Türkiyə risk edir: Əməliyyatlar İŞİD-lə yanaşı PYD və YPG-yə qarşı da aparılacaq
Türkiyə rəsmilərinin son aylarda İran və Rusiyaya etdikləri diplomatik səfərlərin fonunda Türkiyənin Suriya ərazisində islam adı altında fəaliyyət göstərən, lakin islamla əlaqəsi olmayan İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatlara başlaması əsla təsadüfi deyil.
24 Avqust 2016 13:08 DünyaTürkiyə rəsmilərinin son aylarda İran və Rusiyaya etdikləri diplomatik səfərlərin fonunda Türkiyənin Suriya ərazisində islam adı altında fəaliyyət göstərən, lakin islamla əlaqəsi olmayan İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatlara başlaması əsla təsadüfi deyil.

Bunu Milli.Az-a Trend İnformasiya Agentliyinin Yaxın Şərq redaksiyasının rəhbəri Rufiz HafizoğluTürkiyə ordusunun avqustun 24-də saat 4:00-dan etibarən Suriyanın şimalında İŞİD-ə qarşı hərbi əməliyyatlara başlamasını şərh edərkən bildirib.

Redaksiya rəhbərinin sözlərinə görə, bundan əvvəl sabiq baş nazir Əhməd Davudoğlu Ankaranın Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlamaq istəyində olduğunu, lakin Türkiyənin bu əməliyyatlarda ərəb ölkələrindən dəstək almayacağını bildirmişdi: "Bilindiyi kimi, Səudiyyə Ərəbistanı və Qətər istisna olmaqla heç bir ərəb ölkəsi Suriyada aktiv oyunçu deyil. Bu baxımdan Ankaranın hərbi əməliyyatlar üçün dəstəyi məhz Rusiya və İrandan aldığını istisna etmək olmaz. Bilindiyi kimi, bundan təxminən iki həftə əvvəl Ankara, Tehran və Moskva arasında Suriya münaqişəsinin həlli üçün üçlü mexanizmin gündəmə gəlməsi müzakirə olunurdu. Ona görə də başlanan hərbi əməliyyatların bu üçlü mexanizmin təsiri ilə başlandığını ehtimal etmək olar".

R.Hafizoğlu qeyd edib ki, hazırda bölgədə çox ciddi dəyişikliklər baş verir: "Əslində bu dəyişikliklər daha öncə Suriyada mövcud olan və ABŞ-ın əsas müttəfiqi hesab edilən PYD və YPG terror təşkilatlarının Suriya ərazisində yeni "kürd dövləti" yaratmaq haqqında bəyanatları oldu. Bilindiyi kimi, ABŞ-ın PYD və YPG terror təşkilatları ilə birlikdə İŞİD-ə qarşı əməliyyatlar həyata keçirməsi və azad olunan Suriya torpaqlarında bu təşkilatların yerləşdirilməsi Ankaranı ciddi şəkildə narahat etmişdi. Əslində bu addım Suriyanın parçalanması üçün atılan başlıca tədbirlərdən biridir ki, bu da öz növbəsində nə Ankaranın, nə də Tehranın marağındadır. Bu baxımdan demək olar ki, Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatlar sadəcə İŞİD-ə qarşı olmayaq və bu əməliyyatlar yaxın zamanda PYD və YPG-yə qarşı da tətbiq ediləcək. Dolayısı ilə bu əməliyyatları Ankara, Tehran və Moskvanın ABŞ və Qərbin Suriyadan çıxarılması istiqamətində atılan addımı kimi də qiymətləndirmək mümkündür. Bəlli məsələdir ki, Suriyada münaqişənin uzanmasının başlıca səbəblərindən biri də, təbii ki, ABŞ və Qərbin Suriyada yürütdüyü siyasətdir".

Ekspertin fikrincə, hərbi əməliyyatlar yenicə başlandığı üçün hazırda onun mümkün nəticələrindən danışmaq tezdir: "Təbii ki, İŞID-ə qarşı əməliyyatlara başlayan Ankaranın qarşısında risklər də var. Bu risklərdən biri də, əməliyyatlardan sonra ölkə ərazisində terror aktlarının artması ehtimalı ilə bağlıdır. Bunu ölkə rəsmiləri bilirlər və bu baxımdan hazırda Türkiyədə təhlükəsizlik tədbirləri yüksək səviyyəyə çatdırılıb. Terrora qarşı mübarizə aparmaq hər bir dövlətin haqqı olduğu kimi, Türkiyənin də haqqıdır".