“Huawei” fevralda özünün ilk kompüterini buraxacaq
27 Yanvar 2016 19:30 DünyaÇin istehsalçısı "Huawei" fevral ayında özünün ilk masaüstü kompüterini təqdim etmək niyyətindədir. İKT.lent.az-ın "vistanews.ru" saytına istinadən məlumata görə, şirkətin mütəxəssisləri fərdi kompüterin tərtibatını "İntel" şirkətinin mütəxəssisləri ilə birgə davam etdirirlər. Bu addım "Huawei" şirkətinin inkişafının vacib hissəsidir. Şirkət ticarət səviyyəsi və gəlirlərə görə ABŞ-ın "Apple" korporasiyasını geridə qoymağı planlaşdırır. Çin KİV-ləri bildirir ki, kompüterin təqdimatı fevralın 22-də Barselona şəhərində keçirilməsi nəzərdə tutulan "Mobile World Congress" mobil sənaye sərgisində baş tutacaq.
Qeyd edək ki, "Huawei" şirkəti Çinin nəhəng telekommunikasiya istehsalçısıdır. Şirkət 1987-ci ildə yaradılıb. Öz məhsullarından başqa, şirkətin zavodu "Google" kimi dünya brendləri üçün məhsul istehsal edir. Ötən il üçün şirkətin illik gəliri 45 milyard dolları keçib. Bildirilir ki, "Huawei" şirkətinin gəliri 2014-cü ilin göstəriciləri ilə müqayisədə 130 faiz artıb.