ABŞ-dan erməni separatçılarına “qırmızı vərəqə”

Obamanın Qarabağ separatçılarını maliyyə yardımından kənarda qoymasının pərdəarxası; rəsmi Bakı şərh etməyə tələsmir

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində və iki ölkə arasındakı sərhədboyunca vəziyyət gərgin olaraq qalır. Son günlər düşmənin təxribat-diversiya hücumlarını dəf edərkən Azərbaycan ordusunun 2 əsgər, 1 zabiti şəhid olub, düşmənin də itkilər verdiyi barədə məlumatlar, həmçinin videokadrlar yayılsa da, hələlik erməni tərəf bu məlumatları təsdiqləmir.

Son sutka ərzində də atəşkəs rejimi intensiv şəkildə pozulub. Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub, düşmənin atəş nöqtələrinə 126 dəfə atəş zərbəsi endirib.

Cəbhədə gərginliyin artması Avropa İttifaqından sonra ABŞ-ı da "narahat edib". Hər halda, Amerikanın Azərbaycandakı səfirinin son açıqlaması bu qənaətə əsas verir. Səfir Robert Sekuta ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ABŞ-ın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşması barədə etdiyi bəyanatı təkrarlayıb: "Münaqişənin hərtərəfli həllinin bir hissəsi olaraq işğal altında olan ərazilər qaytarılmalıdır. Həmçinin sözügedən hərtərəfli həll çərçivəsində Dağlıq Qarabağın statusu da müəyyənləşdiriləcək".

Qeyd edək ki, Uorlik həmsədrlərin AŞ PA-dakı anti-Ermənistan qətnamənin qəbuluna imkan verməməsinə Bakının sərt təpkisinin qarşılığında belə mövqe bildirmişdi. Məhz bu hadisədən sonra Azərbaycan XİN ABŞ, Fransa və Rusiyaya etiraz məktubları göndərib, həmçinin həmsədrlərin AŞ PA sessiyasındakı Qarabağ müzakirələrinə çıxmalarının səbəbləri barədə izahat vermək istənilib. Hələlik "turist səfirlər"dən konkret reaksiya yoxdur və belə bir situasiyada Ermənistanın arxalanması" arxalı köpək qurd basar" misalını aktuallaşdırıb.

Politoloq Arzu Nağıyev isə cəbhədəki gərginliyin regionda baş verən münaqişələrlə birbaşa əlaqəli olduğunu düşünür: "Təbii ki, Rusiya-Türkiyə gərginliyi, Suriyada baş verənlər də buna aiddir. Eyni zamanda gərginlik yaradan amildən biri də Xəzər və Qara dənizdə Rusiyanın keçirdiyi hərbi təlimlərdir. Qərb hər vəchlə Rusiyanı müharibəyə sürükləyir və bununla həm iqtisadi, həm də siyasi cəhətdən Rusiyanın aqressor və regionda baş verən münaqişələrin birbaşa təşəbbüskarı olduğunu göstərməyə çalışır. Bunun üçün isə Türkiyədən bir NATO üzvü olan dövlət kimi istifadə etməyə səy göstərir. Burada ABŞ-ın yüksək rütbəli məmurlarının da bəyanatlarını yada salmaq olar və təbii ki, bu bəyanatlar düşünülmüş şəkildə verilir.

Düzdür, 2016-cı ildə ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki müsbət addım atmaqla yadda qaldı. Birincisi, separatçılara yardımdan imtina etdi, ikincisi isə icma görüşlərini məqbul saymaqla separatçıların dövlət olmadıqlarını bir daha qeyd etdi. Bundan başqa, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən birini təmsil edir və Ceyms Uorlik ən aktiv həmsədrlərdən biridir. Lakin bu qurumun fəaliyyətsizliyi birbaşa təmsil etdiyi dövlətlərə də şamil edildiyi üçün müvafiq bəyanatlar səslənir. Səfirin də müsbət bəyanatı bununla və regionda nüfuzunu göstərmək istəyi ilə əlaqədardır".

Vaşinqton isə Bakı ilə münasibətlərin pozulmasından, xüsusilə də Azərbaycanın ərazi bütövlüyünün pozulmasına bəraət qazandıran mövqeyə görə sərt mövqeyin ortaya çıxmasının cavabında diqqətçəkən mövqelər nümayiş etdirir. Xüsusilə də Dağlıq Qarabağla bağlı qətnamənin AŞ PA-da keçməməsində ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın da rolunun olması barədə şübhələri dağıtmaq üçün həmsədr ölkə Bakını sakitləşdirə biləcək addımlar atmaqdadır.

