Məmur və general nə qədər "yeyib-dağıda" bilər?

Sən demə, hər şeyin ölçü vahidi olduğu kimi, məmur korrupsiyası və xüsusilə də ordu sıralarındakı şəxslərin dövlət əmlakını talamalarının həddi varmış. Ermənistanda belədir. Bu ölkədə məmurun və generalın, yaxud polkovnikin "həddini aşma" limiti var. O limitə qədər oğurluq, rüşvətxorluq, haramzadalıq, yalançılıq, ləyaqətsizlik bağışlanır. Amma vay o günə ki, hansısa məmur və ya generalın "arpası artıq düşə" - bax, onda prezident Serj Sarkisyan qəzəblənir, hakimiyyətdəki rejimin cəza mexanizmləri işə düşür, "quduran" məmur və ya general cəzalandırılır. Hətta həbs olunur. Belədə cəzalanan adamın əmlakı, yəni oğurladıqları və taladıqları müsadirə də edilir. Yerevanda çıxan "7 Or" qəzeti "Serj Sarkisyanın bəyaz imici" adlı məqalə dərc edib. Məqalədə Ermənistan prezidenti Serj Sarkisyanın "antikorrupsiya mübarizəsi" adlı saxtakarlığından və ikiüzlü siyasətindən bəhs olunur.

Müəllif yazır: "Ötən ilin sonunda Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi, generallarla görüşdə Serj Sarkisyan bərk qəzəblənmişdi. O, generallara demişdi: "Bəziləriniz həddini aşır".  Belə çıxır ki, orduda yeyib-talamaq olar, amma "qədərində, ölçüsündə". Sən demə, yeganə məsələ "Məmur və general nə qədər yeyib-dağıda bilər" sualına cavab aramaqdır. Hakimiyyətin müəyyənləşdirdiyi hədd aşılanda isə "Serjik" yaman qəzəblənir. Bundan başqa, ətrafındakı adamları, məhz özünün təyin etdiyi fiqurları tənqid etməklə, onlara barmaq silkələməklə Serj Sarkisyan xalqın nəzərində pozitiv imicə yiyələnmək istəyir. Amma onun heç bir şansı yoxdur. O şans qatarı çoxdan gedib və özü ilə də Ermənistandakı işsizlik, aclıq, ümidsizlik, yoxsulluqdan qurtulmaq üçün ölkəni tərk edən 300 min ermənini də aparıb.

Serj Sarkisyan həm də özü barədə "yaxşı çar" imici formalaşdırmaq arzusundadır. Yəni, sən demə, Sarkisyan "xalqın rifahının qeydinə qalır, vətəndaşların yaxşı yaşamasını, ölkənin inkişafını" istəyir, amma yaramaz, oğru və vicdansız məmurlar "mərhəmətli, vicdanlı" prezidentin göstərişlərini yerinə yetirmir, onu sabotaj edirlər.
Bu absurda, görəsən, Sarkisyanın özündən savayı inanan varmı?! Çətin.
Ermənistanda siyasi və iqtisadi həyat bütünlüklə Sarkisyanın nəzarətindədir. Məmurlar oğurluq edirsə, hərbçilər dövlət büdcəsini talayırlarsa, bütün bunlar bilavasitə Sarkisyanın hakimiyyətinin göstərişi, razılığı və kontrolu ilə həyata keçirilir.
Bunu hamı bilir. Serj Sarkisyan isə yalanlarına ara vermir, bizi nələrəsə inandırmağa çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00