Putin Dağlıq Qarabağ mövzusunda Paşinyanla daimi təmasda olduğunu bildirib
7 Sentyabr 2022 15:25 DünyaRusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda (WEF) Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Dağlıq Qarabağ mövzusunda daimi təmasda olduqlarını bildirib. Bu barədə TASS məlumat yayıb .
"Ən həssas məsələlərdən biri Dağlıq Qarabağ ətrafında təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyətdir. Biz sizinlə hər zaman bu barədə danışırıq, daimi əlaqədəyik"-deyə Rusiya prezidenti bildirib.
Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl WEF-in plenar iclasında Ermənistanın Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətlərin normallaşmasına ümid etdiyini bildirib. Paşinyan onu da bildirib ki, hazırda İrəvan və Bakı Qarabağ məsələsini aktiv şəkildə müzakirə edir. Baş nazir təkcə Ermənistanın strateji müttəfiqi kimi deyil, həm də Azərbaycanın tərəfdaşı kimi Rusiya Federasiyasının dəstəyinə ümid etdiyini bildirib.
Ermənistanın baş naziri həmçinin Rusiyanın və beynəlxalq ictimaiyyətin diqqətinin Ukraynada cəmləşməsinin Cənubi Qafqazda vəziyyətin sabitliyinin pozulmasına səbəb ola biləcəyindən narahatlığını bildirib .