Blinkenin telefon zəngi nədən xəbər verir? - ÖZƏL
17 Noyabr 2022 13:11 Dünya44 günlük Vətən müharibəsi başa çatdıqdan və üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar aparıldığı müddətdə artıq bir neçə dəfədir ki, Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderlərinə zəng edərək danışıqlar prosesinin gedişi ilə maraqlanır, rəsmi Vaşinqtonun prosesə olan münasibəti sərgiləyir. Ötən gün Blinken yenidən Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək qeyd edilən istiqamətdəki mövcud vəziyyətlə maraqlınıb, dövlət başçısı ilə fikir mübadiləsi aparıb. Qeyd edək ki, bundan bir gün əvvəl isə ABŞ dövlət katibi Ermənistanın baş naziri Nikol Paşinyana zəng etmişdi.
ABŞ dövlət katibinin Azərbaycan və Ermənistan liderlərinə zənginə diqqət çəkən politoloq Vüqar Əhmədov "OLAYLAR"-a bildirib ki, bu rəsmi Vaşinqtonun Ermənistanla-Azərbaycan arasında sülh danışıqlarına sadiqliyini bir daha vurğulamağa əsas verir. Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında sülh danışıqları əsasən Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə həyata keçirilsə də, ABŞ bu prosesin davamlı aparılmasında əsas maraqlı olan tərəfdir: "Düşünürəm ki, Blinkenin telefon zəngləri də Amerikanın iki ölkə arasında dayanıqlı sülhə və bölgənin təhlükəsizliyinə nail olmaq üçün Azərbaycanla bu sahədə işbirliyinə önəm verməsindən və danışıqların davam etdirilməsində maraqlı olmasından irəli gəlir".