Bu ölkə viran sayılsa da, inkişaf edir - GECİKMƏMƏLİYİK

5 ildən bəri qanlı vətəndaş müharibəsinin getdiyi, yaşayış məkanlarının viran qaldığı, İŞİD-in ölkənin az qala yarısına nəzarət etdiyi Suriyada 2017-ci ilin dövlət büdcəsi təsdiqlənib.

5 ildən bəri qanlı vətəndaş müharibəsinin getdiyi, yaşayış məkanlarının viran qaldığı, İŞİD-in ölkənin az qala yarısına nəzarət etdiyi Suriyada 2017-ci ilin dövlət büdcəsi təsdiqlənib.

Dövlət büdcəsinin həcmi 1/3 qədər artırılıb və bu, yalnız qismən inflyasiya ilə bağlıdır. Ölkədə bank sistemi çox aktiv şəkildə yenilənir, genişmiqyaslı islahatlar aparılır, idxala dövlət dəstəyi artır, nəqliyyat və rabitə bərpa olunur, yeni sənaye müəssisələri tikilir.

Qanlı vətəndaş savaşına və şəhərlərin viran qalmasına rəğmən, Dəməşq iqtisadiyyatı dirçəldir.

Suriya prezidenti Bəşər Əsəd də bəyan edib ki, vətəndaş müharibəsinin dinc danışıqlar vasitəsilə tənzimlənməsi ilə yanaşı, iqtisadiyyatın tam bərpası qarşıda duran əsas vəzifələrdir.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi belə, son hesabatında etiraf edib: "Suriyanın hakimiyyəti beynəlxalq sanksiyaların, vətəndaş müharibəsi nəticəsində infrastruktura dəyən zərbələrin, daxili istehlak və istehsalın səviyyəsinin aşağı düşməsinin, subsidiyaların azalmasının, habelə yüksək inflyasiya nəticəsində valyuta ehtiyatlarının azalmasını, büdcənin və ticari balans kəsirinin böyüməsinin, Suriya funtunun ucuzlaşmasının və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinin yaratdığı fəsadları aradan qaldırmaq üçün var qüvvəsi ilə çalışır".

Suriya "kiçik iqtisadiyyatlı ölkə"lər sırasında olduğundan miqyası baxımından 21-ci əsrdə insan üçün gərəkli hər şeyi daxili istehsal hesabına təmin edə bilmir. Bu baxımdan Suriya beynəlxalq ticari və maliyyə münasibətlərinə intensiv cəlb olunub. Bəhs etdiyimiz məqam da Qərbin sanksiyalarının Suriyaya təsirini dəfələrlə artırmışdı.

Suriyanın paradoksal büdcəsi

Suriya parlamentinin qəbul etdiyi və prezident Bəşər Əsədin təsdiqlədiyi 2017-ci il büdcəsinə nəzər salaq. Büdcə xərcləri 2,66 milyard Suriya funtu (təqribən 5,1 milyard dollar) həcmindədir ki, bu məbləğin 1,982 milyard funt cari xərclərə, 0,678 milyard funtu investisiya layihələrinə, o cümlədən savaşdan ziyan çəkmiş müəssisələrə kompensasiyalara və mühüm obyektlərin bərpasına yönələcək.

Sosial təminat sahəsinə 423 milyon funt sərf olunacaq. Ötən illə müqayisədə büdcə xərclərinin 34 faiz, yəni 680 milyon funt artımı inflyasiya ilə bağlıdır. Bununla yanaşı, vergilərin ödənməsinə nəzarət də gücləndirilib. Paralel olaraq müxtəlif yeni rüsumlar və ödənişlər də tətbiq olunur.

Parlamentin spikeri Hədiyə Abbas büdcənin əlavə gəlirlər əldə olunmasına yönəlmiş proqramların müzakirəsinin başlandığını bəyan edib. Bu müzakirələr əsnasında maliyyə naziri Məamuh Həmdan bəyan edib ki, vətəndaş savaşının tüğyan etdiyi 5 il ərzində sənaye və xidmət sektorlarında əmək məhsuldarlığı səviyyəsi enib.

Rəsmi Dəməşq çıxış yolunu idxalın rasionallaşdırılması, inzibati islahatların gücləndirilməsi, korrupsiya və rüşvətxorluqla mübarizənin maksimal dərəcədə gücləndirilməsi, rekonstruksiya işlərinin intensivləşdirilməsi və s.-də görür.

Deputatlar isə bazara nəzarətin gücləndirilməsi və vətəndaşların gəlirlərinin artırılması sahələrində effektiv tədbirlərin görülməsini tələb ediblər.

İqtisadiyyat və xarici ticarət naziri Ədib Məlayyanın dediyinə görə, Suriyanın real iqtisadi siyasəti ölkədəki mövcud böhrana uyğunlaşdırılsa da, artıq xalq təsərrüfatının bərpasına yönəlib: "Əsas diqqət kiçik və orta müəssisələrin tam bərpasına ayrılır".

