Almanlar ayağa qalxdı: Sizi ancaq pul birləşdirər

Almaniyada futbol üzrə ölkə çempionatının bu həftə keçirilən qarşılaşmalarında azarkeş qrupları Futbol Federasiyasının rəhbəri Reynhard Qrindel və ölkənin Avro-2024 turnirinə namizədliyinə qarşı etiraz ediblər.

Bundesliqada çıxış edən "Auqsburq" və "Verder" komandaları arasında keçirilən görüşdə hər iki komandanın azarkeşləri şüarlar və plakatlar vasitəsilə ölkənin Avro-2024 namizədliyinə qarşı çıxıblar. İkinci dəstədə mübarizə aparan "Dinamo Drezden" komandasının azarkeşləri isə "Darmştadt"la qarşılaşmada üzərində "Avrolarla alınan bir turnirə ehtiyacımız yoxdur. Ehtiyacımız olan tək şey dəyişiklikdir" sözləri yazılmış plakat qaldırıb.

"Ştutqart"ın "Fortuna" ilə oynadığı qarşılaşma zamanı isə federasiyanın namizədlik üçün hazırladığı loqo və UEFA bayrağının təsvir olunduğu plakatda "Futbol bizi birləşdirər" şüarı dəyişdirilərək "Sizi ancaq pul birləşdirər" sözləri yazılıb.

Qeyd edək ki, son günlərdə Almaniya Futbol Federasiyası ətrafında Avro-2024 turnirinə namizədlik məsələsində rüşvət iddiaları gündəmə gətirilib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31