Rusiya-Ukrayna savaşının qalibi kim olacaq?
21 Aprel 2023 11:36 DünyaBir ildən artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsinin sonu üçün hələlik üfüqdə heç bir işıq görünmür. Əksinə, müharibənin daha da qızışması və nəticə etibarilə Rusiyanın bu müharibədən məğlub ayrılması üçün Birləşmiş Ştatlar və Avropa Ukraynanı maksimum dərəcədə silahlandırmağa üstünlük verir. Bəs görəsən proseslərin məntiqi sonluğu hara gedir?
BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyir ki, Ukrayna müharibəsi özünün həlledici mərhələsinə yaxınlaşır. Onun sözlərinə görə, kimiləri Amerikanın Ukraynanı yarı yolda qoyacağını və ya artıq qoyduğunu əminliklə iddia edir, kimiləri Rusiya ilə danışıqlara gedib müharibəni bitirəcəklərini qeyd edir: "Müxtəlif pessimist iddialar, hətta Rusiyanın qalib gələcəyi kimi daxili istəklərini belə reallıq şəklində iddia edənlər də tapılır. Kollektiv Qərb Ukraynanı həlledici müharibəyə, əks-hücuma hazırlayır. Hər xırda detalına kimi planlı şəkildə təchiz edilən Ukrayna ordusu havaların düzəlməsini gözləyir. Bu, işin texniki tərəfləridir. Hücum elə hazırlanır ki, qələbə mütləq olsun, çünki əks halda bir daha yeni hücum üçün imkan olmaya bilər. Amerika Ukraynanın məğlubiyyəti və ya nəticəsiz hücumunun ilk növbədə öz nüfuzuna vurulan zərbə olacağını yaxşı bilir".
Bəs, Ukraynanın qələbəsi və ya məğlubiyyəti kimlərə nə verəcək?
Azər Qasımov deyir ki, ilk növbədə qələbə anlayışının bu müharibədə nə olduğunu aydınlaşdırmaq lazımdır: "Qələbə tərəflərdən birinin məğlubiyyət aktını imzalaması anlamına gəlmir. Məsələ ondadır ki, Rusiya baxımından qələbə məcburi şəkildə əldə etdiklərini saxlamaqdırsa, çünki rusların planları bütün Ukraynanı işğal etmək idi və məcbur olub, işğal edə bildikləri ilə kifayətlənməli olurlar. Ukrayna tərəfindən isə bütün sərhəd boyu ərazi bütövlüyünü bərpa etməkdir. Amma hazırlanan əks-hücumla buna nail olunacağı da mümkün olmaya bilər, çünki qüvvələr nisbəti uyğun deyil. Ona görə də elə bir hücum hazırlanmalıdır ki, əldə olunan nəticə qələbəyə bərabər olsun və qarşı tərəfin məğlubiyyəti anlamına gəlsin. Bu nəticəni isə ancaq Krıma hücum və onu geri almaqla etmək olar ki, ilk növbədə yayılan məlumatlar da bu yöndədir. Hücumun Krıma olacağı deyilir. Krım geri alınarsa nə olacaq? Rusiya üçün Krım bu müharinədə həm simvolik, həm də müqəddəs hesab olunur. Krımın işğal edilməsi Rusiyanın gücünün simvoludur, eyni zamanda, artıq onun toxunulmaz, toxumulması mümkün olmayan müqəddəsidir. Krımın itirilməsi Rusiyanın dünyada olan onsuz da itirilmiş nüfuzunun tamamı ilə yox olması anlamına gələcək. Odur ki, Rusiyanın Krımın müdafiəsinə hazırlaşdığı da gələn xəbərlər arasındadır. Rusiyanın səfərbərliklə 300 min əsgər yığdığı, hətta bunun 500 min olduğu qeyd edildi. Yeni hücumlardan danışıldı, amma ciddi hücum olmadı. Doğrudur, Baxmut, Soledar, Avdeevka, Melitopol, Uqledar ətrafında hücumlar gücləndirildi, amma çoxsaylı itkilərin ciddi nəticəsi olmadı. Soledarın tam, Baxmutun da böyük hissəsinin alınmasından başqa, hansı ki, 8 aydır bu hücum davam edir. Rusiya rəhbərliyi hesab etmək olar ki, yığdığı ordunun effektivliyinə tam inanmadığı üçün hücum yox, müdafiə yolunu seçdi. Onlar yaxşı bilir ki, yığılan bu ordu əgər heç bir nəticə əldə edə bilməsə və böyük hissəsi hücumda məhv olsa, bu, Rusiya daxilində etirazları artıracaq. Yüz minlərlə itki nəticəsindəki narazılıqlar daxili çevrilişə səbəb ola bilər. Odur ki, ehtiyatlı davranıb bu ordunu Ukraynanın əks-hücumunun dəf edilməsinə, imkan olarsa əks-hücuma hazırlayırlar. Ən pis halda bu ordunun yerdə qalanını Ukraynanın uğurlu nəticə alması durumunda daxildə yarana biləcək etirazları yatırmaq üçün istifadə edəcəklər, çünki yeni səfərbərlik üçün Rusiyanın insan resursu olsa da, hərbi resursları yoxdur. Bu səfərbərlikdəki çətinliklər göz önündə idi. Məğlubiyyətə yaxın durumda daha bir səfərbərliyi Rusiya qaldıra bilməz. Bunun üçün səfərbərlikdən yayınma hallarını azaltmaq məqsədi ilə onlayn çağırış üsuluna keçildi və çağırışa gəlməyənlərin bütün hüquqlarının əllərindən alınması planlaşdırılır. Kredit götürməkdən, ölkədən çıxışına qadağa qoyulmasına, cinayət işi açılmasına kimi. Hesab etmək olar ki, Rusiya yeni səfərbərlik planlaşdırır. Amma hesab edirəm ki, bu, belə deyil. Rusiya rəhbərliyi səfərbərlik adı altında mükəlləf vətəndaşları təzyiq və qorxu altında saxlamaq istəyir ki, mümkün Ukrayna məğlubiyyəti durumunda onlar küçələrə çıxıb etiraz edə bilməsinlər. Amma hərbi qüvvələrin daxili etirazların yatırılmasında hələ nə effekt verəcəyinin özü belə şübhə altında olacaq. Hərbiçilər vətəndaşlara qarşı güc tətbiq etməyi qəbul edəcəklər, etməyəcəklər və ya onların tərəfinə keçəcəklər məsələsi də açıq qalır".
