Putinə Abenin dəfninə qatılmaq üçün icazə verilməyəcək – Yaponiya XİN

Yaponiya Rusiya prezidenti Vladimir Putinə sentyabrın 27-də keçmiş baş nazir Şinzo Abenin dövlət dəfn mərasimində iştirakını qadağan etməyi planlaşdırır.

Bu barədə hökumət rəsmilərinə istinadən "Nikkei" nəşri məlumat yayıb.

Rəsmi Tokio Rusiya liderinə qarşı şəxsi sanksiyalar tətbiq edib. Bu sanksiyalar Putinin ölkəyə girişini də məhdudlaşdırır.

"Nikkei" yazır ki, bununla belə, Moskva ilə diplomatik əlaqələr kəsilməyib, ona görə də Rusiya tərəfi də mərasimlə bağlı məlumatlandırılacaq. Amma dəfn mərasimində iştirak etmək arzusunu ifadə edərsə, Putinin ölkəyə girişi üçün məhdudiyyətlərin yumşaldılmayacağı da bildirilir.

Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Rusiya prezidentinin səfərini gözləmədiyini bəyan edib.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov da prezident Vladimir Putinin Yaponiyaya getməyəcəyini bildirib. O, Rusiya nümayəndələrinin iştirakının protokol qaydalarından asılı olduğunu izah edib.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31