Bu ölkə 2019-cu ilədək 127 min qaçqın qəbul edəcək

Avstriya qaçqınların qəbulunda nəzarəti gücləndirmək və ölkəyə daxil olan qaçqınların illik sayını nizamlamaq niyyətindədir. Bu məqsədlə koalisiyalı hökumət federal əyalət rəhbərləri ilə keçirilən zirvə toplantısında ən yuxarı hədd olaraq illik qaçqın qəbulunu 37,5 min nəfərlə məhdudlaşdırmaq barədə qərar qəbul edib. 2019-cu ilədək qəbul ediləcək qaçqınların ümumi sayı 127,5 min nəfəri keçməməlidir.

Avstriyanın federal kansleri Verner Faymann bu qərarı "son çıxış yolu" və "B planı" adlandırıb və nəhayət ki, Avropa İttifaqını hərəkətə gətirəcəyinə ümid ifadə edib. O bildirib ki, 2015-ci ildə 90 min qaçqın qəbul edən Avstriya öz imkanlarının son həddinə çatıb.

Vitse-kansler Mitterlener də kiçik ölkə olan Avstriyanın yüksək sayda qaçqın axınını qəbul etmək imkanında olmadığını bildirib və hazırkı gedişatı "dinamik-dramatik" inkişaf adlandırıb: "Bizim sistemimiz yüksək həddə qaçqın axınının öhdəsində gəlmək iqtidarında deyil". Bu məqsədlə də ölkə sərhədlərində nəzarət və qeydiyyat imkanlarını özündə ehtiva edən "sərhəd menecmenti" həyata keçiriləcək və həmin sistem sayəsində, lazım gəldiyi halda, qaçqın statusu olmayan şəxslər geri göndəriləcək.
Qərara əsasən, 2019-cu ilədək qəbul edilməsi nəzərdə tutulan qaçqınların ümumi sayı ölkə əhalisinin 1,5 faizinə bərabər olacaq.
Hələ qərar qəbul olunmamışdan əvvəl hüquq ekspertləri elan ediblər ki, Avropa hüququ və beynəlxalq konvensiyalarla ziddiyyət təşkil edən qərarın icrası problemlər yaradacaq və ölkənin nüfuzuna xələl gətirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00