Ankara, Moskva və Tehrana qarşı artan iqtisadi təzyiqlər

Və Rusiya-Türkiyə-İranın bu təsirləri aradan qaldırmaq imkanları

Və Rusiya-Türkiyə-İranın bu təsirləri aradan qaldırmaq imkanları

Birləşmiş Ştatların Türkiyə, İran və Rusiyaya qarşı iqtisadi təzyiqləri getdikcə artır. Bu ölkələrin milli valyutalarını tamamilə dəyərdən salmaq və bununla da hər üç ölkənin iqtisadiyyatına güclü zərbə vurmaq planı demək olar ki, nisbətən işə yarayır. Artıq bir həftədən çoxdur ki, həm Türk lirəsi, həm rus rublu, həm də İran rialı son illərin ən rekord həddi səviyyəsində Amerika dollarına nisbətdə aşağı enib və hər üç ölkənin cəmiyyətində, iqtisadi sferasında çaşqınlıq yaradıb. Hər nə qədər Tehran, Ankara və Moskva bu böhrandan çıxmağa çalışsa da, lakin hələlik birinci tərəf qalib qismində görünür. Məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili Tahir Mirkişilinin sözlərinə gö-rə, həmin sanksiyaların əsas mahiyyəti "İranla iqtisadi əməkdaşlıq edən heç bir dövlət Amerika ilə iqtisadi əməkdaşlıq edə bilməz" dir: "Sanksiyaların İran iqtisadiyyatına təsiri artıq hiss olunur. İnflyasiya, milli valyutanın devalvasiyaya uğraması, insanların narazılığı kimi simptomlar artıq müşahidə olunmaqdadır".

Bıs görəsən İrana tətbiq olunan sanksiyaların Azərbaycana iqtisadi təsiri olacaqmı?

Millət vəkilinin qənaətincə, statisik rəqəmlərə fikir versək Azərbaycan iqtisadiyyaında İranın payı kiçikdir: "2018-ci ilin 6 ayının yekunlarına baxsaq İranın Azərbaycanın xarici ticarət dövriyyəsində payı 1 faiz, ixracında payı 0.1 faiz, idxalında payı 2.9 faizdir. İran Azərbaycan iqtisadiyyatına bu günə qədər 3.1 milyard dollar investisiya yatırıb ki, bu da Azərbaycana qoyulan xarici investisiyaların 1.4 faizini təşkil edir. İran ilə qeyri-neft sektorunda birgə layihələr kimi, istismara verilmiş avtombil zavodunu və tikilməkdə olan əczaçılıq fabrikini göstərmək olar. Yəni, İranda baş verən iqtisadi prosseslərin Azərbaycan iqtisadiyyatına birbaşa təsiri çox cüzi ola bilər. Amma bunlarla yanaşı, Azərbaycanın da İran ərazisində strateji iqtisadi maraqları var. Belə ki, Şimal-Cənub dəmir yolunun İran ərazisində tezliklə başa çatması üçün Azərbaycanın aktiv mövqe nümayiş etdirməsi, İran İqtisadiyyat Nazirliyinə bu məqsədlə 500 milyon dollar kredit ayırması bunlara sübutdur. Azərbaycan Abropa Birliyi, Rusiya və İran arasında tranzit rolu oynamaqdan strateji gəlir əldə etməyi hədəfləyir. İranda iqtisadi çətinlikərin olması bu layihənin başa çatmasında gecikmələrə səbəb ola bilər. Sadəcə geçikmələrə". Tahir Mirkişili deyib ki, İranda sabitliyin və rifahın olması hər zaman Azərbaycanın marağında olub: "İranda sabitliyin pozulması 100 minlərlə insanın Azərbaycan sığınmasına səbəb ola bilər ki, bu həm iqtisadi, həm də sosial cəhətdən arzuolunmazdır.
Ümid edirik ki, İran və ABŞ rəsmiləri daha uzaqgörən olaraq faciəvi nəticələrə gətirib çıxarmadan münasibətləri tənzimləməyi bacaracaqlar".

