Türkiyə əsrin geosiyasi seçimi və "əsrin seçkisi" qarşısında
11 May 2023 15:37 DünyaMay ayının 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Bu hadisə dünya miqyasında böyük marağa səbəb olub. Avropa mətbuatının manşetlərində tez-tez proqnostik və təhlili xarakterli məqalələr dərc olunur. Çox fərqli qiymətlər verilir. Eyni zamanda, Avropanın şəhərlərində Türkiyə vətəndaşlarının səsverməsi təşkil edilir. Bu zaman seçkiyə qarşı təxribatlara da cəhdlər göstərilir. Bunlar təsadüfi deyildir. Türkiyə müstəqil siyasət yeridir və çox böyük uğurlara imza atıb. Bunu qəbul edənlərlə yanaşı, qəbul etmək istəməyənlər də vardır. Və onlar tez-tez zorakılığa əl atırlar. Ancaq Türkiyə böyükdür, bu maneələrə fikir vermədən demokratik seçkilərə sabit templərlə gedir. Bütün bunları nəzərə alaraq, biz seçkiöncəsi Türkiyənin daxili siyasi durumuna geosiyasi kontekstdə nəzər salmağa ehtiyac görürük.
Qərbdən baxış: araqarışdıranların narahatlıqları
Hazırda demək olar ki, hər bir böyük dövlət üçün seçki taleyüklü məsələyə çevrilib. Və heç bir qüdrətli ölkədə seçki problemsiz, ziddiyyətsiz və bir çox hallarda küçələrdə mübarizə aparmaqdan kənarda nəticələnmir. Fransada, İtaliyada, Yaponiyada, Rusiyada, ABŞ-da, Almaniyada son illər keçirilən seçkiləri xatırlamaq kifayətdir. Halbuki Rusiya istisna olmaqla geridə qalanlar "demokratik, sabit, yüksək inkişaf etmiş" ölkələr sayılır. Bu o deməkdir ki, ümumiyyətlə, müasir dövrdə dünyada seçkilər özünün kritik bir mərhələsinə qədəm qoyub. Təbii ki, bu cür vəziyyətin geosiyasi analizi başqa mövzudur. Biz, qardaş Türkiyədə seçkiöncəsi duruma məhz həmin müstəvidə təhlili yanaşmağa çalışacağıq.
Öncə deyək ki, Türkiyə yuxarıda vurğuladığımız "demokratik ölkələr"dən fərqli olaraq, seçkidə daha sabit və inamlı görünür. Son Prezident seçkisində təhriklərə baxmayaraq, Muharrem İncə Rəcəb Tayyib Ərdoğanın "kişi kimi qalib" gəldiyini etiraf etdi və bununla da ehtiraslar səngidi. Bələdiyyə seçkisində İstanbulda təkrar seçki keçirilsə də, küçələrə sıçrayan ciddi hadisələr olmadı. Ancaq bu dəfə vəziyyət xeyli fərqlidir. Və məsələ kimin daha şanslı olmasından əvvəl, Qərb və Rusiyanın seçkiyə münasibətinin xarakteri aspektində maraq doğurur. Burada diametral əks mövqeləri görürük. ABŞ başda olmaqla Qərbin böyük dövlətləri açıq və ya gizli, hüquqi və ya qeyri-hüquqi, təmkinli və ya həyasız formada müxalifətçi Kamal Kılıçdaroğlunu dəstəkləyir və hətta onu radikal addımlara təhrik etməyə çalışırlar. Rusiya isə daha ehtiyatlı və təmkinli surətdə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir.
Bunların fonunda İran özünü "bitərəf" kimi göstərməyə çalışır, lakin Suriya və İraq cəbhəsində R.T.Ərdoğan hakimiyyətinə qarşı siyasi-diplomatik təxribatlar törətməyə cəhdlər edir. Prezident İbrahim Rəisinin Suriyaya son səfərində bunun müəyyən əlamətləri özünü göstərdi. Ərəb ölkələrindən səs çıxmır. Türkiyəyə qonşu olanlardan ancaq Azərbaycan Türkiyədə demokratik seçkinin keçirilməsini arzulayır və Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti haqlı olaraq R.T.Ərdoğanın qalib gəlməsinə üstünlük verirlər. Çünki İkinci Qarabağ müharibəsində Ərdoğan Azərbaycanın haqq işini mərd-mərdanə müdafiə etdi! Biz borclu qalmağı sevmirik!
