Rusiyaya məxsus 102-ci hərbi baza xəritədə
Gümrüdə dislokasiya olunan 102-ci bazanın gücləndirilməsinə dair yaranan narahatlığı şərh edən Nikolay Bordyuja deyib ki, bu sadəcə bazanın arsenalında olan silahların yenilənməsi və daha müasirləri ilə əvəz olunması ilə bağlıdır. "Bu iş planlı şəkildə həyata keçirilir. Bir hərbçi kimi deyə bilərəm ki, istənilən silahlı qüvvələr birləşməsinin gücləndirilməsi mütəmadi olaraq həyata keçirilir. 102-ci bazanın bu gün təcili surətdə potensial yığdığını deyə bilmərəm, hər halda mən bu haqda heç nə bilmirəm".

Nikolay Bordyuja - KTMT-nin baş katibi
Son zamanlar Rusiyanın Gümrüdə yerləşən hərbi bazanı gücləndirməsi Ermənistanın özündə də birmənalı qarşılanmır. Erməni KİV-də siyasi analitiklər Rusiyanın Ermənistanı özündən daha da asılı vəziyyətə salmasına dair həyəcan təbili çalırlar.
Onların fikrincə, Rusiya Ermənistanı Türkiyə ilə savaş meydanına çevirə bilər. Ermənistan müdafiə naziri Seyran Ohanyan verdiyi sonuncu açıqlamada "hər hansı bir regional çağırışlar olsa, Ermənistan kənarda qalmayacaq", - deyə bildirib. Bu açıqlamanın bir o qədər də aydın olmamasına baxmayaraq, müdafiə nazirinin Ermənistanın rus-türk hərbi münaqişəsinə qoşulmayacağına zəmanət vermədiyi göz qabağındadır.
Rusiyanın Cənub dairəsinin dəniz donanmasının gözlənilmədən təlimlərə başlaması hərbi toqquşma ehtimalını gücləndirir. Təlimlər eyni zamanda Ermənistanda yerləşən hərbi bazada da keçirilib.
Eyni zamanda sosial şəbəkələrdə "Putin Ağrıdağı Ermənistana qaytaracaq" təbliğatı aparılır. Erməni istifadəçilərinin fikrincə, Rusiya Türkiyəyə qalib gələrək Ermənistanın xilaskarı kimi özünü göstərmək və bununla da ölkə üzərində öz hakim mövqeyini saxlamaq istəyir.
Yaxın Şərq regionunda sərhədlərin dəyişilməsi perspektivi realdır. Əgər Türkiyə və Rusiya arasında münasibətlər tənzimlənməsə, Rusiyanın Ermənistanda və ümumiyyətlə Qafqazda nüfuzunu itirməsi və regionda status-kvonun dəyişməsi qaçılmazdır.