Politoloq deyib ki, Ukraynanın bütün gücü ilə Krıma hücum etməsi qələbə şansını böyük itkilər hesabına da olsa artırır, hətta qələbəni labüd edir: "Təsəvvür edək ki, Krım ərazisi hücum zamanı tamamı ilə darmadağın edilir. Əhalinin bütünlüklə Krımdan qaçacağı mütləqdir. Bunun özü artıq qələbənin başlanğıcıdır. Ən azı psixoloji üstünlük Ukraynanın tərəfində olacaq. Rus əsgəri də bundan təsirlənəcək. Çıxış üçün qapalı ərazidə müharibə etmək rus əsgəri üçün məhvə bərabər durum olacaq. Krımın geri alınması Rusiya ordusunun müdafiəsinin məhv olması anlamına gələcək. On minlərlə əsgərin məhv olması ordunun onsuz da olmayan ruhunu tam qıracaq və ordu dağılacaq. Krımın müdafiəsi əraziyə quru yolunun çətin çatılması baxımından hardasa mümkünsüzdür. Krım körpüsü böyük ehtimalla ilk gündən vurulacaq və ya zərbə altında saxlanacaq. Azov dənizi sahilləri ətrafından isə işğal olunmuş Mariupol, Zaparaojye vilayətinin Melitopol şəhəri ilə əlaqənin Melitopolun daim zərbə altında olması, hətta Xersondan mümkün eyni zamanlı hücumu ilə mümkün olmayacağı səbəbindən yol bağlı olacaq. Tək Azov və Qara dəniz yolu ilə isə hərbi təchizat yetərli olmayacaq".
Azər Qasımov deyib ki, qələbə Ukraynaya azadlıq, NATO-ya üzvlük gətirəcəksə, Amerikaya dünya hegemonluğu, demokratiyanın qələbəsi sevincini gətirəcək: "Diktatorial rejimlərin ard-arda yıxılmasını, dünyanın demokratikləşməsi gerçəyini gətirəcək. Rusiyanın qələbəsindən danışmağın əhəmiyyəti yoxdur, çünki bu dövrdən sonra əvvəla heç bir qələbə mümkün deyil, sonra isə Rusiya bu müharibəyə başlayanda artıq məğlub idi. Ordusunun gücünü hamı gördü, ətrafındakı ölkələrin az qala hamısı NATO üzvü oldu, olmayanlar da olacaq. İqtisadi sanksiyalar gec-tez öz ciddi nəticəsini göstərəcək. Dövlət başçısı Putin cinayətkar kimi haqqında beynəlxalq cinayət işi başlanıb. Ermənistan belə Putini həbs etməkdən danışır".
