Rusiya-NATO müharibəsinin bir addımlığında - ÖZƏL
16 Noyabr 2022 10:11 Dünya15 noyabrda Rusiya xüsusi hərbi əməliyyatlar başlayandan bu vaxta qədər Ukraynanın şəhər və sənaye obyektlərini ən güclü raket atəşinə tutdu. Bu da onu göstərir ki, Qərb kütləvi informasiya vasitələri və kəşfiyyat orqanlarının verdikləri proqnozların əksinə olaraq Rusiyanın Ukrayna şəhərlərini dağıtmaq üçün hələ yetərli sayda silah və sursatı var. Politoloq Əlimusa İbrahimov Olaylar-a bildirilib ki, bu raket zərbələri eyni zamanda danışıqlara getmək üçün çeşidli şərtlər irəli sürən Zelenskini fikrindən döndərmək üçün atılan addım kimi də qiymətləndirilə bilər. Çünki Qərbdə artıq Rusiya ilə danışıqların başladılmasının zəruriliyi haqda siqnallar gəlməkdədir və indiki halda bu istiqamətdə ən ciddi maneə olaraq Zelenski görünür:
"Ukrayna hərbçilərinin verdiyi məlumata görə 15 noyabr bombardmanı 10 oktyabrda həyata keçirilən raket hücümundan daha güclü olub. Belə ki,10 oktyabrda Ukraynanın şəhərlərinə cəmi 84 raket buraxmışdılarsa bu rəqəm indi 100-dən artıqdır.
Bu Ukrayna hərbçiləri və digər hərbi mənbələr tərəfindən kütləvi raket hücumu kimi qiymətləndirilir. Əsas zərbə obyektləri şəhər infrastrukturu və elektrik stansiyalarıdır. Amma yaşayış binalarına da raket zərbələrinin endirilməsi barədə məlumatlar var.
Hava Hücumundan Müdafiə sistemləri var gücü ilə fəaliyyət göstərsə də vurulan raketlərin dəqiq sayı barədə xəbər yoxdur. Bu məlumat hələ dəqiqləşdirilməkdədir. Bu dəfə atılan raketlər X-101 və X-155 siniflərindən olan raketlərdir və Strateji Aviasiyaya məxsus TU-95 və TU-60 təyyarələrindən atılıb.
Raketlər əsasən Xəzr dənizi və Qara dəniz akvatoriyasında yerləşən bombardmançı təyyarələrdən atılıb.
10 oktyabrdakı raket zərbələrini Rusiya Ukrayna kəşfiyyatçılarının Krım körpüsündə həyata keçirdikləri partlayışla əlaqələndirirdi. Bu dəfəki raket zərbələrini isə Zelenskinin G20-dəki çıxışı ilə bağlayırlar. Amma bu bir qədər məntiqli görünmür. Çünki, Rusiyada Zelenski çıxışa başlayan kimi bu səviyyədən olan hücuma başlaya bilməzdi. Rusiya buna çoxdan hazırlaşırdı və heç şübhəsiz son zərbələr Rus qoşunlarının Herson şəhərindən çıxarılmasına cavab olaraq həyata keçirilirdi. Bununla Rusiya Ukrayna və Qərbə xəbərdarlıq edir ki, Rus qoşunlarının boşaltdığı hər bir şəhərin cavabında bu cür kütləvi raket hücumları həyata keçiriləcək.
Arada raketlərdən ikisini Polşaya düşməsi barədə xəbərlər var.
Polşanın Zet radiosunun verdiyi məlumata görə Pşevudov kəndindəki taxılqurutma məntəqəsinə düşən raketlər orada iki Polşa vətəndaşının ölümü ilə nəticələnib. Raketlərin Rusiya və ya Ukrayna tərəfindən atıldığı dəqiqləşdirilməyib, yəni bu barədə hələ məlumat yoxdur. Amma Amerika Kəşfiyyat orqanlarından olan şəxsin dediyinə görə raketlərin Rusiya tərəfindən atılması ehtimalı daha böyükdür. Polşa Baş Naziri hökumətin Müdafiə və Təhlükəsizlik Komitəsinin fövqəladə iclasını çağırıb.
Rusiya müdafiə Nazirliyi hadisə ilə bağlı verdiyi verdiyi açıqlamada raketlərin Polşa ərazisinə düşməsi barədə informasiyanı təxribat adlandıraraq bildirib ki, Ukrayna -Polşa sərhədində onların zərbə endirdikləri hədəfləri olmayıb. Hadisə yerində çəkilmiş və raket hissələrini əks etdirən fotoşəkillərin Rusiya raketlərinə aidiyyatı yoxdur-deyə bildirilir.
Pentaqon və həmçinin ABŞ Dövlət Departamentində hələ Rusiya raketlərinin Polşa ərazisinə düşdüyünü təsdiq etməyiblər. Yaranmış vəziyyətdə Amerika Birləşmiş Ştatlarının mümkün addımları haqqında məlumat da verilmir. Çünki kütləvi informasiya vasitələrində gedən xəbəri təsdiq etmək hələ mümkün deyil. Bu barədə ABŞ HHQ generalı Patrik Rayder Bildirib. Dovlət Departamenti Mətbuat Xidməti rəhbərinin müavini Vedant Patel isə deyib ki, ABŞ Polşa və digər müttəfiqləri ilə hadisə ətrafında işləyir və hər hansı bir qərar qəbul etmək hələ tezdir.
NATO da öz, növbəsində, nəticə çıxarmaqda tələsmir və hadisənin baş vermə səbəblərini öyrənir. Onun reaksiyası Varşavanın raketlərin hansı tərəfə mənsub olması barədə məlumat verməsindən sonra məlum olacaq.
Brüsseldəki NATO Qərargahında Varşavanın Vaşinqton Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq təhlüksizlik sahəsində müzakirələr aparmaq üçün təşkilata müraciət edəcəyini gözləyirlər.
Bu hadisənin Polşa və NATO tərəfindən necə qiymətləndiriləcəyi və atılacaq addımlar məlum deyil. Böyük ehtimalla Rusiya tərəfi raketlərin ona mənsub olduğu sübut olunarsa, onların məqsədyönlü şəkildə Polşaya atılmadığı barədə bəyanat verərək hadisə ilə bağlı üzr istəyəcək və bununla da münaqişənin böyüyərək NATO-Rusiya qarşıdurmasına çevrilməsinin qarşısı almağa çalışacaq. Çünki indiki şəraitdə qarşıdurmada iştirak edən tərəflərdən heç biri münaqişənin daha da böyüyərək üçüncü dünya müharibəsinə çevrilməsində maraqlı deyil .Amma sonradan bənzər hadisələrin baş verməməməsi üçün hansı addımların atılacağı da sual altındadır.
15 noyabr raket zərbələrində İran istehsalı olan raketlərdən istifadə olunub-olunmaması da hələ dəqiqləşdirilməyib amma bu ehtimal da gündəlikdədir. Rusiya Təhlükəsizlik Şurasının Katibi Nikolay Patruşevin İrana səfəri, orada keçirdiyi görüş və apardığı müzakirələrdən bir neçə gün sonra Ukraynanın kütləvi raket zərbələrinə məruz qalması bu ehtimalın mümkün olcağına bir işarədir".