Rusiyaya daha bir zərbə Qırğızıstandan gəldi

Qırğızıstan parlamenti Rusiya ilə bu ölkə arasında mövcud olan enerji sahəsindəki əməkdaşlıq müqaviləsini birtərəfli şəkildə ləğv edib. Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Qırğızıstanın baş naziri Temir Sariyev hökumətinin hazırladığı və Rusiya maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün bu ölkə ilə enerji sahəsindəki əməkdaşlığın ləğvini tələb edən qərar layihəsi millət vəkili Nurbek Alimbekov tərəfindən parlamentə təqdim olunub. Qırğızıstan parlamenti sözügedən məsələni müzakirəyə çıxararaq qəbul edib. Qərara əsasən, Rusiya Qırğızıstanın şimalındakı Narın çayı üzərində inşa edilən su anbarı və su elektrik stansiyasının inşası işindən uzaqlaşdırılır. Çünki 2012-ci ildə iki ölkə arasında imzalanan müqaviləyə əsasən, Rusiya hökuməti Qırğızıstandakı "Kambar-Ata-1" Su Elektrik Stansiyasının tikintisi işinə 2 milyard dollar məbləğində investisiya qoymağa söz versə də, indiyədək bu vəsait hələ də verilməyib. Rusiya tərəfi isə bunu maliyyə çətinlikləri ilə əsaslandırır. Qırğızıstan parlamenti sözügedən qanun layihəsini təsdiqlənməsi üçün prezident Almazbek Atambayevə göndərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00