Türkiyə Rusiyaya daha bir şans verdi

Çavuşoğlu: "Ankara münasibətləri ağırlaşdırmağa çalışmır"

Türkiyə Rusiya ilə münasibətləri normallaşdırmaq niyyətində olduğunu bildirib. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər yayıb.

Qeyd olunur ki, bu məqsədlə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu istənilən vaxt rusiyalı həmkarı Sergey Lavrovla görüşməyə hazırdır. Türkiyə Xarici İşlər Nazirliyinin başçısı axırıncı dəfə dekabr ayında Belqradda Lavrovla bir saat ərzində söhbət etdiyini qeyd edib.

"Dostum Sergey Lavrovla yenidən görüşmək üçün heç bir problem yoxdur", - deyə Çavuşoğlunun müsahibəsindən "RİA Novosti" agentliyi sitat gətirib. O əlavə edib ki, Ankara münasibətləri ağırlaşdırmağa çalışmır. "Biz qəəssüflənirik ki, belə hadisə baş verib, çünki Rusiya bizim üçün əhəmiyyətli tərəfdaşdır", - deyə türk nazir bildirib.

Ötən gün Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı yeni sanksiyaların anonsunu verib. Bu barədə ölkə başçısı Stavropolda keçirilən regionlararası forumda bildirib.

Putin Rusiya inşaatçılarının türklərin yerinə təxminən 87 min iş yerini əvəz edə biləcəklərini qeyd edib. "Amma onların bu işə hazır olmaları lazımdır. Həm də hər şeydən əvvəl peşəkar nöqteyi-nəzərdən hazır olmalıdırlar. Yəni daha yaxşı işləməlidirlər", - deyə Putin əlavə edib.

Bu gün 300 türk şirkəti Rusiyada təxminən 50 milyard dollar məbləğində müqavilələr bağlayıb: "Biz qüvvədə olan müqavilələri dayandırmamağa qərar verdik, çünki bu yalnız türk hakimiyyətinin hərəkətlərinə cavab olmayacaq, həmçinin bizim özümüzə müəyyən zərər gətirə bilər. Amma türk podratçılarıyla yeni müqavilələr artıq olmayacaq".

Qeyd edək ki, Moskva və Ankara arasındakı münasibətlər ötən il noyabrın 24-də türk hava qüvvələrinin Rusiyaya məxsus Su-24 təyyarəsini vurduqdan sonra kəskinləşib. Türkiyə tərəfi Su-24 təyyarəsinin sərhədi pozduğuna görə vurulduğunu bəyan edib.

Rusiya tərəfi isə təyyarənin Suriya ərazisində vurulduğunu iddia edir. Nəticədə Putin noyabrın 28-də Türkiyəyə qarşı xüsusi iqtisadi sanksiyaların tətbiqi haqqında sərəncam imzalayıb. Sərəncama görə, 2016-cı il yanvarın 1-dən etibarən Türkiyədən Rusiyaya ixrac olunan tərəvəz, meyvə, dondurulmuş quş əti və duz idxalına qadağa qoyulub.Həmçinin 1 yanvar 2016-cı ildən Türk vətəndaşlarına Rusiyaya vizasız səyahət rejimi də ləğv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00