Səfirin ərazilərin qaytarılması zərurətindən danışmasının ardınca məlum oldu ki, ABŞ-ın gələnilki dövlət büdcəsi layihəsində Dağlıq Qarabağdakı işğalçı rejimə yardım üçün vəsait nəzərdə tutulmayıb. Bu fakt prezident Barak Obama tərəfindən 2017-ci maliyyə ili üzrə dövlət büdcəsi layihəsinin dərcindən sonra edildikdən sonra geniş rezonans doğurub. Qeyd edək ki, bundan əvvəlki büdcələrdə hər il Dağlıq Qarabağ rejiminə 1,5 milyon dollar ayrılırdı. Son qərar isə Amerika Ermənilərinin Milli Komitəsində (ANCA) ciddi təlaşa səbəb olub. ANCA-nın icraçı direktoru Aram Ambaryan ABŞ tərəfindən Dağlıq Qarabağdakı işğal rejiminə 5 milyon dollar yardım ayırmağı tələb edib. Ambaryanın iştahı bununla bitmir və o, Gürcüstanda ermənilərin yığcam yaşadığı Axalkalaki bölgəsinə də 6,3 milyon dollar ayırmağı tələb edir.

Politoloq Fikrət Sadıqov ANS-ə deyib ki, bu, Azərbaycan diplomatiyasının qələbəsidir və ermənilərin tələbinin yerinə yetiriləcəyi inandırıcı deyil. "İndiyə kimi ABŞ Xankəndindəki rejimə hər il 1,5 milyon dollar yardım ayırırdı. Bu, Azərbaycanın haqlı narazılığına səbəb olurdu. Rəsmi Bakı dəfələrlə ABŞ Dövlət Departamentinə məktub yazaraq işğal edilmiş ərazilərə yardımı dayandırmağı tələb edirdi. Göründüyü kimi, ABŞ tərəfindən sağlam düşüncə nümayiş etdirilib. Düşünürəm ki, Barak Obama administrasiyası geriyə addım atmayacaq" - ekspert bildirib.

Qeyd edək ki, 1992-ci ildə erməni lobbiçiliyinin fəal dəstəyi ilə Amerikanın Azərbaycana maliyyə və hərbi yardımlara qadağa qoyan "Azadlığa dəstək aktına" 907-ci düzəliş qəbul ediləndən sonra Azərbaycan faktiki olaraq sanksiyaya məruz qoyuldu. 907-ci düzəlişin qüvvədə olmasının təsiri nəticəsində 1996-cı ilə kimi Amerika Ermənistana 612 milyon dollar, Gürcüstana 420 milyon dollar, Azərbaycana isə cəmi 80 milyon dollar ayırmışdı. 1996-cı ildə isə Nümayəndələr Palatasının erməni lobbiçiləri tərəfindən 1997-ci ildən etibarən Dağlıq Qarabağ ermənilərinə də ayrıca maliyyə yardımı ayrılmasına nail olundu. 907-ci düzəlişin icrası yalnız 2001-ci ilin 11 sentyabr terrorundan sonra dayandırıldı. Lakin Qarabağ separatçılarına yardım davam etdirildi. Bu dəfə sonda hansı tərəfin güləcəyi də müəmmalıdır.

Məsələ burasındadır ki, ABŞ-ın 2017-ci ildə işğalçı Ermənistana edəcəyi iqtisadi yardım Azərbaycana ayrılacaq vəsaitdən təxminən iki dəfə çox olacaq. Bu rəqəm 22 milyon 412 min dollardır. Büdcə layihəsində Azərbaycana ediləcək yardım isə 10 milyon 936 min dollar səviyyəsində nəzərdə tutulub. Hansı ki, normalda Ermənistan işğalçılıq siyasətinin cavabında sanksiyaya məruz qalmalıdır, nəinki milyonlarla dollarlıq yardım almalı. Üstəlik də bu yardım ərazisini işğal etdiyi ölkəyə ayrılan vəsaitdən çoxdursa, ikibaşlı siyasətdən söhbət gedir. Ona görə də rəsmi Bakı Qarabağ ermənilərinə ayrılan vəsaitin dayandırılması məsələsinə reaksiya verməyə tələsmir.

XİN-in mətbuat katibi Hikmət Hacıyev "Yeni Müsavat"ın sorğusuna cavabında bildirdi ki, hələlik nazirliyin bu məsələ ilə əlaqədar hər hansı şərhi yoxdur. ABŞ səfirinin "ərazilər qaytarılmalıdır" məzmunlu açıqlamasında gəldikdə yenilənmiş Madrid prinsiplərinin birinci bəndi elə bundan ibarətdir: "Qeyd olunur ki, işğal olunmuş ərazilər azad edilməlidir. Bu sənəd də ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən ATƏT-in Baş katibinə verilib. Azərbaycan da dəfələrlə bəyan edib ki, yenilənmiş Madrid prinsipləri əsasında münaqişənin həlli prosesinə hazırdır. Onda problem nədədir? Problem məhz Ermənistandadır. ATƏT-in Minsk Qrupu eyni mövqeni Ermənistandan almalıdır ki, İrəvan həqiqətən də yenilənmiş Madrid prinsipləri əsasında münaqişənin həllinə hazırdır. Hətta bundan bir az da keçmişə qayıtsaq, hərtərəfli sülh sazişi məsələsi var idi. Azərbaycan ona da razılıq vermişdi ki, yenilənmiş Madrid prinsipləri əsasında hərtərəfli sülh sazişi üzərində işə başlayaq. Bunlar Ermənistandan tələb olunurmu və bununla əlaqədar İrəvanın qarşısında şərtlər qoyulurmu?"

