Deputat: “ABŞ və Türkiyə prezidentlərinin görüşündən sonra iki ölkə arasında yeni bir mərhələnin başlanğıcının şahidi olacağıq”
Hazırda beynəlxalq siyasi aləmin diqqəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Trampla görüşü və iki dövlət başçısı arasında müzakirə olunan məsələlərə yönəlib. Nəzərə almaq lazımdır ki, Vaşinqtonda müzakirə olunan məsələlər və əldə olunan razılaşmalar dünyada baş verən proseslərə birbaşa təsir imkanına malik ola bilər. Odur ki, dövlətlər sözügedən görüşdə qəbul edilən qərardan öz maraqları üçün faydalanmağa çalışırlar.
18 May 2017 15:28 DünyaHazırda beynəlxalq siyasi aləmin diqqəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Trampla görüşü və iki dövlət başçısı arasında müzakirə olunan məsələlərə yönəlib. Nəzərə almaq lazımdır ki, Vaşinqtonda müzakirə olunan məsələlər və əldə olunan razılaşmalar dünyada baş verən proseslərə birbaşa təsir imkanına malik ola bilər. Odur ki, dövlətlər sözügedən görüşdə qəbul edilən qərardan öz maraqları üçün faydalanmağa çalışırlar.
Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri, prezident Donald Trampla görüşü beynəlxalq və regional baxımdan çox mühüm əhəmiyyət kəsb edən görüş idi. Bu görüş ümid verir deyək ki, yaxın gələcəkdə Ağ Evin Türkiyə ilə bağlı siyasətində yeniliklərin şahidi olacağıq. Onun sözlərinə görə, Barak Obama hakimiyyətinin son dövrlərində Türkiyə-ABŞ münasibətələri kritik bir həddə çatmışdı: "Obama dövründə Ağ Ev administrasiyasının yürütdüyü siyasət təkcə Türkiyə məsələsində deyil, eyni zamanda digər beynəlxalq səviyyəli məsələlərdə də ciddi problemləri Tramp hakimiyyəti üçün miras qoyub. Və qarşıdakı dönmədə Donald Tramp Obamanın miras qoyduğu bu problemləri həll etməlidir. Onlardan biri də Yaxın Şərqdə yaranmış son dərəcə ağır və mürəkkəb durumdur. Hansı ki, Yaxın Şəqrdə yaranmış bu ağır durumdan Türkiyə də az əziyyət çəkməyib. Odur ki, Ərdoğanın Vaşinqtona səfəri zamanı bu və digər bir neçə ciddi məsələləri müzakirə etmək gündəlikdə var idi. İlk olaraq Türkiyə Suriya məsələsində Ağ Evin mövqeyinə aydınlıq gətirməyə çalışıb. Çünki Türkiyə hazırda bu istiqamətdə Rusiya və İranın yer aldığı formatda əməkdaşlığını uğurla davam etdirir. Ona görə də Türkiyə gələcəkdə Suriya və yaxın Şərqdəki problemin tənzimlənməsində hansı formatlarda daha etibarlı şəkildə təmin etmək məsələsini gündəmə gətirib. Bu konteksdə Amerikanın kürd yaraqlılarına hərtərəfli dəstək verməsi məsələsinin də ciddi müzakirə olunduğunun düşüncəsindəyəm. Amerikanın Suriya və İraqda terrorçu YPG və PYD-yə hərtərəfli dəstək verməsi isə Yaxın Şəqrdə xəritəni dəyişməyə xidmət edən hərəkətlərdir ki, bu da Ankaranı ciddi narahat edir. Əgər növbəti mərhələlərdə Yaxın Şərqdə Türkiyə ilə sərhəddə yeni beynəlxalq siyasi və hüquqi subyekt yaranacaqsa, bu, avtomatik olaraq Ankaranın maraqlarına uyğun olmayan bir məsələ olacaq. Çünki bu, Türkiyə daxilində sabitliyin pozulmasına xidmət etməklə yanaşı, təhlükəsizliyini də təhdid edən məsələdir. Düşünürəm ki, Ərdoğanla Tramp bağlı qapılar arxasında məhz bu məsələləri müzakirə edib".