Politoloq Zaur Məmmədov isə diqqəti Birləşmiş Ştarlar-Rusiya münasibətlərinə yönəldib. Qeyd edib ki,  Ağ Ev rəhbəri ilə Vladimir Putin arasında Helsinkidə baş tutan görüş Trampın probleminə çevrilib və belə getsə hər iki ölkə liderinə bu görüş çox baha başa gələcək: "Trampın bu günə qədər Rusiya ilə bağlı siyasəti onun İrana və hətta Qərbi Avropaya olan siyasətindən daha yumşaqdır desəm, yəqin ki, səhv olmaz. Lakin indi birdən-birə hər şey tərsinə döndü. Məsələ burasındadır kı, indiyə qədərki sanksiyalardan fərqli olaraq yeni qəbul edilmiş sanksiyaların icrasına birbaşa Dövlət Departamenti nəzarət edəcək. Əgər əvvəllər Konqressin Rusiya ilə bağlı qəbul etdiyi qərarlar heç də həmişə hökumət tərəfindən icra edilmirdisə, indiki halda, yəni Helsinki görüşündən sonra baş verənlərdən sonra Tramp administratsiyasının Rusiya ilə olan münasibətlərində manevr imkanları bloklanmış olur. Beləliklə, qeyri-rəsmi qaydada olsa da, ABŞ tarixində ilk dəfə olaraq siyasi sistemdə prezidentin səlahiyyətləri azalır, parlamentin isə, xarici siyasətlə bağlı səlahiyyətləri genişlənir. İş orasındadır kı, düz bir il əvvəl, 27 iyul tarixində Senatda ABŞ -ın "düşmənlərinə qarşı mübarizə çərçivəsində sanksiyaların tətbiqi haqqında" qanun qəbul edildi. CAATSA adlanan qanun tez bir zamanda o vaxtlar Tramp tərəfindən imzalandı. Aydın məsələdir ki, bu Trampın taktiki səhvlərindən biri idi. Çünki, Tramp faktiki olaraq həmişə Rusiyaya qarşı sanksiyaların bir qədər yumşaldılmasının tərəfdarı olaraq çıxış edib. Ancaq o qanun imzalandıqdan sonra Tramp Rusiyaya qarşı müstəqil siyasət tətbiq etmək imkanlarını itirdi. Helsinkidəki görüşdə baş verənlər isə ABŞ-dakı bəzi qüvvələri düşündürməyə vadar etdi və məhz Helsinki görüşü ABŞ istiblişmentini Rusiyaya qarşı daha sərt davranmağa təhrik etdi. Son yaşananlar isə Trampın Rusiya siyasətinin tamamilə bloklanması anlamına gəlir. Təbii ki, uğursuz Helsinki görüşündən sonra ABŞ-ın gündəminə Konqres tərəfindən Rusiyaya qarşı silsilə sanksiyaların tətbiq olunması gəldi. Və bu durumda Trampın təşəbbüsü əldən verməsi onun siyasi iflasına səbəb ola bilərdi".

