"İtirəcək artıq heç nəyim yoxdur: istəyirsiniz terrorçu olaq?!
25 Yanvar 2016 13:29 DünyaErmənistan prezidenti Serj Sarkisyanın ona şikayətlə üz tutmaq istəyən vətəndaşla davranışı ölkədə müzakirə olunur. "Tonus" açıq tipli səhmdar cəmiyyəti 2006-cı ildə Yerevanın Davidaşen səmtində çoxmərtəbəli yaşayış binanın inşasına başlamışdı. Hələ tikilməmiş binada mənzillər satılmışdı. Daha sonra evin inşası başa çatıb, amma problemlər başlanıb.Belə ki, ermənilər Dağlıq Qarabağda "rəsmi qeydiyyat"dan keçmiş "Arsaxbank"a mənzillərə görə pulları ödəyiblər. Amma bir qədər sonra "Tonus" iflasa uğradığını bəyan edib, binadakı mənzillərin hamısı da bankın hesabına keçirilib və bu maliyyə qurumunun mülkiyyəti sayılıb. Yaşayış binasında mənzillər hazır deyil, ciddi təmirə ehtiyacı var. Mənzilləri satın almış vətəndaşlar "Arsaxbank"da yeni problemlə qarşılaşıblar: bank onların hər birindən illər əvvəl satın aldıqları mənzilin 1 kvadrat metri üçün əlavə olaraq 450 dollar tələb edir. Ermənistan paytaxtında, Prezident Dəftərxanasının binası qarşısında etiraz aksiyası keçirən ermənilər isə illər əvvəl mənzillərin hər kvadrat metri üçün 225 dollar ödədiklərini deyirlər. Narazı sakinlər Yerevandakı Proşyan küçəsinə, S.Sarkisyanın və nazirlərin bağlarının olduğu məkana da yığışırlar.
Mənzil problemi ilə qarşılaşmış sakin səhər tezdən Sarkisyanın villasına gedən yolda Sarkisyanın gəlişini gözləyib. Nəhayət, Sarkisyan avtomobildən enərək sakinin nə səbəbə görə onu gözlədiyi ilə maraqlanıb. Bu zaman evini itirmiş vətəndaşla Serj Sarkisyan arasında mübahisə yaşanıb. Belə ki, Proşyan küçəsində mənzili itirən sakin S.Sarkisyana məhkəmə hakimlərinin fəaliyyətindən narazı olduğunu bildirib. S.Sarkisyan isə sakinin şikayətinin dinləmək əvəzinə onun danışmasına mane olub, hətta məhkəmə hakimi ilə bağlı məsələyə baxılmasının onun səlahiyyətləri xaricində olduğunu qeyd edib. Mübahisəni təqdim edirik:
Sakin: Bir saniyə, cənab prezident! Üçüncü dəfədir ki, mən sizə və prokurora kağız vermişəm. Prokuror rədd edib.
S.Sarkisyan: İndi nə istəyirsən? Mən hakim deyiləm, hakimin əvəzinə nə deyə bilərəm? Konstitusiya dəyişəcək, onda hakim də işləyəcək".
Sakin: Siz özünüz dəyişin. Bizim ailənin yarısı qaçıb. Mən nə edim?! İstəyirsiz terrorist olaq?! Əgər belə danışırsızsa, mənim itirəcək heç nəyim yoxdu. Ay prezident, siz özünüzü dəyişin, Konsitusiyanı yox!
Sarkisyan prezident postunu itirməmək üçün iclaslarda pafoslu çıxışlar etməsinə baxmayaraq görünür, prezidentlik səlahiyyətlərini unudub. O, nəinki prezidentlik səlahiyyətlərindən, həm də ölkə Konstitusiyasının maddələrindən də xəbərsizdir.
Konstitusiyadan bixəbər olan Sarkisyana öz səlahiyyətlərinə nə daxil olduğunu qısa da olsa yadına salmaq yerinə düşərdi. Belə ki, Ermənistan Konstitusiyasının 49-cu maddəsində göstərilir ki, prezident məhkəmənin normal fəaliyyətini təmin etməlidir. 55-ci maddə 11-ci bəndinə əsasən, prezidentin məhkəmə sədrlərini təyin etmək hüququ var.
Sarkisyanın öz vətəndaşına qarşı bu davranışı bir daha sübut etdi ki, o, prezidentlik səlahiyyətlərindən sui-istifadə edərək, erməni xalqının maraqlarını yox, öz mənafeyini güdür.