Pelosinin evinə hücum edildi – YENİLƏNİB

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin San-Fransiskodakı evinə hücumun bəzi təfərrüatları məlum olub.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, hücum edən şəxs çəkiclə silahlanıb və "Nensi haradadır?" deyə qışqırıb.

Şübhəli evin arxa tərəfindəki sürüşkən şüşəli qapıdan içəri daxil olub. Həmin vaxt Pelosini evdə tapmayan təcavüzkar spikerin 82 yaşlı ərinin başına zərbə endirib.

Məlumata görə, Pol Pelosi hazırda San-Fransiskodakı Zukerberq Ümumi Xəstəxanasındadır. Ona qançır, şiddətli şişkinlik və digər xəsarətlər diaqnozu qoyulub.

Hadisənin istintaqına Federal Təhqiqatlar Bürosu (FBI) qoşulub.

***

Cümə günü ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinə hücum olub.

Nensi Pelosinin rəsmi saytında bildirilib ki, onun əri Pola hücum edilib.

"Bu gün səhər tezdən Pelosinin San-Fransiskodakı iqamətgahına cinayətkar soxulub və cənab Pelosiyə vəhşicəsinə hücum edib", - bəyanatda deyilir.

Hücum edənin həbs olunduğu bildirilir. Həmin an Nümayəndələr Palatasının sədri evdə olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31