Moskvada kiberstadion inşa olunacaq
5 Aprel 2016 19:39 DünyaRusiyalı iş adamı Əlişir Usmanovun holdinqinin sərmayəçisi olduğu "ESforce" təşkilatı Moskvada dünyanın ən böyük kiberstadionlarından birini inşa edəcək. İKT.lent.az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, 5 min kv. m ərazidə tikilən arenanın inşaatına 5 milyon dollardan çox pul xərclənəcək. ABŞ-dakı analoji kibermeydançaların sahəsi 1,4 min (Esport ASrena) və 1,3 min (MLG.tv Columbus Arena) kvadrat metrdir. Ə. Usmanovun USM holdinqi və onun tərəfdaşları ötən il Rusiyada kiberidman sahəsinə 100 milyon dollara qədər vəsait yatırıb. Moskvadakı arenanın hələlik işçi adı "Arena Moscow"dur. Yekun ad üzərində iş gedir. "ESforce"dan bildiriblər ki, stadionun adı "Yota" operatoru brendinin adı ilə bağlı olacaq. Arenada kiberidman üzrə yarışlar, kiberidmançıların məşqləri, azarkeşlərlə görüşlər və digər əyləncəli tədbirlər keçiriləcək. Stadionda 180 nəfərlik kompüter klubu və restoran da fəaliyyət göstərəcək.
Qeyd edək ki, 2015-ci ildə dünyada kiberidman bazarının həcmi 612 milyon dollar, mükafat fondu 42 milyon dollar təşkil edib, kompüter yarışlarının auditoriyası isə 130 milyon nəfərdən çox olub. 2019-cu ildə bazar həcmi 1,9 milyard dollara çatacaq.