Səudiyyə Ərəbistanı dövlət neft şirkətini özəlləşdirir (FOTO)

“Aramco”nun birjada 1 trilyon dollar dəyər qazanacağı gözlənilir

Səudiyyə Ərəbistanı Kralı Dünyanın ən böyük neft şirkəti "Aramco"nun səhmlərini satışa çıxaracaq. Şirkət səhmlərinin bazarda dəyərinin "Apple" kimi texnoloji nəhəngi 2 dəfə qabaqlayacağı gözlənilir.

ANS PRESS-in məlumatına görə, dünya ekspertləri "Aramco"nun birjada 1 trilyon dollarlıq dəyər qazanacağını bildirir. Özəlləşdirmə islahatı haqqında danışan şirkətin İcraçı Direktoru Xalid əl-Falih satışların yerli və ya xarici ola biləcəyini bildirərək rezervlərin satılmayacağını, lakin şirkətin rezervləri üzərindən gəlir əldə edilməsinə çalışdıqlarını bildirib.

Nəhəng neft şirkətinin 1 trilyon dollar dəyər qazanan ilk şirkət adını alacağı gözlənilir. "Aramco"nun Nyu-York birjalarında satışa çıxarılacağı bildirilir. Səudiyyə Ərəbistanının bu qərara gəlməsinə səbəb kimi neftin qiymətinin son 12 ilin ən aşağı səviyyəsinə düşməsi olub. Məhz qiymətlərin düşməsi səbəbindən bu ölkənin iqtisadiyyatına 2015-ci ildə 98 milyard dollar zərər dəyib.

Neft şirkətin səhmlərinin gələcək dəyəri ilə müqayisə edilən "Apple"ın isə bazar dəyəri 560 milyard dollara çatır. Ötən ilin fevralında "Apple" 710.7 milyard dollar dəyər səviyyəsinə çataraq rekord qırıb.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin oğlu, ölkənin iqtisadi məsələlər və inkişaf şurasının sədri Məhəmməd bin Salman da neftin qiymətlərinin aşağı düşdüyü bir zamanda, özəlləşdirmə islahatları çərçivəsində Səudiyyə Ərəbistanı iqtisadiyyatının uğur qazanacağı fikrindədir. Lakin o, şirkətin nə qədər hissəsinin özəlləşdirilməyə çıxarılacağını açıqlamayıb.İlk neft quyusunu 1935-ci ildə açan "Aramco" ümumilikdə 265 milyard barel neft ehtiyatına malikdir. Nəhəng neft şirkəti gün ərzində 10 milyon barel neft hasil edir. 2014-cü ildə neft ixracatından 285 milyard dollar gəlir əldə edən Səudiyyə Ərəbistanı neftin qiymətinin aşağı düşməsi ilə ciddi zərər çəkən ölkələrdəndir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00