Amerikanı iğtişaşlar bürüyəcək
17 Mart 2016 13:18 DünyaABŞ-da respublikaçıların prezidentliyə ən reytinqli iddiaçısı Donald Trump Amerikanı iğtişaşların bürüyəcəyi ilə hədələyib.Prezidentliyə namizədlik uğrunda mübarizə aparan milyarder deyib ki, onun nominasiyasının qarşısı alınarsa, Birləşmiş Ştatları kütləvi iğtişaşlar bürüyə bilər. Tramp bu haqda Amerika telekanallarından birinə müsahibəsində "Respublikaçılar partiyası sizin namizədliyinizi irəli sürməsə nə edəcəksiniz"? sualına cavab olaraq deyib. "Reuters" agentliyinin siyasi təhlilçiləri yazırlar ki, Donald Tramp bu bəyanatı ilə Ağ Ev uğrunda mübarizənin hərarətini bir az da artırıb. Nyu Yorkdan olan biznesmen ötən çərşənbə axşamı Florida, İllinoys, Missuri və Şimali Karolinada keçirilən praymerilərdə qalib gələrək rəqiblərindən birini - Marko Rubionu yarışdan çıxarıb və nominasiya üçün lazım olan 1237 seçki müvəkkili əldə etmək hədəfinə bir qədər də yaxınlaşıb. Lakin Tramp bu yarışda onun üçün həlledici əhəmiyyəti olan Ohayo ştatında məğlub olub və onun namizədliyini istəməyən partiyadaşlarının sıralarında canlanma yaradıb. Bu məğlubiyyət üzündən indi Tramp iyul ayında keçiriləcək respublikaçılar konventinə qədər ona şəriksiz namizəd olmaq üçün gərəkli səsləri toplamaya bilər. Konvent elə həmin Ohayoda keçiriləcək. Lakin CNN telekanalına müsahibədə Trump deyib ki, partiyası lazımi sayda seçki müvəkkili toplaya bilmədiyi halda da onun namizədliyinə mane olmamalıdır. "Sizi iğtişaşlar gözləyir, düşünürəm ki, sizləri iğtişaşlar gözləyir. Mən çox, çox milyonlarla adamı təmsil edirəm" - Tramp bildirib.

Respublikaçıların namizədlik yarışı ətrafında üzləşdikləri vurnuxmadan fərqli olaraq, demokratların düşərgəsində Hillary Clinton, deyəsən öz partiyasının mübahisəsiz namizədinə çevrilməkdədir.
Respublikaçılar narahatdırlar ki, Tramp onların namizədi olarsa, prezident seçkisində xanım Klintona uduza bilər. İndiyədək keçirilimiş partiyalararası rəy sorğuları həqiqətən də keçmiş dövlət katibinin Trampdan daha çox dəstəyə malik olduğunu göstərir.
Respublikaçıların fikrincə, Donald Tramp özünün "açıq-saçıq, qaba və məsuliyyətsiz" bəyanatları ilə partiyasının qələbə şanslarını azaldır.
Bununla belə, respublikaçılar Donald Trump-ın iğtişaş hədələrinə çox da əhəmiyyət vermədiklərini göstərmək istəyirlər.
"Birincisi, o məcazi danışıb. Konventə gəlincə isə, orada kimin 1237 müvəkkili olsa, nominsasiya ediləcək. Bu çox bəsit və sadədir" -Respublikaçılar Milli Komitəsinin sözçüsü Sean Spicer CNN-ə deyib.
Donald Trampın mitinqlərində baş vermis son zorakılıqlar demokrat prezident Barak Obamanın, habelə əsas respublikaçı siyasi fiqurların narahatlıq ifadə edən bəyanatlarla çıxış etmələrinə səbəb olub.
Təhlilçilər bildirirlər ki, keçmiş teleşou ulduzu Trumpın son bəyanatları ondan bədgüman olanların nigarançılığını daha da artıracaq.Tramp deyib ki, prezident olarsa, onun xarici siyasət məsələləri üzrə müşaviri elə özü olacaq."Birincisi, mən özümlə danışıram, çünki yaxşı beynim var. Bilirsiniz, mənim birinci məsləhətçim elə özüməm" - milyarder MSNBC-nin "Morning Joe" şousunda bildirib.

ABŞ analitikləri deyirlər ki, hazırkı praymerilər elektoratın Respublikaçılar Partiasının Mitt Rumni və Con Makkeyn kimi mötədil nümayəndələrindən üz çevirdiyini göstərir.
Hazırda namizədlik yarışında Trampa ən yaxın rəqibi texaslı senator Ted Kruzdur. O özünü hətta partiya rəhbərliyi ilə hər şeydə razılaşmayan mühafizəkar kimi təqdim edir. Kruz da xəbərdarlıq edib ki, prezidentliyə namizədin Respublikaçılar Partiyasının konventində müəyyən edilməsinə cəmiyyətdən çox ciddi reaksiyalar ola bilər. "Bu, tam bir fəlakət olardı. Adamlar haqlı olaraq qiyam edərdilər" -Kruz CNN-ə bildirib.
"Reuters" yazır ki, namizədlərdən heç biri kifayət qədər seçki müvəkkili yığa bilməsə, onda partiya konventi və ya qurultayı öz namizədini seçməli olacaq. Təhlilçilər bu prosesin ingilis dilində çətin sövdələşmə mənasında işlədilən "at alveri" (horse trading) olacağına inanırlar.
Təhlilçilər bunu da qeyd edirlər ki, ola bilsin, Respublikaçılar Partiyasının Trampı dayandırmaq planı artıq gecikib, çünki meydanda cəmi üç oyunçu qalıb və 69 yaşlı Tramp, 45 yaşlı Kruzdan və 63 yaşlı Ohayo qubernatoru Kasiçdən çox irəlidədir.
Keçmiş investisiya bankiri Con Kasiç partiya mötədillərinin son nümayəndəsidir, lakin hələlik yalnız özünün doğma Ohayo ştatında qalib gələ bilib.
İndi Trampın vəzifəsi təxminən 1100 seçki nümayəndəsinin 55 faizini toplamaq olacaq. Bu, heç də icrası mümkün olmayan vəzifə deyil.
Respublikaçı strateq Ron Bonjean deyib ki, Trampı bloklamaq partiya üçün o qədər də asan olmayacaq. "Mübahisəli konventə o vaxt haqq qazandırıla bilər ki, Tramp iyula qədər müvəkkilərin yalnız 35-40 faizinə malik olsun. Lakin onun seçki nümayəndələrinin sayı çoxluğa yaxın olsa, onu seçiciləri ciddi şəkildə hiddətləndirmədən, səhnəarxası sövdələşmələrlə dayandırmaq siyasi baxımdan çətin olacaq" - Bonjean deyib.
Hazırda Trampın 673, Ted Kruzun 411, Kasiçin 143 seçki nümayəndəsi var. ("Azadlıq" radiosunun xülasəsi)