Sənaye istehsalını stimullaşdırmaq üçün müəssisələrə və şirkətlərə enerjidaşıyıcılarını müstəqil şəkildə idxal etməyə icazə verilib. Bundan başqa, Suriya ixracatı daha da artırmaq və "dost ölkələr"də ixracat zonalarını yaratmaq niyyətindədir.

Bank islahatları başlanıb

Şirkətlərin və müəssisələrin kredit vəsaitləri ilə normal təmin olunması üçün ölkənin maliyyə-kredit sistemində genişmiqyaslı islahatlara başlanıb. Əsas məqsəd özəl şirkətlərlə dövlət qurumları arasında qarşılıqlı fəaliyyəti tam təmin etmək, bu zaman komplimentarlıq prinsipinə riayət etməkdir.

Proses bilavasitə baş nazir İmad Həmisin nəzarətindədir. O, ödənişlərdə problemlər yaranmış kreditlərlə bağlı situasiyanın həlli üçün dövlət banklarını "düşünülmüş, sahibkarların və iş adamlarının maraqlarını nəzərə alan addımlar atmağa" çağırıb.

Yeni qaydalara görə, banklar onların müştərilərinin maraqlarına və tələblərinə cavab verən kreditlər verəcək.

Paralel olaraq ödəniş vaxtları gecikdirilən kreditlərə yenidən baxılacaq. Döyüş bölgələrindəki iş adamlarına verilmiş kreditlərin ödənişi ümumiyyətlə ləğv ediləcək.

Maliyyə Nazirliyi yaxın 5 ay ərzində ölkədə 14663 yeni bankomat quraşdırılacağını, bankların kapitallaşmasının artırılacağanı, habelə bankların fəaliyyətinin effektivliyinin gücləndiriləcəyini bəyan edib.

"Təbii ki, bütün bunlar riskdir. Lakin risk olmadan inkişaf mümkün deyil. Dövlətin, biznesin və istehlakçının birg səyləri ilə ölkəni bərpa edəcək, viranə qalmış şəhərləri abadlaşdıracağıq. Bərpa prosesi və sonrakı iqtisadi inkişaf böhranın bitmə müddəti ilə bağlı deyil. Biz indidən inkişafı şərtləndirəcək qanunlar qəbul etməli, iqtisadiyyatda sürətli dirçəlişi stimullaşdırmalıyıq", - Suriya prezidenti Bəşər Əsəd söyləyib.

Yeni zavodlar, fabriklər, kombinatlar işə salınır

Baş nazir İmad Həmisin dediyinə görə, son vaxtlar bərpa olunan və ya yeni tikilən sənaye, habelə kənd təsərrüfatı müəssisələrinin sayı sürətlə artır.

Suriyada vətəndaş müharibəsinin başlandığı, ötən ildən bəri sakitliyin hökm sürdüyü Dəraa vilayətində bu ilin ikinci yarısında 7 yeni sənaye müəssisəsinə fəaliyyət lisenziyası verilib. Həmin obyektlər radioelektron avadanlığın bərpası zavodu, konserv fabriki, süd kombinatı, plastik məmulatlar istehsal edən bir neçə müəssisədir.

Toplam kapitalı 600 milyon Suriya funtu olan bu müəsssiələr həm də 753 yeni iş yeri deməkdir.

Maraqlıdır ki, bu ilin ilk yarısında elə həmin əyalətdə 255 milyon funt kapitallı 5 sənaye müəssisəsi istifadəyə verilmiş, 57 yeni iş yeri açılmışdı.

Suriyanın ən böyük şəhəri, srağagün terrorçulardan azad edilmiş Hələb şəhərində isə "Şeyx Nəcar" sənaye zonasının yaradılması planının reallaşdırılmasına başlanacaq.

Məqsəd şirkətlərin, emalatxanaların və müəssisələrin sahiblərinin, işçilərinin Hələbə qayıdışını təmin etməkdir. Bunun üçün müvafiq infrastruktur yaradılmalı, insanların və obyektlərin təhlükəsizliyi təmin olunmalı, yanacaq və elektroenerji təminatındakı problemlər həll olunmalıdır.

Baş nazir İmad Həmisin dediyinə görə, bu problemlər hazırda prioritetdir.

O, Neft və Mineral Ehtiyatlar Nazirliyinə əyalətlərin yanacaqla  təminatı ilə bağlı situasiyanın tam öyrənilməsini, əyalət qubernatorlarına "Mahrukat" dövlət şirkətinin vasitəsi  ilə şəhərlərdə və şəhərlərarası yollarda yeni yanacaqdoldurma stansiyalarının inşasına başlamaq tapşırığını verdiyini bildirib.

Bununla yanaşı, terrorçulardan azad edilmiş şəhərlərin məhəllələrində ictimai nəqliyyatın fəaliyyəti rekord templərlə bərpa olunur.

Ən əsası isə odur ki, Suriya hökuməti prinsipial qərar qəbul edib: obyektlərinə terror hücumları nəticəsində ziyan dəymiş iş adamları, sənayeçilər və investorlar vergilərdən azad olunacaqlar.

