partiya hesabına 5 millət vəkili ilə təmsil olunacaq.  Əsas faktlardan biri HDP-nin səsləri 12 faizdən 8,5 faiz ətrafına düşdü, MHP-nin isə bu dəfə baryeri keçə bilməyəcək demələrinə rəğmən 10 faizə yaxın səs toplamaqla əksinə millət vəkili yerini artırması sürpriz oldu. Yenidən Rifah Partiyası Fatih Ərbakanın rəhbərliyi ilə 5 millət vəkili ilə məclisə daxil oldu.  "Cümhur İttifaqı" 322 vəkil yeri almaqla məclisdə səs çoxluğunu əldə etdi. Xatırladaq ki, məclisdə 301 yer səs çoxluğu, 360 yer referendum, 400 yer isə konstitusiyaya dəyişiklik üçün tələb olunan yer sayıdır".

Azər Qasımov diqqətə çatdırıb ki, may ayının 28-də tərəflər seçkidə 5,2 faiz səs toplamış Sinan Oğanın seçicilərinin səslərini almaq üçün cəhdlər edəcək. Bura Muhərrəm İncənin də seçicilərinin sayını əlavə etmək olar. M.İncə seçicilərini sərbəst buraxmağı qərara aldıqlarını açıqladı, yəni kim hansı namizədə istəyirsə, ona da səs verəcək. S.Oğan isə hələlik qəti fikir bildirilməyib. O, sadəcə şərtlərini açıqlayıb. Yaxın günlərdə açıqlayacağını bildirib". Politoloq deyib ki,  Kılıçdaroğlunun ll turda seçici sayında azalma ehtimalı böyükdür. "Millət İttifaqı"nın üzvlərinin CHP-dən gözləntiləri artıq bitib: "Onlar aldıqlarını alıblar. Məclisdə ehtimal vermədikləri qədər vəkil yeri ala biliblər. Amma Prezident seçkilərində ümidləri qalmadığı üçün seçicilərinin yenidən ll tur seçkilərində aktivlik göstərməsi zəif ehtimaldır. Yeni seçicilərin də onlara səs verməsi HDP və "Feto" işbirliyi səbəbindən yox səviyyəsindədir. Bura mayın 28-nə kimi səsvermə hüququ yaranacaq 50 min seçicini də əlavə etmək olar.  Ümumiyyətlə, 50+1 tələbi Prezident üsul-idarəsi olan Türkiyə seçki sisteminin çatışmazlıqlarını üzə çıxardı. Namizədlərdən birinin səs çoxluğu qazanması faktı onların qələbəsinə kifayət etdiyi halda 50 faizdən 1 nəfər çox səs toplamaq şərtinin namizədin konstitusiyon hüququnun pozulması anlamına gəlir. Bununla yanaşı, seçkiyə gedən partiyaların seçkidən öncə ittifaqlar qurması da doğru deyil. Məsələ ondadır ki, seçki baryeri altında qala biləcək partiyalar bu yolla məclisə düşə bildi. Ayrı-ayrı bu partiyalar seçkiyə getsələrdi, böyük ehtimal heç bir-iki faiz səs belə toplaya bilməyəcəklərdi, amma CHP, AK Partiya hesabına məclisə daxil oldular, həm də əhəmiyyətli sayda millət vəkili ilə. Görünən odur ki, bu beş il qəbul edilməsi planlaşdırılan yeni konstitusiya qanununda bu kimi çatışmazlıqlar öz həllini tapmalıdır. "Millət İttifaqı"nın hesab edirəm ki, əsas səhvlərindən biri namizəd seçimində oldu. Təbii ki, R.T.Ərdoğanın qarşısında kim olsa zəif durumda görünərdi, amma K.Kılıçdaroğlunun namizədliyi, xüsusən də, dəfələrlə seçkidə ona məğlub olmuş birinin yenidən Ərdoğanın qarşısına çıxması səhv idi. Hətta lətifə edirlər ki, Ərdoğan namizədliyini geri götürsə və Kılıçdaroğlu tək qalsa idi, ona kimsə bir faiz səs verməzdi.  CHP-nin zəlzələdən ziyan çəkən ərazilərdəki insanlarla qısa müddət maraqlanandan sonra onlarla maraqlanmaması da səs faizlərinə təsirsiz ötüşmədi. Hakimiyyət partiyası gecə-gündüz həmin insanların bütün cəhətlərdən yanında olması həmin insanların böyük əksəriyyətinin səslərini "Cümhur İttifaqına" verməsinə səbəb oldu, amma çoxları bunun əksini proqnozlaşdırırdılar.