Yeri gəlmişkən, ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 18-ə çatıb. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı məlumata görə, ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets bəyannamə imzalayaraq, 26 fevral tarixini bütün Nebraska ştatında "Xocalını Anma Günü" elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş bəyannamədə Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir. Qeyd edək ki, bu bəyannamə Nebraska ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir. Bəyannamə, eyni zamanda Nebraska ştatının dövlət katibi Con Qeyl tərəfindən də imzalanıb.

Konfliktoloq Elxan Mehdiyev hesab edir ki, ABŞ-ın Qarabağ ermənilərinə yardım ayırmamasına siyasətin dəyişməsi fonunda yox, daha çox xarici ayrılmaların ixtisar edilməsi kontekstində yanaşmaq düzgün olar: "Məsələn, Ermənistana 90-cı illərdə ayrılan 100 milyon indi 25-30 milyon civarındadır və dolların 20 il ərzində enməsini də nəzərə alsaq, onu qiymətləndirə bilərsiniz. Səfirin bəyanatı yəqin ki, Uorliklə yazışmadan sonra verilən bəyanatdır. Çünki o heç də torpaqları dərhal azad etməyə çağırmır. "Ümumi nizamlamanın bir mərhələsində" deyir, bu da həmən altı prinsipə aid  məsələdir. Yəni nə vaxt ki, ermənilər statusla bağlı razılığa gəlsələr, onda da torpaqlardan çıxma gündəmə gələr. Siyasət burada dəyişib. Yəni ABŞ-ın da səs verdiyi BMT Təhlükəsizlik Şurasının qərarları kənarda qalıb və on illər aparılan danışıqlar kənarda qalıb, indi ermənilərin arzusu ilə hərəkət edilir. Halbuki danışıqların hamısında ilkin olaraq torpaqlardan çıxma, sonra isə status danışıqlarının aparılması məsələsi var idi".
E.Mehdiyevə görə, aydın məsələdir ki, əgər Uorlik AŞ PA-dakı qətnamələrin əleyhinə idisə, demək, ABŞ hökumətinin Avropa Şurasında və Avropadakı uyğun nümayəndəlikləri də onun qəbul olunmamasına çalışıb: "Xanım Nulandın ofisinin "biz bunun üzərində işləyirik" deməsi onları nəzərdə tutur".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Yeni Müsavat"a açıqlamasında ABŞ səfiri ilə eyni gündə Rusiyanın Bakıdakı səfirinin də açıqlama verdiyinə diqqət çəkdi: "Eyni gündə Rusiyanın Azərbaycandakı səfiri Doroxin də açıqlama verib, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da. Rusiyanın səfiri işğal altındakı torpaqlardan bir kəlmə də danışmadığı halda, Sekuta deyib ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Üstəgəl, Sekuta bir neçə gün öncə Xocalı soyqırımını da anaraq, bu faciəni unutmayacaqlarını deyib. İndiyə qədər hansı rus diplomatdan bu cür açıqlama eşitmişik? Hansı biri deyib ki, "Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır" və ya "Xocalı soyqırımı böyük faciədir". Bu arada ABŞ gələn il üçün Dağlıq Qarabağ separatçıları üçün yardım ayırmayıb. Bu, illərdir bizi narahat edən məqam idi. Ancaq bütün bunlar o demək deyil ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Vaşinqton üçün prioritet məsələyə çevriləcək. Əslində bunun belə olması daha çox bizdən asılıdır. Biz Vaşinqtona və beynəlxalq aləmə hər gün, hər saat izah etməliyik ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikdirilməsi həm bölgəyə böyük fəlakət gətirə bilər, həm də Rusiya və İran kimi dövlətlər üçün geniş manevr imkanları açacaq ki, bunda Qərb maraqlı deyil".

Ancaq bəzi ekspertlər hesab edir ki, prezidentliyinin son aylarını yaşayan Obama bununla ermənilərə təsir etmək və sonda onların arzularına "yaşıl işıq" yaratmaqla Demokratlar Partiyasının namizədinə seçkilərdə dəstək qazanmaq istəyir. Hər halda, Obamanın öz qərarını geri oxuya biləcəyi də ehtimallardan biridir. Gözləyək...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00