Sanksiyalar qaldırıldı: münasibətlərdəki gərginliyi yumşaltmaq mümkün olacaqmı?

"Altılıq" ölkələri və İran arasında nüvə proqramı ilə bağlı əldə edilən razılaşmalar maraqla qarşılanıb. Tehranda bayram edirlər, qələbədən söz açırlar. Doğrudan da, uzun illərdir ki, xaricidəki hesabları dondurulmuş, yeni texnologiyalar ala bilməyən, yerli istehsalı ciddi zərər görmüş bir ölkə indi yeni fürsətlər əldə edir. İran artıq neftini dünya bazarına çıxara biləcək, xarici ölkələrlə əməkdaşlıq quracaq. Ancaq məsələnin başqa tərəfi də özünü göstərməkdədir. ABŞ və Aİ indi də başqa proqramları bəhanə gətirərək İrana qarşı yeni qadağaların qoyula biləcəyindən bəhs edirlər. Məsələn, İranın ballistik raket istehsal etməsinə qarşıdırlar. Digər sahələrdə də Tehranı qınayırlar. Bundan başqa, Yaxın Şərqin bir sıra dövlətləri İranın nəzarətdə saxlanması zərurətindən danışırlar. Bütün bunlar yeni ziddiyyətləri meydana gətirə bilər.

Razılıqdan sonrakı narazılıqlar: İran-Qərb münasibətlərinin bəzi məqamları

İran təntənə içindədir. Qərbin sanksiyaların bir qismini ləğv etməsini siyasi elita və cəmiyyət qələbə kimi qəbul edir. Prezident Həsən Ruhani əldə olunan nəticəni mühüm adlandırıb. ABŞ və Avropa da təmkinli görünürlər. Onlar sanksiyaların aradan qaldırılmasını diplomatik uğur kimi qələmə verirlər. Amerika prezidenti Barak Obama müharibə etmədən İranı nüvə silahı yaratmaq niyyətindən çəkindirdiklərini bildirib. Onun sözlərinə görə, hazırda İran bir atom bombası belə istehsal edə bilməz. Çünki Tehranın zənginləşdirilmiş uranının 98 faizi xaricə çıxarılıb. Əvvəllər Tehran 10 atom bombası yaratmağa imkan verən materiala malik olub.

B.Obama bəyan edib: "Bizim müttəfiqlərlə birgə İranla bağladığımız müqavilə sayəsində bu ölkə artıq heç zaman atom bombasına sahib ola bilməyəcək. Biz İranı atom bombası hazırlamaq üçün lazım olan bütün imkanlardan məhrum etdik. Əgər İran bizi aldatmaq istəsə, əgər onlar gizli olaraq atom bombası yaratmaq istəsələr, biz onları ifşa edəcəyik" (bax: President Obama on What American Leadership has Accomplished in Iran / "whitehouse.gov", 17 yanvar 2016).

Bu, maraqlı siyasi ritorikadır. Çünki Tehranda da qələbə əhval-ruhiyyəsi var, Vaşinqton da qarşı tərəfi istədiyi addımı atmağa məcbur etməklə yanaşı, onun "heç zaman nüvə silahına sahib olmayacağı" hökmünü də verməkdən çəkinmir. Vurğulanan kontekstdə reallıqda baş verənlərin təhlili həqiqətən düşündürücü nəticələr çıxarmağa imkan verir.

Əvvəla, belə məlum olur ki, ABŞ və Avropa heç də bütün sanksiyaları aradan qaldırmayıb. Onlar yalnız İranın nüvə proqramı ilə bağlı tətbiq etdikləri iqtisadi və maliyyə qadağalarını ləğv ediblər. Digər tərəfdən, Avropa İttifaqı bildirib ki, İrana qarşı tətbiq edilən silah embarqosu qalır, raket texnologiyası ilə bağlı nəzərdə tutulan məhdudiyyətlər qüvvəsindədir, bir sıra digər texnologiyaların verilməsi qadağan olunub, metal və kompyuter təminatı sahəsindəki sanksiyalar davam edir, insan haqları və terrorçuluqla əlaqədar tətbiq edilən qadağalar qüvvəsində qalır, həmçinin bu ölkənin müəyyən dairələrinə qarşı sanksiya siyahısı da ləğv edilməyib (bax: ЕС уточнил перечень снятых с Ирана санкций / "Интерфакс", 17 yanvar 2016).