Bütün bunlar öz yerində. Ekspertlər seçki prosesinə Türkiyənin daxili durumu və siyasi qüvvələrin konfiqurasiyası müstəvisində baxırlar. Burada fərqli və bir-birinə uyğun olmayan mənzərə yaratmağa çalışırlar. Bir qrup ekspert müxalifətçi K.Kılıçdaroğlunun irəlidə olduğunu iddia edirlər. Müxtəlif sorğuları nümunə kimi göstərirlər. Digər qrup isə bunun tamamilə əksindən bəhs edir. Ekspertlər R.T.Ərdoğanın qələbəsinə şübhə olmadığını və məsələnin yalnız səs fərqinin kəmiyyətindən ibarət olduğunu deyir.
Bununla yanaşı, seçki kampaniyasında bir sıra təxribatlara cəhdlər baş verir. Məsələn, partiyaların qərargahlarına hücumlar təşkil edilir, mitinqlərdə təxribatlar törətməyə cəhd edilir. Bütün bunların hamısının qarşısı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən dərhal alınır və vəziyyətin nəzarətdən çıxmasına imkan verilmir.
Prezidentliyə namizədlərin vədləri və irəli sürdükləri fikirlər bütün bunların fonunda həm maraqlı, həm də həyəcanvericidir. Ona görə maraqlıdır ki, Türkiyəyə başçılıq etmək istəyən siyasətçinin ölkəni hansı istiqamətdə aparmaq niyyətində olduğunun aydınlaşması zəruridir. Ona görə həyəcanvericidirki, qardaş dövlətin hansı geosiyasi kursu seçəcəyindən böyük bir geosiyasi məkanda onlarla ölkənin taleyi asılıdır. Türkiyə hazırda geosiyasi gücünə, mövqeyinə və təsir miqyasına görə elə səviyyədədir ki, Mərkəzi Asiya, Qafqaz, Balkanlar, Yaxın və Orta Şərq və daha geniş miqyasda, bütövlükdə, Avrasiyada söz sahibidir. Ankara müstəqil və başqa böyük dövlətlərdən fərqli siyasət yeridir. Bu siyasətdə başqa faktorlarla yanaşı, türk-müsəlman dünyasının inkişafı və inteqrasiyası xüsusi yer tutur. Başqa əlamətləri də deyə bilərik. Ancaq aydındır ki, Türkiyə xalqının seçimindən Afrikadan tutmuş Uzaq Şərqə qədər geosiyasi dinamikanın taleyi xeyli dərəcədə asılıdır.
Seçki mübarizəsi: realpolitik ilə populizmin savaşı
Bəs prezidentliyə namizədlər nə deyirlər, hansı vədləri verirlər? Öncədən deyək ki, Muharrem İncə və Sinan Oğan favorit sayılmırlar və onların danışdıqlarına elə də əhəmiyyət verilmir. Əsas diqqət Ərdoğan-Kılıçdaroğlu mübarizəsinə yönəlib. Bunlardan Rəcəb Tayyib Ərdoğana güclü xarizması, siyasi yetkinliyi, milliliyi, strateji zəka sahibi olan, terrora qan udduran vətənpərvər və Türkiyəni son 20 ildə zirvələrə yüksəltmiş böyük lider kimi baxırlar. K.Kılıçdaroğluna isə xarizması çox zəif, Qərbin əlaltısı, müxalifətdə güclə namizədliyini irəli sürən, kürd radikalizminə birbaşa və dolayısı ilə dəstək verən, sözdə demokrat, ələviliyini süni surətdə qabardan, Azərbaycana qarşı yaxşı münasibəti olmayan və hətta "Yeni İpək Yolu"nu Azərbaycandan yan keçən marşrutda görən, boş, şişirdilmiş və əsassız vədlər verən birisi kimi baxırlar.
K.Kılıçdaroğlu çıxışlarında hər fürsətdə Qərbin maraqlarına üstünlük verdiyini ifadə etməyə çalışır, hətta Türkiyənin müdafiə sənayesini təhlükəyə ata bilən cümlələr işlədir, strateji xarakterli obyektləri Amerikaya satacağından danışır, Türkiyədə barışıq yaradacağından dəm vurur, terrorçu Abdullah Öcalan və Səlahəddin Dəmirtaşı həbsxanadan çıxaracağını vəd edir. Bunların fonunda onun real olaraq sosial-iqtisadi inkişafı necə təmin edəcəyini müəyyən etmək mümkün olmur.
