Artıq ötən gündən İtaliyaya səfər edən İran nümayəndə heyətinin tərkibinə 120 nəfər daxildir ki, onlar arasında hökumət üzvləri və iri biznesmenlər də var. 


İran prezidentinin İtaliya səfəri

İran prezidenti Həsən Ruhani və İran nümayəndə heyətinin Avropa səfəri ötən gündən başlayıb. Bu, İran prezidentinin ölkəsinin üzərindən sanksiyalar götürüləndən sonra ilk səfəridir. Prezident İrana qarşı sanksiyaların götürülməsindən sonra Qərblə beynəlxalq əlaqələri bərpa etməyə çalışır. 

İran liderinin ilk səfər edəcəyi ölkələr İtaliya və Fransadır. Yanvarın 27-də isə Həsən Ruhaninin Parisdə ölkənin prezidenti Fransua Olland, eləcə də Fransanın investorları, iqtisadi müdirləri və böyük sənaye sahibləri ilə görüşəcəyi planlaşdırılır. 

Yanvarın 17-də ABŞ və Avropa Birliyi İranın nüvə proqramına görə tətbiq etdiyi sanksiyaları Tehran üzərindən götürüb. Bu barədə ABŞ dövlət katibi Con Kerri və Avropa Birliyinin (AB) xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini açıqlama verib.



Con Kerri və Federika Mogerini


Con Kerri bildirib ki, Birləşmiş Ştatlar prezidenti Barak Obama müvafiq fərman imzalayıb. Kerri bu bəyanatı MAQATE-nin nüvə sazişinin şərtlərinin implementasiyası üçün nəzərdə tutulan bütün tələblərin Tehran tərəfindən yerinə yetirildiyini təsdiq etməsindən sonra verib.

2015-ci il iyulun 14-də nüvə proqramı üzrə "altılıq"la İran yekun razılıq sənədi imzalayıb. Həmin sənədə əsasən, Tehran nüvə proqramını dinc məqsədlər üçün istifadə edəcək, qarşı tərəf isə bu şərti yerinə yetirdiyi halda beynəlxalq sanksiyaları aradan qaldıracaq.


"Altılıq" ölkələri