ABŞ hərbi planını təxirə saldı
22 Yanvar 2016 14:31 Dünya"İŞİD terror qruplaşmasının təsirinin geniş ərazilərə yayılması və "dirilən Rusiya" ABŞ-ı "A-10 Thunderbolt" (Warthog) qırıcıları ilə bağlı planlarını təkrar gözdən keçirməyə vadar edib". Publika.az bildirir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin qərargah başçısının birinci müavini Devid Qoldfeyn "Defense News" nəşrinə bildirib.
"A-10 Thunderbolt" qırıcılarının istismardan çıxarılması 2015-ci maliyyə ilinin büdcə layihəsində yer almışdı. Qoldfeynin sözlərinə görə, plan İŞİD-in beynəlxalq miqyasda təhlükə təşkil etməsinə və Rusiyanın Şimali Avropada təcavüzkar hərəkətlərinə qədər hazırlanıb.
"Biz ümumiyyətlə Əfqanıstandan çıxırdıq. İŞİD təhlükəsi və dirilən Rusiya yox idi", - o, vurğulayıb.
Qırıcıların istismardan çıxarılmasının qeyri-müəyyən müddətə qədər təxirə salınması təklifinin 2017-ci maliyyə ilinin büdcə layihəsinə daxil ediləcəyi gözlənilir.
"Biz gələcəyə, potensial problemlərə, qlobal təhlükələrə baxırıq. Bu məsələdə düzgün balansı tapmaq lazımdır", - Qoldfeyn deyib.
General qeyd edib ki, "A-10 Thunderbolt" qırıcıları Suriya və İraqda quru əməliyyatlarına dəstək zamanı özlərini yaxşı göstəriblər. ABŞ onları həmçinin Avropada yerləşdirmək istəyib. Ötən ilin sentyabrında ABŞ Müdafiə Nazirliyi qitəyə 12 qırıcını göndərmək istədiklərini açıqlayıb. Bu qırıcılara 300 hərbi qulluqçu xidmət edəcək.
Qeyd edək ki, "A-10 Thunderbolt" tanklar, zirehli avtomobillər və digər yerüstü hədəflərin məhv edilməsi üçün hazırlanmış təyyarədir. Təyyarənin birinci uçuşu 1972-ci ildə olub və silahlanmaya beş il sonra qəbul edilib. Qırıcıların seriyalı istehsalı 1984-cü ildə dayandırılıb. Ümumilikdə, 715 "A-10 Thunderbolt" istehsal edilib.
Qırıcıların istismardan çıxarılması barədə plan daha əvvəllər ABŞ Konqresində sərt tənqidlərə məruz qalıb. Qanunvericilərin fikrincə, çoxməqsədli döyüş təyyarələri kiçik hündürlükdən hədəfləri vuran "A-10 Thunderbolt"ləri lazımınca əvəz edə bilməyəcək.