ABŞ-ın sanksiyaları Rusiyaya necə təsir edəcək?
Birləşmiş Ştatların Maliyyə Nazirliyinin bir müddət əvvəl yaymış olduğu “Kreml hesabatı” ətrafında gərginlik davam etməkdədir. Kifayət qədər geniş spektri əhatə edən bu hesabat həm Kreml rəhbəri, həm də onun yaxın ətrafı üçün xoş heç nə vəd etmədiyi göz önündədir. Elə bu səbəbdəndir ki, məhz “Kreml hesabatı” deyilən sənədin yayılmasından sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə yaxın əlaqələrə malik olan iş adamlarının ciddi təşviş keçirdiyi, öz miraslarını qorumaq üçün müxtəlif yollar axtardığı bildirilir.
9 Fevral 2018 14:44 DünyaElçin Mirzəbəyli: "Yeni sanksiyalar yaxın qonşumuza ciddi təsir göstərmək mexanizmlərinə malikdir"
"Bu baxımdan, ehtimal olunan nəticələrə, məhdudiyyətlərin doğuracağı aqressiv davranışlara hazır olmaq lazım gəldiyini düşünürəm"
Birləşmiş Ştatların Maliyyə Nazirliyinin bir müddət əvvəl yaymış olduğu "Kreml hesabatı" ətrafında gərginlik davam etməkdədir. Kifayət qədər geniş spektri əhatə edən bu hesabat həm Kreml rəhbəri, həm də onun yaxın ətrafı üçün xoş heç nə vəd etmədiyi göz önündədir. Elə bu səbəbdəndir ki, məhz "Kreml hesabatı" deyilən sənədin yayılmasından sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə yaxın əlaqələrə malik olan iş adamlarının ciddi təşviş keçirdiyi, öz miraslarını qorumaq üçün müxtəlif yollar axtardığı bildirilir. Hər nə qədər Rusiyanın hakim elitasında "Kreml hesabatı"nın bu ölkənin rəsmi şəxsləri və iş adamlarına təsirsiz ötüşəcəyi iddia edilsə də, lakin açıq və gizli şəkildə müəyyən narahatçılıqlar özünü büruzə verməkdədir. Elə əksər ekspertlər də bu qənaətdədirlər ki, Birləşmiş Ştatların Maliyyə Nazirliyinin yaymış olduğu "Kreml hesabatı" heç də düşünüldüyü kimi hesabatda adı keçən şəxslərə təsirsiz ötüşməyəcək. Bu istiqamətdə şimal qonşumuzun kütləvi informasiya vasitələrinin ictimai rəyə təsir etmə fəaliyyətləri də nəticə vermir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, siyasi şəhrçi Elçin Mirzəbəyli də deyir ki, Rusiyanın bütün kütləvi informasiya vasitələri "Kreml hesabatı"nın ölkəyə təsir etməyəcəyini sübuta yetirmək üçün dəridən-qabıqdan çıxırlar: "Bir neçə gündür araşdırma aparıram, amma "Kreml hesabatı" ilə bağlı ehtimal edilən sanksiyaların Rusiyaya təsiri ilə bağlı hətta yarıobyektiv təhlilə rast gələ bilmirəm. Kremlin nəzarətində olan bütün resurlar təbliğat xarakterli məlumatlar, "təhlil"lər yayır. Həm də əsaslandırılmamış, bəsit arqumentlərdən ibarət. Qismən obyektiv məlumat yayan, təbii ki "ru" domeni ilə yayımlanmayan rusdilli və hətta ingilisdilli resurslar isə kompyuterimdəki "Karpersky" anti-virus və internet təhlükəsizliyi proqramı tərəfindən bloklanır və yaxud "virus yayan təhlükəli resurs" kimi təqdim olunur. Bütün bunlara baxmayaraq, hətta proqram təminatının özü ilə bağlı xəbərlərdə belə "Kreml hesabatı"nın dərin izini görmək mümkündür.
Məsələn, Amerikanın proqram təminatı istehsalı ilə məşğul olan nəhəng "Oracle" şirkəti Rusiyanın "Lukoyl", "Qazprom", "Rosneft", "Surqutneft" şirkətləri və onların törəmə müəssisələrinin proqram təminatı ilə bağlı qaydaları sərtləşdirib". Elçin Mirzəbəylinin sözlərinə görə,
həmin xəbərdə ən maraqlı məqamlardan biri də odur ki, sən demə Rusiyanın nəhəng enerji şirkətlərini proqramla Birləşmiş Ştatlar şirkəti təmin edirmiş: "Enerji sektorunda proqram təminatı və bu sahəyə xidmət elə də sıradanbir məsələ deyil. "Oracle"nin müstəriləri sırasında 283 Rusiya şirkətinin adı var. Rusiyanın nəhəng şirkətləri layihələrin idarə olunmasında, o cümlədən yataqların kəşfiyyatında və hasilatda "Oracle Primavera" proqram təminatından istifadə edirlər. Bu proqram olmadan, yaxud yenilənmədən layihələri idarə etmək, demək olar ki, mümkün deyil. Təkcə "Oracle" şirkətinin tətbiq etdiyi məhdudiyyətlər nəticəsində Rusiyanın enerji sektorunun böyük zərər görəcəyi bildirilir. Çünki Rusiyanın enerji sektoru bütövlükdə xarici proqram təminatçılarından asılıdır. Maraqlıdır, görəsən "milli" cəsus proqramları ad çıxaran ruslar hansı səbəblərdən bu günədək öz enerji sektorunlarını proqramla təmin etmək barədə düşünməyiblər? Bəlkə Kreml başbilənlərinin mütəxəssislərin potensialını yaradıcılığa yox, dağıdıcılığa yönəltdikləri üçün? Onu da qeyd edim ki, sanksiyalarla son 4 il ərzində Rusiyadan 258 milyard dollar xarici kapital axını baş verib. Ölkə iqtisadiyyatına birbaşa sərmayələrin həcmi 7 dəfə azalıb. Ekspertlərin hesablamalarına görə, əgər Rusiyanın xarici borclanma ilə bağlı əməliyyatlarına da məhdudiyyət tətbiq edilərsə rus rublu qısa müddət ərzində ən azı 20 faiz dəyərdən düşə bilər. Təbii ki, bu istiqamətdə araşdırmaların aparılması daha çox iqtisadçıların vəzifəsidir. Təqdim etdiyim təsdiqlənmiş məlumatlar isə sübuta yetirir ki, yeni sanksiyalar yaxın qonşumuza ciddi təsir göstərmək mexanizmlərinə malikdir. Bu baxımdan, ehtimal olunan nəticələrə, məhdudiyyətlərin doğuracağı aqressiv davranışlara hazır olmaq lazım gəldiyini düşünürəm".
Məhəmməd