Bununla yanaşı, Aİ-nin yanvarın 17-də dərc etdiyi informasiya bülletenində göstərilir ki, İrana gedən və oradan çıxan gəmilərin yoxlanması qaydası saxlanılır. Suriya məsələsi ilə bağlı tətbiq edilən məhdudiyyətlər də saxlanılır. Nəhayət, əgər İran üzərinə düşən öhdəliklərə əməl etməsə, sanksiyalar bərpa oluna bilər (bax: əvvəlki mənbəyə).

ABŞ-ın siyasi isteblişmentində də İranla bağlı məsələlərə münasibət birmənalı deyil. Burada iki fakt diqqəti çəkir. Onlardan birincisi Konqresdə respublikaçıların sanksiyaların aradan qaldırılmasına qarşı etirazları davam etdirməsidir. Məsələn, Nümayəndələr Palatasının spikeri Pol Rayan Ağ Evi sanksiyaları götürdüyünə görə tənqid edib. O, hesab edir ki, İran dünyada terrorizmi himayə edən ölkədir və məhdudiyyətlərin qaldırılmasından sonra əldə edəcəyi 100 milyard dolları terrorçuların fəaliyyətinə xərcləyəcək (bax: В Республиканской партии США раскритиковали снятие санкций с Ирана / "Интерфакс", 17 yanvar 2016).

Rəsmi Vaşinqtonun özü də bütün sanksiyaları ləğv etməyib, hətta yenisinin də tətbiqinə başlayıb. Özü də bunu nüvə proqramı ilə bağlı sanksiyaların ləğvindən cəmi bir gün sonra, yanvarın 17-də bəyan edib. Yeni qadağalar İranın ballistik raket proqramı ilə əlaqəlidir. İndi Amerika İranın 6 vətəndaşına, Birləşmiş Ərəb Əmirlikləri və Çinin 3 şirkətinə (Anhui Land group Сo., Limited - Çin, Candid general trading LLC və Mabrooka trading co L.L.C. - BƏƏ) qarşı sanksiya tətbiq etməyə başlayır. Onların maliyyə aktivləri dondurulacaq (bax: США ввели санкции против причастных к ракетной программе Ирана / "РИА Новости", 17 yanvar 2016).

Amerikanın maliyyə naziri Ceykob Lyu isə deyib ki, böyük miqyasda İrana qarşı sanksiyalar saxlanılır. Üstəlik, İranın nüvə proqramından kənar sahələrdə yeni məhdudiyyətlər tətbiq olunacaq. Məsələn, ABŞ banklarına İranın praktiki olaraq bütün strukturları ilə əməkdaşlıq qadağan edilib. O, həmçinin ABŞ, Aİ və BMT-nin koordinasiyalı fəaliyyəti sayəsində Tehranı güzəştə getməyə məcbur etdiklərini söyləyib (bax: Глава Минфина: США продолжат вводить санкции против Ирана / "РИА Новости", 17 yanvar 2016).

Əməkdaşlığın üfüqləri: yeni ittihamlar və geosiyasi ziddiyyətlər işığında

Onu da vurğulayaq ki, rəsmi Tehran Qərbin bu cür bəyanatlarından qətiyyən çəkinmədiyini ifadə edib. Prezident Həsən Ruhani ABŞ-la heç zaman iqtisadi əməkdaşlıq etməyəcəklərini bildirib. Dövlət başçısı deyib ki, "İranın Amerika ilə iqtisadi əlaqələri olmayıb və olmayacaq da" (bax: Роухани: у Ирана не было и не будет экономических связей с США / "РИА Новости", 17 yanvar 2016).

H.Ruhani vurğulayıb ki, əgər ABŞ İran iqtisadiyyatı və texnologiyasına sərmayə qoymaq fikrinə düşsə, müəyyən çətinliklərlə üzləşəcək. Bəlkə "təyyarə, çərəz və xalçaçılıq sahəsində əməkdaşlıq olsun" (bax: əvvəlki mənbəyə). Belə çıxır ki, Tehran Qərbdən mərhəmət gözləmir, əksinə, onunla məsafəli əməkdaşlıq etmək fikrindədir.