Hazırda onlara səs vermədilər deyə,  otellərə yerləşdirilmiş insanları çıxarıb bayıra atırlar. Bu da CHP zehniyyətinin nəyə qulluq etdiyini açıq göstərir. Onlara vətəndaşın səsi lazımdır, özü yox. CHP bu məğlubiyyəti öz səriştəsizliyinədə yox, insanların onlara səs verməməsində axtarır, onlara yuxarıdan aşağı baxır. Hətta vaxtilə bir CHP-li professorun:  "mənim səsimlə köydəki bir çobanın səsi necə eyni ola bilər?"- deməsinin şahidi olmuşam. Görünən odur ki, "xalq ac qalarıq, amma vətənsiz qalmarıq"  prinsipini əldə rəhbər tutub seçkiyə gedib".

Azər Qasımov deyir ki, II turda R.T. Ərdoğanın qələbəsi üçün lazım olan səs faizinin yığacağı şübhə doğurmur: "S.Oğanın seçicilərinin, hansıki, əslində, bu seçicilərin böyük hissəsi onun elektoratı deyil, digər ittifaqları istəməyən və ya qərarsız insanlardır, kimə səs verməsinin əhəmiyyəti olmayacaq. Artıq digər ittifaqın müqaviməti qırılıb. Onlar da bir daha Ərdoğanın gücünü gördülər. Hesab etmək olar ki, bu dəfə onların böyük əksəriyyəti seçkiyə getməyi belə məsləhət bilməyəcəklər. Qərarsız seçicilərin isə fikirləri qətiləşəcək. R.T.Ərdoğan böyük səs çoxluğu ilə qələbə qazanıb yenidən 5 ilə Türkiyə Respublikasını idarə edəcək.     Türkiyə siyasi arenasında proseslərin mürəkkəbliyi onun mahiyyətindən irəli gəlir. Məsələ ondadır ki, Türkiyə daxili demoqrafiya Osmanlı dövlətinin mahiyyətinə uyğun formalaşdığından imperiya daxili prosesləri də bu amil formalaşdırıb. Osmanlı dövründə bir çox millətlərin imperiya daxilində immiqrasiyası elə bir durum yaradıb ki, indinin özündə belə bu, Türkiyə dövlətinin siyasi arenasında özünü göstərir.  Türkiyədə belə bir deyim var:  "Bizansın cocukları yaşayır da, Fatihin torunları öldümü zannetdiniz".  Məsələ ondadır ki, Osmanlıdan sonra Türkiyə həmişə öz daxilində müstəqillik, türkçülük, müsəlmançılıq tərəfdarları ilə əks qüvvələrin mübarizəsinə çevrilib. Bu yolda baş nazirlər edam edilib, çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılıb.

Bu seçkiləri deyilənlərin ən bariz yaşandığı seçki adlandırsaq yanılmarıq. Türkiyə özünün ən həlledici dövrünə qədəm qoyur. Bu, eyni zamanda, Türkiyəyə ümid işığı kimi baxan istər türk dövlətləri, istərsə də, keçmiş bir çox Osmanlı coğrafiyasının türk ədalətinə ehtiyac duyan ölkələri üçün həyati əhəmiyyət kəsb edir.

Ona qarşı dayanan qüvvələrin mahiyyəti və məramları qaranlıq və təhlükəlidir. Azərbaycanın milli qüvvələri olaraq bizim istəyimiz R.T.Ərdoğanın yenidən seçilməsidir və bunun belə olacağına da əminik".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31