İŞİD yeni "xilafət" yaradır
21 Yanvar 2016 11:57 DünyaABŞ prezidenti Barak Obama administrasiyası Müdafiə Nazirliyinə (Pentaqon) Əfqanıstanda İŞİD terror qruplaşmasının mövqelərini bombalamağa icazə verib. Publika.az bildirir ki, bu barədə Pentaqondakı mənbələrə istinadən "The Washington Post" nəşri yazıb. Nəşrin mənbəyi bildirib ki, İŞİD-ə qarşı mübarizə aparılacaq ərazinin genişləndirilməsi haqqında məsələ keçən həftə ortaya çıxıb. Qeyd edilir ki, ABŞ Hərbi Hava Qüvvələri daha əvvəl yalnız üç halda Əfqanıstanda ekstremistlərə aviazərbələr endirə bilərdi: xarici güclərin müdafiəsi, əfqan hərbçilərinə yardım və "Əl-Qaidə" terror təşkilatı ilə mübarizə üçün. Nəşrin məlumatına görə, hazırda Taliban qruplaşması və İŞİD Əfqanıstanda bir-birinə, həm də hökumət qoşunlarına qarşı dururlar. Dekabrın 6-da verilən məlumata görə, İŞİD-ə sədaqət andı içən təxminən 1,6 min döyüşçü Əfqanıstanın dörd şərq əyalətini tutub. Bildirilir ki, terrorçuların hədəfi Pakistanla sərhəddə "xilafət"in yaradılmasıdır. İŞİD-in müvəffəqiyyətli irəliləyişi Böyük Britaniya və Amerika qoşunlarının çıxarılması, həmçinin Talibanın daxilindəki parçalanma ilə izah edilir.