Bütün bunlara qonşu dövlətlərin reaksiyası da çox maraqlıdır. Türkiyə və Rusiya sanksiyaların ləğvindən məmnundurlar. Hər iki ölkə bununla bağlı fikrini rəsmi səviyyədə ifadə edib. Ankara və Moskva Tehranla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək arzusundadırlar. Görünür, İran rəhbərliyi də bu mövqedədir. Lakin İsrailin fikri xeyli fərqlidir.

Baş nazir Binyamin Netanyahu İranın nüvə silahı yaratmaq niyyətindən vaz keçmədiyini deyib. B.Netanyahu yazılı bir açıqlama verərək bildirib: "İran "5+1" ölkələri ilə əldə etdiyi nüvə anlaşmasına rəğmən, nüvə silahına sahib olmaq arzusundan imtina etməyib. Yaxın Şərqdə sabitliyi pozmaqda və dünyanın müxtəlif bölgələrində terror aktları törətməkdə davam edir" (bax: Netanyahu: İran nükleer silah sahibi olma gayesinden vazgeçmedi / "Hürriyet", 17 yanvar 2016). Bu səbəbdən Qərb ölkələri və beynəlxalq təşkilatlar İrana nəzarət məsələsini kənara qoymamalıdırlar.

Nəhayət, dünyada ən çox neft və qaz istehsal edən ölkələrin sanksiyaların aradan qaldırılmasına reaksiyasının təmkinli olduğunu da qeyd etmək lazımdır. Səudiyyə Ərəbistanının energetika nazirinin fikrincə, qiymət məsələsinə ciddi təsiri onlar və Meksika edə bilərlər. İranın dünya bazarına 2 milyon barrel neft çıxarması həmin məsələyə elə də ciddi təsir göstərməyəcək. Yeri gəlmişkən, rəsmi Tehran bu ilin payızında neftin ixracını məhz həmin səviyyəyə qaldıracağını bəyan edib.

Bunlardan başqa, Tehranın Yaxın Şərq və Cənubi Qafqaz istiqamətlərində geosiyasi və iqtisadi aspektlərdə fəallaşacağını proqnozlaşdıranlar da var. Bütövlükdə qadağaların aradan qaldırılmasının geosiyasi mənzərəyə yeni çalarlar verəcəyi haqqında fikir bildirilir. Hər bir halda, İran kimi böyük bir dövlətin yenidən dünya siyasətinə qayıtması adi hadisə olmayacaq.

Eyni zamanda, yuxarıda vurğulanan məqamlardan belə görünür ki, Qərb İrana qarşı müəyyən "planlar"ından əl çəkməyib. Tehranın qlobal siyasətdə Vaşinqtonun müəyyən etdiyi çərçivədən kənara çıxması ona qarşı qəzəbi artıra bilər. Bu, geniş bir geosiyasi məkanda İranla digər böyük güclər arasında gərginliyin qalması ehtimalının az olmadığını göstərir.

Bəri başdan burada bir məntiqsizlik var və ikili standartlar siyasətinin əlamətləri özünü göstərir. Məsələn, nəyə görə İran ballistik raket istehsal etməməlidir? Maraqlıdır ki, Qərb, Rusiya, İsrail və Çinin bu sahədə çox müasir silahları var. Onlara qarşı isə raketlərə görə heç kəs sanksiya tətbiq etmək fikrində deyil. Lakin bir müsəlman ölkəsi analoji addım atmaq istərkən, dərhal qadağalardan danışılır. Başqaları kimi, İranın da özünü müdafiə etmək hüququ var.

Belə görünür ki, nüvə proqramı ilə bağlı sanksiyaları başqa "proqramlar"la əlaqəli məhdudiyyətlər əvəz edə bilər. Özlərini demokrat adlandıranlar haqqın, ədalətin yoluna gəlmək istəmirlər. Bundan kim xeyir görəcək? Bizcə, heç kəs!

Newtimes.az
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00