Millət vəkili Adil Əliyev isə diqqəti Türkiyəyə qarşı yönələn təzyiqlərə, bu ölkəni iqtisadi baxımdan çökdürmək istəklərinə yönəldib. O, bildirib ki,
qara qüvvələr yenə qardaş Türkiyənin başı üstünü kəsdirib. Millət vəkilinin sözlərinə görə,  Türkiyə və ABŞ uzun illər müttəfiq olublar: "Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan haqlı olaraq narazılığını bu şəkildə bildirir ki, uzun onilliklər ərzində Türkiyə Amerikanın bir çox xahişini yerinə yetirib. Türkiyə Amerikanın xahişi ilə 1950-ci illərdə hərbçilərini Koreya yarımadasına göndərdi, halbuki bu bölgədəki müharibənin Türkiyəyə az dəxli var idi və nə qədər hərbçisini itirdi. 1960-cı illərdə Amerika ilə SSRİ arasında yaranan dərin Karib böhranında yenə Türkiyə yada düşdü, SSRİ öz raketlərini Kubadan, Amerika isə Türkiyədən geri çəkdi və nəticədə dünya növbəti və dəhşətli müharibə risqindən qurtuldu. Terrorçular 2001-ci ildə Amerikaya hücum etdikdə Türkiyə yenə Amerikaya dəstək verdi və Vaşinqtonun istəyi ilə hərbçilərini NATO çərçivəsində Əfqanıstana göndərdi. İndi bu qədər yaxşılığın qarşılığında ABŞ bir rahibə görə keçmiş müttəfiqinə qarşı sanksiyalar tətbiq edir, Türkiyə lirəsini və iqtisadiyyatını çökdürməyə çalışır". Millət vəkili hesab edir ki, rahib məsələsi bəhanədir. Türkiyənin müstəqil xarici siyasəti və Avrasiya bölgəsində artan çəkisi Qərbdə bir sıra dairələrin xoşuna gəlmir: "Ona görə bəlli qüvvələr Birinci Dünya Savaşı sonrası olduğu kimi Türkiyəni zəiflətməyə və parçalamağa çalışırlar. Ancaq necə ki, bu o illərdə alınmadı, indi də alınmayacaq. Terrorçu Gülən və PKK şəbəkəsi ilə bağlı Türkiyədə ev həbsində olan rahib Endryü Bransonun Amerikaya geri qaytarılmaması sadəcə bəhanədir. Bunu təsdiq edən odur ki, Amerika yenicə Türkiyəyə 8 maddəlik ağır şərtlər siyahısı göndərib. Həmin şərtləri oxuduqda ağlıma bircə cümlə gəldi. Bu şərtlərin yerinə yetirilməsi Türkiyənin müstəqil siyasətindən imtina edib, ancaq Amerikanın dediklərini etməsi demək olar. Deyəsən, Amerikada Türkiyəni Ermənistanla səhv salıblar. Ermənistan başqa dövlətin vassalıdır və ağasına asi olmaq ixtiyarında deyil. Türkiyə bu illərdə möhkəm istisadiyyat qurub və heç bir dövlətdən siyasi və hərbi asılılığı yoxdur. Bəli, son günlər türk lirəsi dəyərdən düşür, ancaq bu, dünyanın sonu deyil. Keçmiş illərdə Türkiyədə inflyasiya da olub, lirənin dəyərini itirdiyi illər də az olmayıb, ancaq qardaş ölkə hər dəfəsində zəhmətkeş insanlarının əməyi və təri ilə bu vəziyyətdən çıxıb. İndi də çıxacaq! Prezident Rəcəb Təyyub Ərdoğanın "onların dolları varsa, bizim də xalqımız və Allahımız var" sözlərini məsxərəyə qoyanlar var. Bu, yalnız hörmətli Ərdoğanın sözləri və yanaşması deyil. Ağlı başında olan hər vətənpərvər türk anlayır ki, bu gün Amerikanın istəyi qarşısında güzəştə gedilsə, sabah başqa 8-9-10 və sayı artan şərtlər gələcək". Millət vəkili Azərbaycanda özünü müxalif adlandıran bir neçə ekspertin "Azərbaycan Türkiyədən sərmayəsini geri çəksin" fikirlərinə də toxunub. Bildirib ki, Azərbaycan bu "ekspertlərin" dediyi kimi etsə, Türkiyəyə arxa çevirmiş olar, bu isə nə qardaşlığa, nə də strateji müttəfiqliyə uyğundur: "Azərbaycanın Türkiyədən sərmayəsini geri çəkməsi nə siyasi, nə də iqtisadi maraqlarımıza uyğundur. Dövlət Neft Şirkəti Türkiyədəki neft və kimya sənayesinə milyardla dollar yatırım qoyub. Bir neçə aydan sonra Star zavodunun möhtəşəm açılışı olacaq. Bu zavoda Dövlət Neft Şirkəti 6 milyard dollardan çox yatırım qoyub. Görəsən həmin o "ekspertlər" Azərbaycanın həmin zavoddan imtinasını necə təsəvvür edirlər? Star hər iki ölkəyə gələcək illərdə milyardlarla dolar gəlir gətirəcək. "Sərmayəmizi geri çəkək" təklifləri düşmənlərimizin xeyrinədir. Düşmənlərimiz çox arzu edir ki, Türkiyə-Azərbaycan ittifaqı sarsılsın. Sərmayəmizin geri çəkilməsi məhz ittifaqın zəifləməsinə hesablanıb. Bir neçə il əvvəl Azərbaycan manatı da devalvasiyaya uğramışdı. Məgər onda Türkiyə Azərbaycandakı milyardlarla dolar sərmayəsini gerimi çəkdi? Biz də çəkməməliyik. Atalarımız yaxşı deyib, dost və qardaş dar gündə daha yaxşı tanınar! Biz dostumuzu və qardaşımızı darda qoyan xalqlardan deyilik. Türkiyə Allahın və xalqının zəhməti ilə bu çətinliyi də adlayacaq!