Siyasi kurs baxımından K.Kılıçdaroğlu Avropa sol populizminin zəif və ziddiyyətli obrazını xatırladır. Təqribən eyni məntiqlə Fransada, Böyük Britaniyada, Almaniyada və xüsusilə İtaliyada sol populistlər çıxış edirlər. Əslində, burada dəqiq təsnifat vermək asan deyildir, çünki K.Kılıçdaroğlu daha çox bir-biri ilə uzlaşmayan fikirlər ifadə edir. Həm də Avropada olduğu kimi, miqrantlar məsələsində populist mövqedən çıxış edərək suriyalıların geri qaytarılmasından bəhs edir. Bir tərəfdən, Türkiyənin sosial dövlət olmasına çağırır, digər tərəfdən isə, neoliberal ideyalardan danışır. Suriyalı miqrantları inkar etməklə antiqlobalist kimi görünür (Avropada da populistlər radikal mövqedədirlər - almaniyalı populistin "miqrantları sərhəddə güllələyin" çağırışını xatırlayaq), lakin Türkiyəni Avropa İttifaqına üzv etmək üçün prinsipial milli maraqlardan vaz keçə biləcəyini də gizlətmir.
Bunlar onu göstərir ki, K.Kılıçdaroğlu populistlərə xas olan "birbaşa demokratiya" adı altında insanların keçici hisslərindən faydalanmaq metoduna əl atır. Buna "emosional siyasi qərarlar qəbul etmə" də deyilir. Onlar hər fürsətdə insanların emosiyasını öz siyasi maraqları üçün istismar etməyə çalışırlar. Məsələn, K.Kılıçdaroğlu yanğın və sel fəlakətlərində, bu il baş verən zəlzələdə məhz keçici insan emosiyalarını öz xeyrinə alovlandırmaq üsuluna əl atmağa çalışdı. Faktlar göstərir ki, K.Kılıçdaroğlunun bu populizmi elə də uğurlu nəticə vermir.
Bunun əksinə olaraq, R.T.Ərdoğan Türkiyənin milli maraqlarına üstünlük verməkdə davam edir. Türkiyənin hazırkı Prezidenti milli inkişaf üçün ilk növbədə Türkiyənin maraqlarının təmin olunmasının vazkeçilməz şərt olduğunu ifadə etməkdədir. Bu məsələdə R.T.Ərdoğanın bütün dünyada ədalətin təmin edilməsi, məzlumlara dəstək verilməsi, İslam dünyasının birləşməsi və ayrıca türk dövlətlərinin inteqrasiyası məsələsini həmişə olduğu kimi önəmsədiyi aşkardır.
R.T.Ərdoğan Türkiyə iqtisadiyyatı ilə yanaşı, türk mənəvi-əxlaqi dəyərlərinin yaşaması və inkişafı üçün seçdiyi kursu qətiyyətlə təbliğ edib reallaşdırır. Türkiyənin dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olması strategiyasından zərrə qədər də kənara çıxmadığını göstərir. Aydın görünür ki, R.T.Ərdoğan realpolitik tərəfdarıdır - yaranmış konkret geosiyasi vəziyyətə uyğun olaraq Türkiyənin yaradıcı surətdə inkişafına üstünlük verir. Xəyali demokratiyanı qəbul etmir. Real vəziyyətə uyğun sosial-siyasi harmoniyanı əsas götürür. Türkiyə cəmiyyətinin birliyinin real olması üçün lazım olan addımları atır.
R.T.Ərdoğanın mitinqlərinə milyonlar axışır, çünki o, Türkiyənin hərbi-müdafiə gücünü qat-qat artıran Böyük Liderdir! Sirr deyil ki, türk dövlətlərində onu Böyük Lider kimi qəbul edirlər! Xüsusilə Azərbaycan Prezidenti ilə birlikdə sözün həqiqi mənasında qardaşlıq münasibətləri qurmaları xüsusi əhəmiyyətə malikdir. Müasir mərhələdə məhz R.T.Ərdoğan Türkiyəni siyasi və geosiyasi mənada Azərbaycana əsl dost və qardaş etdi!
Beləliklə, Türkiyə demokratik və "əsrin seçkisi" adlandırıla biləcək prosesdə əsrin geosiyasi seçimini etməlidir. İnanırıq ki, qəhrəman və zəki türk milləti bu dəfə də doğru olan yolu seçəcək! Türkiyə Ərdoğanla daha böyük zirvələrə yüksələcək!
Kamal Adıgözəlov