Zahid Oruc onu da əlavə edib ki, zamanında Ərdoğanın kürd açılımı ilə bağlı başlatdığı proses məhz Qərb dairələrinin Yaxın Şərq və Suriyada başlatdığı proseslərdən sonra dayandırıldı və bu proses iflasa uğradı: "Bunda da ilk növbədə, məhz Qərb özü günahkardır. Çünki buradakı qüvvələr siyasi cəhətdən Qərb tərəfindən həvəsləndirildi və onlara hərtərəfli dəstək verilərək Türkiyə daxilində sabitliyi pozmağa başladılar. Bu qüvvələr problem çözmək əvəzinə, vəziyyətin dalana dirənməsi istiqamətində fəaliyyət göstəriblər. Onların irəli sürdüyü siyasi iddialar artıq Türkiyə dövlətçiliyinə təhdid yaradırdı. Məhz bu səbədən də kürd açılımı ilə bağlı proses iflasa uğradı". Millət vəkili eyni zamanda, Ərdoğanın Trampla qapalı görüşündə digər əsas məsələ kimi Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi və FETÖ-çulara qarşı mübarizədə dəstək almasının müzakirə edildiyi qənaətindədir. Zahid Oruc Ağ Evin Fətullah Güləni Türkiyəyə təhvil verəcəyinə inanmasa da, bu məsələ üzərində müəyyən bazarlıqların olacağı düşüncəsindədir: "Hesab edirəm ki, Ağ Ev Gülənin əvəzinə digər alternativlər təklif edə bilər. Ərdoğan 2019-cu ilə yönəlik strategiyasında Ağ Evdən müəyyən dəstək ala bilər və bu, məsələdə müəyyən razılaşmalar ola bilər". Ümumiyyətlə, Z.Oruc hesab edir ki, Ərdoğan Tramp görüşü çox önəmli görüş idi: "Çünki Türkiyə Avrasiyada böyük bir missiyanı həyata keçirməkdədir və onun rolunu inkar etmək mümkün deyil. Necə deyərlər, Türkiyəyə qarşı hansısa sanksiyalar tətbiq etməklə, onun dünyada və regionda rolunu məhdudlaşdırmaq mümkün deyil".
Millət vəkilinin fikrincə, bu baxımdan da ABŞ və Türkiyə prezidentlərinin görüşündən sonra iki ölkə arasında yeni bir mərhələnin başlanğıcının şahidi olacağıq: "Bu arzu deyil. Dünyada, Yaxın Şərqdə və Avrasiya məkanında yaranan durum bunu diqtə edir. Bu məsələlərdə Türkiyənin rolunu görən və dəyərləndirən Ağ Ev iki ölkə arasında yaxınlaşmaya gedəcək. ABŞ Türkiyəni özünə çəkmək üçün bir sıra siyasi güzəştlərə getməli olacaq. Ağ Ev Ankaranı Rusiya-Türkiyə-İran formatından ayırmaq üçün hansısa siyasi güzəştlərə getməyə məcburdur. Vaşinqton onu da yaxşı anlamaqdadır ki, Ankara sevgisindən Moskva-Tehran formatında iştirak etmir. Bunun səbəbi elə onaların səhv siyasətinin nəticəsidir". Z.Oruc deyib ki, Ağ Evin Ankaraya dəstəyindən sonra Avropanın da Türkiyəyə qarşı sərgilədiyi sərt mövqe yumşalmağa başlayacaq: "Çünki Avropadan Türkiyəyə qarşı sərt mövqelərin sərgilənməsi elə Ağ Ev tərəfindən idarə olunurdu. Suriyadakı YPG və PYD-yə dəstəyin müəyyən mənada zəiflədiyinin şahidi olacağıq. Ağ Ev onun fərqindədir ki, bu gün Yaxın Şərqdə və Suriyada nüfuz uğrunda mübarizə getmir, əksinə bölgənin bölüşdürülməsi uğrunda mübarizə gedir. Bu məsələdə də Türkiyənin rolu danılmazıdr. Amerikaya Türkiyə kimi müttəfiqdən imtina, ona baha başa gələ bilər. O baxımdan, Türkiyənin bölgənin bölüşdürülməsi uğrunda mübarizədə hansı cinahda durması Vaşinqton üçün önəmlidir". Millət vəkili əlavə edib ki, Yaxın Şərqdə Rusiyanın mövqeyinin möhkəmlənməsi bölgədə onun mövqeyinin zəifləməsinə gətirib çıxaracaq: "Rus əsgərinin xilaskar obrazında çıxış etməsi isə Amerikanın maraqlarına uyğun deyil. Rus əsgərinin belə bir obrazı isə dünyada heç şübhəsiz fərqli düzən yaradacaq. Ona görə də Amerika yaranmış durumda Türkiyənin rolunu dəyərləndirib müəyyən güzəştlərə getməklə onu özünə tərəf çəkməyə çalışacaq. Biz yaxın gələcəkdə bunun şahidi olacağıq".
Alim