AXCP sədri Razi Nurullayev isə bildirib ki, ABŞ-ın Türkiyəyə, Rusiyaya və İrana tətbiq etdiyi sanksiyalarda kifayət qədər haqsız məqamlar var: "Rusiya ilə məsələ aydındır və bu sanskiyalara Avropa ölkələri də qoşulub. Səbəb də birmənalı olaraq Krımın Rusiya tərəfindən ilhaq edilməsidir. Əslində, tətbiq edilən sanksiyalar Rusiyanı çəkdürmədi və gözlənilir ki, Rusiya bu savaşdan qalib çıxacaq. Çünki, sanksiyalar nəticəsində iqtisadi və maliyyə boşluqlarını aşkara çıxardı və indi onların doldurulması ilə məşğuldur. İrana və Türkiyəyə tətbiq edilən sanksiya isə heç bir tənqidə dözmür. İran "altılıq" çərçivəsində 2015-ci ildə bağlanmış razılaşmaya əsasən öhdəliklərini yerinə yetirib. Nə yaxşı ki, Avropa Birliyinin müdrik siyasətçiləri sayəsində qoca qitə bu sanksiyalara qoşulmadı. Lakin, əfsuslar ki, qoşulmasa belə iri şirkətlər ABŞ-la kəllə-kəlləyə gəlməmək üçün İranı tərk etməkdə davam edirlər. Bu yolverilməz bir məsələdir. Bu tip bəlalar hər bir ölkənin başına gələ bilər və Amerikanın tək hegemonluğu dünyanı yenidən ciddi qütbləşməyə sürükləyir". Razi Nurullayev deyib ki, Türkiyə hədə-qorxular qarşısında əyilməyəcək, sınmayacaq: "Zamanı ilə dünyanın dörd qitəsində hökmranlıq etmiş bir imperiya sına bilməz. Onun üçün də bütün müdrik ölkələr haqsız olaraq sanksiyalara məruz qalmış dövlətlərin yanında yer almalıdır. Ümid edirəm ki, ölkələr ciddi şəkildə milli valyutalarla hesablaşma məsələsində real addımlar ata biləcəklər. Nəhayət ki, hesablaşmalar barədə danışıqlar əməli işlə əvəz olunmalıdır. Qonşu dövlətlərə qarşı iqtisadi sanksiyalar və onların milli valyutasının ölməsi bizim ölkəmiz üçün də ciddi təhlükələr vəd edir. Çox ehtiyatlı olmaq gərəkir və qonşularımızı da tək qoya bilmərik. Azərbaycanla ABŞ müttəfiq ölkələrdir və biz də bunun belə qalmasını istəyirik, lakin ABŞ da bilməlidir ki, apardığı bu siyasət regionda tam dəyişik bir geosiyasi mühitin formalaşmasına gətirib çıxarır". Partiya sədri hesab edir ki. Türkiyə, İran və Rusiya güclərini birləşdirəcək və ABŞ-a qarşı nəhəng bir güc formalaşacaq: "Bu güclər onlarla digər ölkələri də öz ətraflarına yığa biləcəklər. Çünki, ABŞ-ın apardığı siyasət inam vəd etmir və artıq çox ölkələr və siyasətçilər ABŞ-a etibar edib-etməmə haqqında ciddi şübhəyə düşüblər".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31