Feyk xəbərlər yayan KİV-lər cəzalandırılacaq
Malayziya hökuməti feyk xəbərlər yayan kütləvi informasiya vasitələrinin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini parlamentin müzakirəsinə təqdim edib.
26 Mart 2018 20:35 DünyaMalayziya hökuməti feyk xəbərlər yayan kütləvi informasiya vasitələrinin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini parlamentin müzakirəsinə təqdim edib.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə feyk xəbərlər yayan jurnalistlər ya cərimə ediləcək, ya da 10 il müddətinə azadlıqdan məhrum olunacaqlar.
Ölkənin Baş naziri Nəcib Razakın dəftərxanasının təqdim etdiyi qanun layihəsindən sitat gətirən nəşr yazır: "Feyk xəbərlərin yayılması qlobal problemə çevrilib və cəmiyyətə çox mənfi təsir göstərir".
Məhkəmənin qərarına əsasən yalan məlumat ləğv edilməli, onu yayan media orqanı və ya sosial şəbəkə isə bununla bağlı təkzib yerləşdirməlidir. Bununla yanaşı, həmin məlumatı yaradan, təklif edən, ictimailəşdirən, yayan, nəşr edən, başqasına ötürən şəxs 10 il müddətinə azadlıqdan məhrum ediləcək və ya 500 min Malayziya rinqiti (təqribən 168 min dollar) məbləğində cərimə olunacaq.
Nəşrin yaydığı məlumatda bildirilir ki, qanun layihəsi Nazirlər Kabineti tərəfindən ötən həftə bəyənilib və martın 26-da parlamentin müzakirəsinə çıxarılıb. Publika.az