Rusiyanın Vkontakte sosial şəbəkəsində "İnsan kəlləsi alıram" elanı artıq nadir hadisə deyil. Bu şəbəkədə hətta insanın göz bəbəyini almaq istəyənlər də var. Milli.Az bildirir ki, Kira Vladimirova adlı istifadəçi "İnsan kəlləsi satıram. Sifarişlə. Bahadır" elanını yerləşdirib. Rusiyanın Novosibirsk şəhərinin sakini Olqa Çerepanova isə 17-ci əsrin məzarlığında tapılmış quru insan kəllələrini satışa çıxardığını deyir. O, arxeoloq olduğunu iddia edir.

Olqa yeniyetmə kəlləsini 3 min rubla, yetkinlik yaşına çatmış insanın quru kəlləsini isə 5 min rubldan satır. O, insan sümükləri və dişləri də satdığını bildirib.
"Quru kəllələri və sümükləri poçtla da göndərirəm. Onlar baratlarımı açmırlar. Poçt əməkdaşları baratda nə olduğunu bilmirlər", - Olqa deyib.
Moskvadakı Tibb Kollecinin tələbəsi Eduard Kubryakov da insan kəllələri satır. O, hər quru kəllə üçün 15 min rubl istəyir.
Onun sözlərinə görə, alıcılar əsasən həkimlər, rəssamlar və falabaxanlardır.

"Falabaxanlar insan kəllələrindən "məhəbbət magiyası" üçün istifadə edirlər. Uzun müddət nikahda bəxtəvər yaşamış, boşanmamış kişi və qadının kəllələri xüsusilə qiymətlidir. Belə quru kəllədən istifadəyə hesablanmış ayin vasitəsilə arvadını tərk etmiş əri ailəyə qaytarmaq olur. Əvvəllər kəllələri əldə etmək üçün qəbristanlığa gedir, qəbirqazanlarla sövdələşirdik. Onlar da hər kəlləni 30-40 min rubla satırdılar. İndi işlərimiz asanlaşıb", - özünü "parapsixoloq" kimi təqdim edən falabaxan Tatyana İonina söyləyib.
Rəssam və həkimlərə gəldikdə isə, burada vəziyyət mürəkkəbdir.

"İnsan kəlləsinin replikasını, surətini hazırlamaq asandır. Lakin kəllədəki bir çox sümükləri olduğu kimi təkrarlamaq mümkün deyil. Tibb universitetlərində və kolleclərində yetərincə quru kəllə var. Həmin kəllələr morqlardan alınır və tələbələrə də kəllələri təhsil müəssisəsindən kənara çıxarmağa icazə verilmir. Yəqin, tibb universitetlərində oxuyan tələbələr tədris materialını daha yaxşı öyrənmək üçün bu yola əl atırlar", - İjevsk Dövlət Tibb Akademiyasının daxili xəstəliklər kafedrasının assistenti, tibb elmləri namizədi Yevgeni Kuznetsov deyib.
Hüquqşünaslar isə deyirlər ki, məzardan çıxarılmış kəllələrə görə cinayət məsuliyyəti var. Eyni zamanda, məqbərə, kurqan və ya tarix-mədəniyyət abidəsini qazaraq, oradan quru kəllə, yaxud sümükləri çıxarmaq da cinayət sayılır.