Amerikalı tələbəyə ağır cəza - 15 il katorqa
16 Mart 2016 18:44 DünyaŞimali Koreya Məhkəməsi amerikalı tələbəni 15 il katorqa işlərinə cəlb olunması haqda qərar çıxarıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Pxenyan Ali Məhkəməsinin hökmü ilə cəzalandırılan Otto Varmbier plakat oğurluğunda ittiham edilir. Otto Varmbier ABŞ-ın Virciniya Universitetinin tələbəsidir. O, yanvarın əvvəllərində Şimali Koreyaya turist kimi gəlib. Tələbə ötən ayın sonlarında Pxenyanda keçirdiyi mətbuat konfransında göz yaşlarını saxlaya bilməyərək bağışlanılmasını xahiş edib. Otto Varmbier KXDR-də həbs edilən sonuncu amerikalıdır. Qeyd edək ki, son vaxtlar bu ölkədə bir neçə Amerika vətəndaşı həbs edilib. Onlar ölkə hakimiyyətini "devirməyə cəhddə", casusluqda və dini təriqəti yaymaqda ittiham ediliblər. Tələbəyə verilən sərt cəza ABŞ-ın bu ölkəyə artan təzyiqi ilə əlaqələndirilir. Media KXDR-in bu yaxınlarda nüvə və raket sınaqlarını həyata keçirdiyini vurğulayaraq ABŞ-ın Pxenyana təzyiqinin Şimali Koreyanın siyasi, iqtisadi və hərbi izolyasiyası ilə nəticələndiyini qeyd edib. Ehtimallara görə, Pxenyan Məhkəməsinin tələbəni bu cür ağır cəzalandırması da ABŞ faktoru ilə əlaqədardır.
Xatırladaq ki, Koreya-Amerika missioneri 2013-cü ildə KXDR rəhbərliyini devirməyə cəhd göstərməkdə ittiham edilərək həbs olunmuşdu. Lakin o və daha bir amerikalı Pxenyana gəlmiş ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapperin xahişi ilə 1 il sonra azadlığa buraxılmışdı.