Ankarada baş verən terroru "Kürdüstan Azadlıq Şahinləri" törədib

Bu haqda məlumat qruplaşmanın rəsmi səhifəsində təqdim olunub

Martın 13-də Ankarada törədilən partlayışa görə  məsuliyyəti  TAK (Kürdüstan Azadlıq Şahinləri - Teyrebazen Azadiya Kurdistan - red.) terror təşkilatı üzərinə götürüb. ANS PRESS-in məlumatına görə, bu  haqda təşkilatın saytında məlumat yayılıb. Bu həftə Ankarada baş verən qanlı hadisədə 37 nəfər  həlak olmuş, 120 nəfər yaralanmışdı. Fevral ayının 13-də baş verən terror aktına görə də məsuliyyəti bu təşkilat öz üzərinə götürmüşdü. O zaman 28 nəfər dünyasını dəyişmiş, 80 nəfər xəsarət almışdı. Martın 13-də baş verən terror aktını törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Qars əyalətinin Kağızman şəhərinin sakini Səhər Çağla Dəmirdir. Balıkesir Universiteti Turizm Otelçilik fakültəsinin tələbəsi olan Səhər Çağla Dəmir 2013-cü ildən PKK sıralarına qoşulub. Sonradan Suriyaya gedən qadın burada terror təşkilatının düşərgələrində təhsil alıb və həmçinin təlimlərində iştirak edib. Paytaxtın ürəyində özünü partlatmış terrorçunun kod adı "Avaşin" olub. Səhər Çağla Dəmir 2013-cü ildə PKK üzvü və terror təşkilatını təbliğat etdiyi üçün nəzarətə alınıb. Balıkesir Ağır Ceza Məhkəməsi tərəfindən haqqında iddia açılan Dəmir bu tarixdən aradan itib. Kamikadze özünü onlarla avtobusun dayanacağı olan  Qızılay meydanı və Güvən parkı yaxınlığında partladıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00