"Windows" və "Samba"da təhlükəsizlik xətası aşkarlandı

Samba şirkətinin mütəxəssisi Stefan Metzmacher "Windows" sistemi və "Samba" proqram təminatında mövcud olan mühüm bir təhlükəsizlik xətasını aşkar edib. İKT.lent.az-ın Cert.gov.az-a istinadən xəbərinə görə, "Badlock" adlanan bu zəiflik barədə ətraflı məlumat təhlükəsizlik ekspertləri tərəfindən 12 aprel 2016-cı il tarixində açıqlanacaq. Hazırda "Windows" mühəndisləri və "Samba" heyəti bu xətanın aradan qaldırılması üçün istifadə olunacaq yeniləmə paketi (patch) üzərində işləyirlər və həmin paketin 12 aprel tarixində dərc olunacağı gözlənilir. "Windows" və "Samba" server infrastrukturlarının administratorluğuna cavabdeh olan bütün mütəxəssislərin diqqətli olması və 12 aprel tarixində yeniləmə paketi dərc olunduqdan dərhal sonra sistemləri yeniləmələri tövsiyə olunur. Belə ki, xəta barədə məlumat dərc olunduqdan sonra bədniyyətlilər bu boşluqdan istifadə etməklə yenilənməmiş sistemlərə qarşı kiberhücumlar reallaşdıra bilərlər. Yeniləmə paketi "Samba"nın 4.4., 4.3 və 4.2 versiyaları üçün nəzərdə tutulub. 22 mart 2016-cı il tarixindən etibarən "Samba 4.1." versiyasına texniki dəstək dayandırıldığından, bu proqram təminatının daha sonra buraxılmış versiyalı proqramlarla əvəz olunması (upgrade) tövsiyə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00