Və innovasiyalar

Suriyada innovasiyalar da var. Bu yaxınlarda paytaxt Dəməşqdə ölkənin Rabitə və Texnologiyalar Nazirliyinin təşkil etdiyi "SyriaTech 2016" beynəlxalq informasiya texnologiyaları sərgisi keçirilib. Sərgidə 30 şirkət iştirak edib.

Suriyanın rabitə və informasiya texnologiyaları naziri Əli əs Səqirin dediyinə görə, onun başçılıq etdiyi struktur özəl sektora hər cür kömək və dəstək verməyə hazırdır.

Daha bir ibrətamiz fakt. Noyabr ayında Dəməşqdə 1 milyard funtluq nizamnamə kapitalına malik "Suriya İxrac Şirkəti" ("Surian Export Company") yaradılıb.

Bu şirkət müxtəlif istehsalçıları və ixracatçıları birləşdirərək Suriya mallarının xarici bazarlara çıxarılması, marketinqi və daşınması ilə məşğul olacaq.

Ağır durum

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Suriyanın iqtisadiyyatı vətəndaş müharibəsindən əvvəlki dövrlə müqayisədə iki dəfə azalıb. Dağıntılar və xarabaların vurduğu ziyan 200 milyard dollar, daxili köçkünlərin və ölkəni tərk etmiş qaçqınların sayı isə 3,3 milyon nəfərdir.

12,2 milyon suriyalı indi iqtisadi çətinliklərdən əzab çəkir.

Qərbin ironiya ilə "balaca ölkələr arasında ən böyük dövlət" adlandırdığı Suriya sanksiyalar çəmbərində boğulur. Ölkəyə dərman preparatları, tibbi avadanlıq, uşaq qidası, hətta Airbus təyyarələri üçün ehtiyat hissələrin satışı yasaqlanıb.

İnanılmaz olsa da, gerçəkdir

Suriyada vətəndaş müharibəsi səngiməsə də, ölkənin sənaye istehsalı artımı 1 faiz, ümumdaxili məhsulda əsas kapitala sərmayələr 18,2 faiz, dövriyyə vəsaitlərinə investisiyalar isə 9,5 faiz təşkil edib.

Yəni savaş davam etsə də, suriyalılar çalışmağa, tikməyə, istehsala davam edirlər.

Hətta Livanda "Modas Syria" moda sərgisi də keçirilib, 100 şirkət orada iştirak edib.

Dəməşqdə keçirilmiş Suriya Sənaye Sərgisinə isə 175 tekstil, ərzaq və s. şirkət qatılmışdı.

Çətindir, amma...

Suriyanın neft və təbii ehtiyatlar naziri Süleyman Abbasın qərarı ilə "Mahrukat" dövlət neft-qaz şirkəti yanacaq satışında qiymətləri müəyyənləşdirib. Ölkədə heç bir dövlət qurumu və ya özəl şirkət dizel yanacağının 1 litrini 140 funtdan artıq qiymətə sata bilməz.

Ölkə valyutası funt vətəndaş müharibəsi nəticəsində hiperinflyasiyaya məruz qalsa da, Suriya sanksiyalara sinə gərmək üçün İranın təcrübəsindən istifadə edir. Məsələn, dəqiqləşdirilmiş kursa malik qızıl Suriya unsiyası tədavülə buraxılıb.

Banklar da fəaliyyətlərini dayandırmayıblar.

Suriya Xalq Kredit Bankının fiziki şəxslərə kreditlərin verilməsi üçün nəzərdə tutulmuş 65 bölməsindən 48-i hazırda fəaliyyət göstərir. Yəni bankirlər terrorçulardan da qorxmurlar.

Ölkədə vətəndaşlara və şirkətlərə kreditlər hazırda 17 faizlik illik stavka verilsə də, Suriyanın Mərkəzi Bankı illik uçot stavkasını 5 faizdən 0,75 faizə salmağı düşünür.

İnflyasiyaya gəldikdə isə, 2013-cü ildə bahalaşma səviyyəsi 89,6 faiz idisə, indi həmin rəqəm 18,2 fazə düşüb.

Səbəb sadədir: ölkənin ümumdaxili məhsulunda (ÜDM) əmanətlərin həcmi 14,5 faizə çatıb. Suriyalılar büdcə kəsirini artırsalar da, bütün borclarını ödəyəcəklərini deyirlər.

Daxili ticarət və istehlakçıların hüquqlarının müdafiəsi naziri Həssan Safiyanın dediyinə görə, onun ölkəsi buğda və unun müqabilində sitrus bitkiləri, kartof, meyvə-tərəvəz, konserv və pambıq parçalar təklif edir.

Beləliklə, Suriyada iqtisadi cəbhədə də savaş gedir və bu savaş vaxt ötdükcə ölkə rəhbərliyi üçün əsas cəbhəyə çevrilməkdədir. Ölkədə vətəndaş müharibəsi gec-tez başa çatacaq, terrorçular məhv ediləcək - yeni vəziyyətin formalaşması prinsipləri artıq indidən müəyyənləşdirilməlidir.

Belə şəraitdə Azərbaycan biznesi yaranan imkanları əldən verməməli, Suriya bazarına gecikməməliyik.

Elçin Alıoğlu
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31