PKK-nın ən böyük fiquru tutuldu

APA  bildirir ki, bu barədə hakimiyyətə yaxın "ahaber.com.tr" saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, terror qruplaşmasının liderlərindən olan Murat Karayılan Şimali İraqın Mosul vilayətində ələ keçirilib. Terrorçu liderin MİT əməliyyat departamentinin əməkdaşları tərəfindən yaxalandığı iddia edilir.

Rəsmi Ankaradan bu iddiaları təsdiq və ya təkzib edəcək hər hansı bir açıqlama verilməyib.

Ötən gün PKK qruplaşmasına aid internet saytında Karayılandan götürülmüş müsahibə yayılıb. Türkiyə mətbuatı hesab edir ki, bu müsahibədən sonra terrorçu liderin yaxalanması barədə iddiaların yayılması təsadüf deyil. PKK mənbələri isə Murat Karayılanın ələ keçirilməsi barədə iddialara münasibət bildirməyib.

Müsahibədə Şırnak vilayətinin Cizre rayonundakı böyük məğlubiyyəti qəbul edən Karayılan bunun Türkiyə ordusu üçün qələbə hesab edilmədiyini bildirib.

"Bütün məqsədləri yaz gəlmədən, yəni partizan hərəkatı başlamadan bu şəhərlərdə müqavimət göstərən gəncləri zərərsizləşdirməkdir. Çünki qar əriyərək onlar partizan hərəkatına başlayarlarsa Kürdüstan azadlıq hərəkatının yeni bir dövrə başlamağından qorxurlar. Bunun üçün də başda Cizre olmaqla bütün şəhərlərdə hansı yolla olursa-olsun nəticə əldə etmək üçün hamını razı salıblar. Amma bacara bilməyəcəklər. Bütün xalqımız bunu bilməlidirlər. Düzdür, Cizre dəyərli və müqəddəs şəhərimiz idi; ordakı müqavimətimiz şanlı idi. Amma müqavimətin mövqeyinin dəyişilməsi Türkiyə dövlətinin qələbəsi demək deyildir." - deyə terrorçu lider müsahibədə bildirib.

Murat Karayılanın ələ keçirilməsi barədə 2011-ci ildə də xəbərlər yayılmışdı. "TRT Haber" kanalı Karayılanın İranda bir qrup PJAK (PKK-nın İran qolu) terrorçusu ilə yaxalandığını bildirmişdi.

İraq dövlət telekanalı 7 nəfərlik PJAK terrorçusu ilə kod adı Cəmil olan Murad adlı terrorçu liderin yaxalanması barədə xəbər yaymışdı. "TRT Haber"in də bu iddialar səbəbindən meydana gələn qarışıqlıq səbəbindən həmin xəbəri yaydığı, ələ keçirilənin "Cəmil" kod adlı Murat Karasaç olduğu məlum olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00