Terrorçular kimyəvi hücum həyata keçirdilər VIDEO
8 Aprel 2016 17:52 DünyaSuriyada dinc sakinlər və kürd özünümüdafiə bölmələrinin (YPG) üzvləri Hələb şəhərinin Şeyx Maksud rayonunda atışmadan sonra kimyəvi qazdan zəhərləniblər. Faktxeber.com bildirir ki, bu barədə Suriya kürdlərinin rəsmisi Reyzan Hedu bəyan edib. Zəhərlənmə faktını Qırmızı Aypara Cəmiyyətinin həkimləri də təsdiqləyiblər. Hedu bildirib ki, zərərçəkənlərdən bəzilərinin vəziyyəti ağırdır, onlar Qırmızı Aypara cəmiyyətinin yerli xəstəxanasına çatdırılıblar. Kürdlərin təmsilçisinin sözlərinə görə, terrorçuların atdıqları mərmi partlayandan sonra qəribə iyli sarı tüstü aləmə yayılıb. Qızıl Aypara cəmiyyətinin həkimlərindən biri xəstəxanaya 4 nəfərin yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, zərərçəkənlərdə konvulsiya, spazma və qusma müşahidə olunur ki, bu da xlor qarışığından zəhərlənmənin simptomlarıdır. Kimyəvi hücumda məsuliyyəti Ceyş əl-İslam öz üzərinə götürüb. Livanın "Hizbullah" hərəkatının döyüşçüləri də bəyan etdilər ki, bazar günündən bazar ertəsinə keçən gecə Hələbin əl-İs məntəqəsində terrorçular tərəfindən kimyəvi silahla hücuma məruz qalıblar. Suriyanın YPG könüllüləri kimyəvi silahdan istifadə edən terrorçuların Türkiyənin himayəsində olduqlarını bildiriblər. Onların sözlərinə görə, kimyəvi hücum zamanı 10 dinc sakin ağır xəsarət alıb. RF XİN-in Silahlar üzərində nəzarət və onların yayılmaması üzrə departamentinin direktoru Mixail Ulyanov bir neçə gün öncə bəyan etmişdi ki, təkcə 2016-cı ildə İŞİD terrorçuları 3 dəfə zəhərli iprit qazından istifadə ediblər, bununla belə BMT TŞ bir dəfə də olsun buna reaksiya verməyib.