Politoloq onu da deyib ki, Amerikanın Ukraynanı bəzilərinin iddia etdiyi kimi yarı yolda qoyma ehtimalı üzərində fikir yürütmək, bunun ehtimal dairəsini nəzərdən keçirmək üçün hadisələrin mahiyyətinə baxmaq lazımdır: "Amerika təbii ki, süddən çıxmış ağ qaşıq deyil. O da imperialist dövlətdir. Maraqlarının harda bitdiyi, hara kimi olması barədə qəti fikir bildirmək mümkün kimi görünmür. Amma yenə də analiz edək. Amerika bu müharibənin maddi və mənəvi aparıcısı kimi hələ elə bir addım atmayıb ki, onu hansısa geriçəkilmədə, kobud desək satqınlıqda günahlandırmaq olsun. İstər maddi-mənəvi, istərsə də hərbi cəhətdən əgər müharibədə ciddi dönüş edilibsə, bu, ilk növbədə Amerikanın səyləri sayəsindədir. Nə qədər də, müəyyən mənada siyasi oyunlarda, hərbi yardım baxımından ləng davranmalarda günahlandırılsa da. Amerika demokratik cəbhə, Ramştayn dövlətləri deyilən 40-dan çox ölkənin iştirakını təşkil edən, hərtərəfli yardımlara bu ölkələri cəlb edən dövlətdir. Amerika müqavimət prosesinin aparıcı lokomatividir. Nə qədər də, vaxt azaldıqca Demokrat Partiyasının ilk növbədə öz hakimiyyətini qorumaq üçün seçkiləri fikirləşəcəyi və seçicilərin fikirlərinə önəm verəcəyini, seçki müddətinə az qaldığı üçün mümkün geriçəkilmələr ola biləcəyini qeyd etsələr bir gerçək vardır ki, Amerika dövlət kimi tək Ukrayna məsələsi ilə öz böyüklüyünü hər kəsə göstərmir. Amerika bütün dünya üzrə öz siyasətində sadiqdir. Ukraynadakı hansısa geriçəkilmə onun dünyadakı nüfuzunu yox edər. Ona görə də Amerika istəməsə belə, Ukrayna müharibəsindən qalib çıxmağa məcburdur. Ukraynanın tam yox, ən azı məğlubiyyət hesab oluna biləcək açıq və tam kiçik məğlubiyyəti belə, yəni Rusiyanın ən azı işğal etdiyi hər hansı ərazilərdən bir-ikisinin əlində qalması durumunda, bunun cəzası Amerikanın nüfuzuna kəsiləcək. Ukrayna dövləti və xalqı bu məğlubiyyəti kimsəyə bağışlamayacaq. Ukraynanın istəyindən kənar müharibənin yarımçıq qalması durumunda Ukraynanın özü və Amerikanı qəbul etməyənlər elə bir kompaniya aparacaqlar ki, Amerikanın özü belə bunun altından qalxa bilməyəcək, hegemon gücünü itirəcək. Tək NATO yox, bütün beynəlxalq qurumlar, məsələn AUKUS, Amerikanın dəstək verdiyi Yaponiya, Cənubi Koreya, Tayvan, Sakit Okean hövzəsindəki Filippin, İndoneziya və s. kimi qərbyönlü dövlətlər, hətta BMT-nin özündə belə çöküşlər başlayacaq. Dünya nizamı pozulacaq. Dünya xaosa sürüklənəcək. Avropada xaos başlayacaq. Şərqi Avropa, xüsusən də, Qərbi Avropada onsuz da mövcud olan Amerikadan uzaqlaşma meylləri ciddi şəkildə reallaşmağa başlayacaq. Cənubi Amerika ölkələri onsuz da Amerika ilə məcbur yaxınlıq edirlər. Venesuela, Braziliya, Kuba bə s. kimi ölkələr zatən Rusiyanın yanındadırlar. Belə durumda Amerika tamamilə tək qalacaq. Türkiyənin bu durumda NATO-dan çıxması, Avrasiya və Şanxay əməkdaşlıq təşkilatlarına yaxınlaşması mütləq olacaq. Ən yaxşı halda Türk Dövlətləri Təşkilatının fəaliyyətini gücləndirmək istəyəcəyi, amma bunun çox çətin olacağı, hətta mümkünsüz olacağını hesab etmək olar. Ərəb dövlətləri onsuz da Amerikadan uzaqlaşır. İstər Ərəb yarımadası, istərsə də Şimali Afrika ərəbləri yenidən Avropanın, yəni Fransanın və Rusiyanın yanına qayıdacaqlar. Təbii ki, Türkiyənin maraqları da burda olacaq. Əgər R.T.Ərdoğan yenidən prezident seçiləcəksə. Amerika bütün bunları gözə ala bilməz və almaz da! Ukrayna müharibəsinin nəticəsi ya Rusiyanın, ya da Amerikanın həm daxildən, həm də dünya düzənində yerlərinin sarsılmaslna səbəb olacaq. Hər iki halda Ukrayna onsuz da itirdiyini itirib. Bundan sonra itirəcəyi bir şey yoxdur. Tək müstəqilliyindən başqa. Qələbə Ukraynaya itirdiklərini bərpa etmək şansı verəcəksə, məğlubiyyətin nə olduğu isə hamıya aydındır. Qeyd etdiklərimizdən sonra hesab etmək olar ki, Amerikanın Ukraynanı yarı yolda qoymaq kimi bir lüksu yoxdur, istəsə də, istəməsə də. Müharibə tam qələbəyə kimi davam etməlidir, illər çəksə də. Avropa birliyi, özünü demokratik dünya adlandıran ölkələr öz var olma səbəbinə görə məcbur da olsalar Ukraynaya dəstək olacaqlar. Çünki dəfələrlə vurğulandığı kimi Ukrayna Rusiya ilə bütün demokratik və azad dünya istəyənlərin yerinə də döyüşür. Ona görə ona dəstək olmaq onların borcudur".
Süleyman