Əsədin sonu yaxınlaşır
Qərb Suriyada cərəyan edən proseslərdən qalib ayrılır
17 Mart 2016 13:27 DünyaOnsuz da dünyanın əsas diqqət mərkəzində olan Yaxın Şərqdə son günlər bir-birindən maraqlı proseslər yaşanır. Bu proseslər fonunda ən yadda qalan hadisə isə Rusiyanın Suriyadakı qoşunlarını geri çəkilmək barədə qərarıdır. Demək olar ki, hələ də şok effekt yaradan bu qərarın nədən irəli gəldiyi ətrafında mülahizələr dolaşır, ehtimallar irəli sürülür. Bu arada Rusiyanın Suriyadan çəkilmə qərarının Ankara terroruna təsadüf etməsi də daha çox diqqət edilən məqamlardandır.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Rusiya hərbi qüvvələrini Suriyadan çıxarmasının səbəblərindən biri Kreml sahibinin İsraillə münasibətləri gərginləşdirmək istəməməsi ola bilər. Onun sözlərinə görə, Rusiya ordusu Suriyada vuruşarkən Kremlin maraqları Suriyadakı İran inqilab keşikçilərinin və "Hezbollah"ın maraqları ilə üst-üstə düşürdü: "Çünki hər üçü Əsədi dəstəkləyir və onun rəqiblərini neytrallaşdırmaqla məşğul idi. İran inqilab keşikçiləri və "Hezbollah" isə İsrailin düşmənləridir. Digər tərəfdən İsrail kəşfiyyatının Putinə ötürdüyü materiallarda Rusiya silahlarının "Hezbollah"ın əlinə keçməsinə dair faktlar var idi. Bəlkə də, Rusiya ordusu "Hezbollah"a birbaşa silah verməyib, ancaq Əsəd Rusiyadan aldığı silahları "Hezbollah"la bölüşürdü. Bir müddət də belə davam etsəydi, Rusiya-İsrail münasibətləri pozulacaqdı. Bu isə Türkiyədən sonra Rusiyanın Əsədə verdiyi dəstəyə görə ikinci böyük itkisi olacaqdı". Politoloq deyib ki, Rusiyanın İsrail faktorunu nəzərə alaraq Suriyadan çəkilməsinin də öz səbəbləri var: " Belə ki, İsrail Qərb dövlətləri kimi Krımın işğalına görə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, Hazırda da Təl-Əviv Kremlə isti münasibətlərdə maraqlıdır. Eləcə də Vladimir Putin də bunda maraqlıdır. Ona görə də Rusiya qoşunlarının Suriyadan çıxarılması Kremli Təl-Əvivlə münasibətləri soyuqlaşmadan qurtardı". Mərkəz rəhbəri hesab edir ki, Kreml rəhbərinin Rusiya qoşunlarını Suriyadan çıxaqmaqla bağlı qəfil qərarı Bəşər Əsədlə yanaşı İran hakimiyyətini də pis vəziyyətə qoydu: "Tehran Əsədə sözdə dəstək verirdi. Hazırda İslam inqilab keşikçilərinin bir qrup zabiti istisna olmaqla İranın Suriyada böyük hərbi qüvvəsi qalmayıb. Aydın məsələdir, İran əsgər və zabitlərinin Suriyada ölməsini istəmir. Tehran da Əsəd kimi Suriyadakı problemləri Rusiyanın ordusu hesabına həll etməyə calışırdı. Əsəd hətta Rusiya ordusuna arxayın olaraq, "biz sona qədər gedəcəyik" deyirdi ki, bu açıqlama Moskvada narazılıq doğurmuşdu. Nəhayət Putin artıq dayanmağa qərar verdi və həm Dəməşq, həm də Tehrana belə bir mesaj yolladı: "Rusiyanın Sizin əvəzinizə Suriyanın ərazi bütövlüyünü təmin etməsi və hakimiyyətinizi qorumaq fikir yoxdur. Rusiya Əsədə görə əbədiyyətə qədər böyük dövlətlərlə düşmən olmayacaq. Ona görə də problemlərinizi özünüz həll edin". Elxan Şahinoğlu bildirib ki, bundan sonra Bəşər Əsəd üçün çətin olacaq: "Tehran isə Əsədi qorumaq üçün Rusiya qədər hərbi fəallıq nümayiş etdirməyəcək. Rusiya ordusunun əsas hissəsinin Suriyadan
çəkilməsi Qərbin, ərəb dünyasının, Türkiyənin və Suriya müxalifətinin Əsədi devirmək planlarını sürətləndirəcək. Moskva da anlayır ki, Suriyada 5 illik müharibədən və yüzminlərlə insanın qətlindən sonra Əsəd nə hakimiyyətini, nə də Suriyanın ərazi bütövlüyünü qoruya biləcək".
Mərkəz rəhbəri ona da diqqət çəkib ki, Rusiyanın ordusunu Suruyadan geri çəkmək qərarı Ankarada terror partlayışı ilə eyni gündə baş verdi: "Türkiyənin siyasi dairələri partlayışda Rusiyanın adını çəkməsələr də Moskvanın fəaliyyəti ilə bağlı ciddi suallar var. Rusiya ordusu Suriyaya daxil olduqdan sonra Moskvanın bölgədəki silahlı kürdlərlə təmasları artdı. Rusiya təyyarəsinin Türkiyə tərəfdən vurulmasından sonra isə Moskvanın terrorçu PKK təşkilatı ilə əlaqələri haqqında xəbərlərin sayı artmağa başladı. Rusiya İŞİD-lə mübarizə adı altında Suriyadakı silahlı kürdlərə silah verir. Bir müddət sonra həmin silahların bir hissəsi PKK-nın nəzarətinə keçir. Kremlin nəzarət etdiyi televiziyalarda silahlı kürdlər qəhrəman kimi, Türkiyə dövlətinə qarşı savaşan terrorçular isə inqilabçılar kimi göstərilir. Terrorçu yalnız bombanı partlatmaq üçün düyməyə basan şəxs deyil, həm də onun rəhbərlərinə təlimat və silah verən, rəqibinin ünvanını göstərən və partlayışı xəbərlərdən izləyib sevinən tərəfdir. Xatırladaq ki, Rusiya hakimiyyəti Çeçenistanda müharibə zamanı Türkiyənin çeçenlərə dəstək verməməsini tələb etmişdi. Ankara bu tələbi yerinə yetirdi. İndi növbə Moskvanındır. Ankara Moskvadan tələb edə bilər ki, Rusiya Xarici İşlər Nazirliyi PKK-nı terrorçu təşkilat siyahısına daxil etsin. Məsələn, Kreml və Rusiya mediası Türkiyəni İŞİD-lə əlaqədə ittiham edir. Halbuki, Türkiyə İŞİD-i terrorçu təşkilat kimi tanıyır. Əgər Ankaranın istəyinin əksinə olaraq Moskva PKK-nı terrorçu təşkilat kimi tanımaqdan imtina edərsə, "Ankaradakı terror partlayışlarının arxasında hansı dövlət dayanıb" sualı açıq qalacaq".
Füzuli